“İnsan İnkişafı İndeksi”ndə bir pillə geriləmişik; Təhsilin keyfiyyəti 50, səhiyyəninki 34 faiz…
BMT 187 ölkəni və ərazini əhatə edən “İnsan İnkişafı İndeksi 2014″ hesabatını yayıb. Azərbaycan hesabatda 76-cı yerdə qərarlaşıb. Hesabatda ölkəmizin indeks üzrə ötən ilə nisbətən bir pillə gerilədiyi əks olunub.
Qeyd edək ki, dünyada insan inkişafına görə 1-ci yerdə Norveç, 2-ci yerdə Avstraliya, 3-cü yerdə isə Isveçrə gəlir.
Hesabat hər bir ölkədə insanların gəlirləri, təhsili, səhiyyə və sosial müdafiənin vəziyyəti kimi amillər əsasında hazırlanıb. Hesabata görə, dünyada 2,2 milyard adam ya kasıb, ya da kasıblığa yaxın həddədir. 1,2 milyard adam gündə 1,25 dollardan az pul qazanır.
Hesabat müəllifləri bildirir ki, dünyanın ən vacib vəzifəsi kasıblığı azaltmaq və insanların kasıblamasının qarşısını almaqdır. Onlar ölkələri tam məşğulluğa nail olmağa çağırır.
BMT ekspertləri Azərbaycanda təhsil və səhiyyənin keyfiyyətinin qaneedicilik səviyyəsini də müəyyənləşdiriblər. “Trend”in BMT Inkişaf Proqramının saytına istinadən yaydığı məlumata görə, Azərbaycanda 2012-ci ildə təhsilin keyfiyyəti 50 faiz qaneedici hesab edilib.
2008-2012-ci illərdə səhiyyənin keyfiyyəti 34 faiz, 2007-2013-cü illərdə həyat standartı isə 49 faiz qaneedici sayılıb.
Hesabata görə, 2008-2012-ci illərdə 5 ayına qədər yalnız ana südü qəbul edən körpələrin sayı cəmi 12 faiz təşkil edib.
Azərbaycanda 2012-ci ildə qızılcaya qarşı immunizasiya proqramından kənarda qalan 1 yaşlı körpələrin göstəricisi 34, difteriya, tetanus və göyöskürəyə qarşı immunizasiya proqramından kənarda qalan 1 yaşadək körpələrin göstəricisi isə 19 faiz olub.
Azərbaycanda 2000-2005-ci illərdə qadınlar arasında fertillik səviyyəsi üzrə hər qadın üçün 2 doğuş qeydə alınıb. 2010-2015-ci illər üzrə isə fertillik səviyyəsi 1,9 doğuş müəyyən edilib.
Hesabata əsasən, Azərbaycanda 2010-2015-ci illər üçün oğlan və qız uşaqlarının doğum nisbəti 1,15 müəyyən edilib.
Azərbaycanda qadınlar üçün 2013-cü ildə ömür uzunluğu 73,9, kişilər üçün isə 67,6 il olub.
Azərbaycanda orta hesabla adambaşına düşən ümumi gəlir qadınlar üçün 10,968, kişilər üçün isə 17,813 dollardır.
Dünya ölkələrində insan yaşayışı səviyyəsinin qiymətləndirilməsi baxımından aparıcı beynəlxalq meyar hesab edilən insan inkişafı indeksi müəyyənləşdirilərkən insanların orta ömür uzunluğu, savadlılıq dərəcəsi, səhiyyə, təhsil almaq imkanı, adambaşına düşən ÜDM və digər amillər nəzərə alınır.
Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu deyir ki, beynəlxalq hesabat Azərbaycandakı təhsilin səviyyəsini bir qədər şişirdib. Ekspert müəyyən etdiyi parametrlərə əsaslanaraq hesab edir ki, ölkəmizdə təhsilin səviyyəsi 35 faiz həddindədir: “Azərbaycan təhsilinin inkişafı 50 faiz qaneedici ola bilməz. Müəyyən sahələr inkişaf edə bilər, amma təhsilin əsas prioritet hesab edildiyi sahələr qaneedici deyil. Təhsilin texnologiyalarla, kompüterlə bağlı olan sahələri inkişaf etməyib. Mən təhsilin inkişafının 50 faiz qaneedici olması fikrilə razılaşmıram”.
Səhiyyə sahəsi üzrə ekspert Rasif Bağırov da deyir ki, neftdən gələn gəlirlər hesabına Azərbaycanda bəzi inkişaf prosesləri gedir. Ekspertin sözlərinə görə, müəyyən səhiyyə obyektlərinin tikintisi, kadrların xaricdə təhsil alması və digər məsələləri misal kimi göstərmək olar. Amma ümumilikdə səhiyyənin sistemli inkişafı yoxdur: “Ölkədə bu qədər səhiyyə kadrları hazırlandığı halda, xaricdən gətirilən həkimlərin burada yerləşdirilməsi yerli kadrların fəaliyyətini sıradan çıxarır. Yerli həkimlərə qarşı aparılan təbliğat nəticəsində xalq əcnəbi həkimlərə daha çox etibar edir. Bu cür məsələlər milli səhiyyənin inkişaf prosesinə kifayət qədər ziyan vurur”.
Ekspert vurğulayır ki, səhiyyənin inkişafını yeni və müasir klinikalar, avadanlıqlar alınmasıyla bərabər, insan faktoruyla da uzlaşdırmaqla stimullaşdırmaq vacibdir.
Nigar