Rusiyanın xarici işlər naziri Qarabağ blefini ifşa etdi
Hökumətin bir qanadına məxsus «Jalə mediası» yeni provakasiyalara əl atdı
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri köhnə gündəmə yeni rəng qatdı. Ilham Əliyevin çətin vəziyyətlərindən biri də bu görüş idi. Bütün gözlər Lavrovun Qarabağ və Avrasiya Ittifaqına dair verəcəyi bəyanatlara dikilmşdi. Azərbaycan hökuməti hesab edirdi ki, Rusiya rəsmi Bakını yerli ictimai rəydə biabır olmaqdan xilas etmək üçün son günlərdə ortaya atılmış “altı rayon alınır” nəzəriyyəsinə dəstək verəcək.
Rusiya isə “əldəki sərçə damdakı göyərçindən faydalıdır” prinsipi ilə hərəkət edərək, Ittifaqa qoşulmağa hazır Ermənistanı saxlayıb bu barədə açıq danışa bilməyən Azərbaycan hökumətinin ayağı altına daş qoymadı: “Avrasiya Ittifaqının Dağlıq Qarabağ münaqişəsinə heç bir aidiyyəti yoxdur. Avrasiya Ittifaqını Rusiya, Qazaxıstan və Belarus yaradıb. Yaxın vaxtlarda Ermənistan da bura qoşulacaq. Qarabağ beynəlxalq danışıqların predmetidir. Bu münaqişə beynəlxalq prinsiplər əsasında həll olunmalıdır. Ermənistan isə bəyan edib ki, Ümumdünya Ticarət Təşkilatına beynəlxalq səviyyədə qəbul olunmuş sərhədlər çərçivəsində qəbul olunub. Ermənistan Avrasiya Ittifaqına da BMT-də qəbul olunmuş sərhədlər çərçivəsində qəbul ediləcək”.
Beləcə, Rusiya Azərbaycan hökumətinin “Qarabağın açarı Rusiyadadır”, yaxud da “Rusiya Ermənistana Qarabağdan çıxmaq üçün təzyiq göstərəcək, Azərbaycana kömək edəcək” kimi tezislərinin üstündən xətt çəkdi. Beləliklə, Rusiya bu istiqamətdə qoyulan mayanı batırdı.
Avrasiya İttifaqı – ziddiyyətsiz fərqlilik
Rusiya Azərbaycanın Avrasiya Ittifaqına qoşulub qoşulmayacağı məsələsində çox yumşaq fikir bildirib. Daha doğrusu, demək istəyib ki, “gəlsəniz, sizə yaxşı olar”. Bunu həm də hədə kimi başa düşmək olar: “Azərbaycanın Avrasiya Ittifaqına dəvət edilməsilə bağlı heç bir formal və ya rəsmi təklif olmayıb. Iki ölkənin rəhbər şəxslərinin görüşlərində bu məsələ müzakirə olunur. Avrasiya Ittifaqı tərəfdaşlarımızın üzünə açıqdır. Azərbaycanın, eləcə də hər hansı ölkənin Avrasiya Ittifaqına daxil olmasına müsbət yanaşardıq”.
Bu bəyanatın verildiyi ərəfədə Rusiyanın başqa bir nazir müavini maraqlı bəyanat verib. ITAR-TASS xəbər agentliyinin verdiyi məlumata görə, Rusiyanın regional inkişaf naziri Iqor Slyunyayev deyib ki, Avrasiya Iqtisadi Ittifaqı yalnız iqtisadi deyil, həm də strateji layihədir: “Buna görə də Azərbaycanın Avrasiya Iqtisadi Ittifaqı və Gömrük Şurasına birləşməsi tamamilə real perspektivdir. Mən hadisələrinÿbu istiqamətdə inkişafını istisna etməzdim”.
İlham Əliyevin maraqlı minnətdarlığı
İlham Əliyev Lavrovla görüşdə Rusiya prezidenti Vladimir Putinin ölkəmizə ötənilki səfərinin münasibətlərimizin inkişafına təkan verdiyini qeyd edib. O, həmin səfər zamanı aparılan danışıqlar və fikir mübadiləsinin əməkdaşlığımızın sonrakı inkişafı baxımından çox səmərəli olduğunu bildirib. Bu isə o deməkdir ki, Helsinki dinləmələrində ortaya qoyulan təsbit növbəti dəfə təsdiqlənir. Yəni, Ilham Əliyev də etiraf edib ki, prezident seçkiləri ərəfəsində – çətin durumunda Putin ona dəstək olub.
Ilham Əliyev həm də maraqlı təşəkkür edib. O, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlüyə namizəd olarkən Rusiyadan dəstək gəldiyi üçün Putinə minnətdarlıq edib. Maraqlı tərəfi odur ki, bu, çox uzaq bir hadisədir, görünür Ilham Əliyev Putinin indiki təkliflərinə “hə” deyə bilmədiyi üçün bu şükranlığa ehtiyac duyub.
“Jalə mediası”nın geopolitikası
Lavrovun Azərbaycan rəhbərliyilə görüşlər keçirdiyi günün maraqlı olaylarından biri də budur ki, Azərbaycanda şərti adla “Jalə mediası” adlanan (Kəmaləddin Heydərova yaxın olduğu iddia edilən) saytlarda müxtəlif üsullarla bir xəbər yazılırdı. Guya, Lavrov qeyri-rəsmi şəkildə Azərbaycan rəhbərliyinə deyib ki, müharibə edin, ermənilər müqavimət göstərməyəcək. Bunun arxasında nəyin durduğunu izah etmək bu gün üçün çətin olsa da, hər halda aydındır ki, hakimiyyət daxilində bu məsələyə münasibətdə ciddi bir haçalanma var. Təfərrüatları növbəti yazılarımızda təqdim edəcəyik. Indi isə görünən odur ki, Ilham Əliyevi yaxın ətrafı ilə sınağa çəkirlər.
Bunu Rusiya edirmi? Cavab vermək çətindir, amma Rusiyaya münasibətdə edildiyi çox aydındır.
Seymur Həzi