“Məhkəmə” adlı tamaşa sübut etdi ki…”; AXCP Gənclər Komitəsi tədbir keçirib, ictimaiyyətə səsləndi FOTO
Gənc fəallar təcridxanada müddətsiz aclıq aksiyasına başladı
“NIDA” Vətəndaş Hərəkatının səkkiz fəalı – Zaur Qurbanlı, Rəşadət Axundov, Rəşad Həsənov, Ilkin Rüstəmzadə, Üzeyir Məmmədli, Məmməd Əzizov, Bəxtiyar Quliyev və Şahin Novruzlunun məhkəməsi yekunlaşmaq üzrədir.
Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin oktyabrından davam edən prosesdə dünən məhkəmə istintaqı yekunlaşıb və prokuror çıxış edərək, gənc fəallara 6 il yarımdan 8 il yarıma qədər azadlıqdan məhrumetmə cəzası istəyib. Amma bundan əvvəl hakim Cavid Hüseynov bir sıra sənədləri elan edib.
Məhkəmə iştirakçılarının diqqətinə çatdırılan ilk sənəd Şahin Novruzlu barədə ekspert rəyi olub. Qeyd edək ki, ekspertiza məhkəmə prosesinin gedişində Şahinin vəkili Nemət Kərimlinin vəsatəti əsasında təyin olunmuşdu. Çünki Şahin məhkəmədə ifadəsində bildirmişdi ki, MTN-də işgəncələr nəticəsində dişlərini itirib. Vəkil də bu məsələ ilə əlaqədar ekspertiza təyin olunmasını istəmişdi.
Hakimin elan etdiyi rəydən məlum oldu ki, ekspertiza Bakı Istintaq Təcridxanasında keçirilib. Ekspert rəy verib ki, Şahinin dişləri karieslə əlaqədar itirilib, onda hər hansı zorakılıq əlamətləri yoxdur.
Rəy elan olunandan sonra Şahin vəkilinin sualına cavab olaraq bildirib ki, ekspertiza təcridxananın görüş otağında keçirilib. Ekspert cəmi 10 saniyəyə, heç bir alətdən istifadə etmədən, onun ağzına baxış keçirməklə rəy verib.
Məhkəmə prosesinin gedişində Şahin Novruzlu MTN-də dindirilərkən onun atası Ibrahim Novruzlunun bu dindirmələrdə iştirak edib-etmədiyini müəyyənləşdirmək məqsədilə MTN-in qeydiyyat kitabından çıxarışların alınması haqda da vəsatət verilmişdi. Məsələ burasındadır ki, müstəntiq iş materiallarında Şahin Novruzlu yetkinlik yaşına çatmadığından dindirmələrdə onun atasının da iştirak etdiyini göstərib. Lakin Ibrahim Novruzlu məhkəmədəki ifadələrində ümumiyyətlə heç vaxt MTN-də olmadığını demişdi.
Hakim bildirib ki, bu vəsatət əsasında MTN-ə göndərilmiş sorğuya cavab verilib. Cavabda Ibrahim Novruzlunun oğlu orada saxlanılarkən MTN-nin binasına girib-çıxdığı göstərilib.
MTN-nin bu cavabına məhkəmədə iştirak edən Ibrahim Novruzlu etiraz edərək, yazılanların həqiqətə uyğun olmadığını bildirib. Vəkil Nemət Kərimli isə yada salıb ki, onlar məlumatın daha mötəbər olması üçün vəsatətdə qeydiyyat kitabından çıxarış alınması məsələsini qoymuşdular və yenə də bu məsələdə israrlıdılar. Lakin hakim vəsatəti təmin etməyib. Deyib ki, məhkəmə ifadələrə, sənədlərə sonda müqayisəli şəkildə qiymət verəcək.
Bundan sonra hakim Cavid Hüseynov məhkəmə istintaqının yekunlaşmasını təklif edib. Tərəflərdən nə prokuror, nə təqsirləndirilən şəxslər, nə də onların vəkilləri məhkəmə istintaqının yekunlaşmasına etiraz etməyiblər.
Prosessual qaydalara görə, əvvəlcə dövlət ittihamçısı çıxış etməlidir. Prokuror Nemət Əvəzov hakimin sorğusuna cavab olaraq bildirib ki, çıxışa hazırdır. Çıxışında isə bildirib ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlar məhkəmə istintaqı zamanı sübuta yetirilib. Gənc fəallardan Şahin Novruzlunun cinayət törədərkən yetkinlik yaşına çatmaması, Rəşadət Axundovun isə himayəsində 1 azyaşlı övladının olmasını yüngülləşdirici hal kimi dəyərləndirən prokuror digər təqsirləndirilənlərdə yüngülləşdirici və ya ağırlaşdırıcı hal müəyyən edilmədiyini bildirib. O, təqsirləndirilən şəxslərə veriləcək cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini təklif edib. Dövlət ittihamçısı Rəşadət Axundov, Ilkin Rüstəmzadə və Zaur Qurbanlıya 8 il 6 ay, Rəşad Həsənov, Bəxtiyar Quliyev və Məmməd Əzizova 8 il, Üzeyir Məmmədliyə 7 il 6 ay, Şahin Novruzluya 6 il 6 ay azadlıqdan məhrumetmə cəzası istəyib.
Prokurorun çıxışından sonra gənc fəallardan Rəşad Həsənov məhkəməyə müraciət edərək, replika hüququndan yararlanmaq istədiyini deyib. Bildirib ki, çox qısa vaxtda vacib bir arayışı məhkəmənin diqqətinə çatdırmaq istəyir. Lakin məhkəmə bu mərhələdə onların replika hüququnun olmadığını deyərək, iclasın yekunlaşdığını elan edib və zaldan çıxıb gedib. Buna baxmayaraq, Rəşad Həsənov məhkəmənin diqqətinə çatdırmaq istədiyi məlumatı səsləndirib. Bəyan edib ki, onların səkkizi də bu gündən etibarən müddətsiz aclıq aksiyasına başlayırlar: “2013-cü il 7 mart tarixindən ”NIDA” Vətəndaş Hərəkatına qarşı başlanmış repressiyalar nəticəsində hələ də məşhur “NIDA işi” üzrə 8 nəfər olaraq, həbsdəyik. 7 aylıq ibtidai istintaq zamanı bir neçə saatlıq dindirilməyimiz və yumoristik “məhkəmə” adlı tamaşamız sübut etdi ki, biz siyasi sifarişlə, qanuni haqlarımızı həyata keçirdiyimizə görə həbsdə saxlanılırıq. Yarım illik məhkəmə prosesi zamanı vəsatətlərimizin əsassız olaraq rədd edilməsi, sübut sayıla bilməyən ifadələrin, əşyaların sübut hesab edilməsi göstərir ki, bizə qarşı ağır ittiham hökmü hazırlanır. Bu gün dövlət ittihamçısının 6 il 6 aydan 8 il 6 aya qədər azadlıqdan məhrumetmə tələbi də bunun təsdiqidir. Bu siyasi ayrı-seçkiliyə və repressiyaya etiraz olaraq, biz azad edilməyimiz tələbilə bu gündən aclıq aksiyasına başlayırıq. Məsələyə daha realist yanaşsaq, hesab edirik ki, 1 ildən çoxdur davam edən prosesin sifarişli şou olduğunu hakimiyyət etiraf etməz və nəticədə bizə bəraət hüququ verməz. Ona görə də hakimiyyətə siyasi iradə nümayiş etdirərək, hər hansı vasitə ilə bizi həbsdən buraxmağı təklif edirik. Məqsədimiz “NIDA”nın əzəli vasitəsi olan dinc yollarla azadlığa nail olmaqdır. Bütün mümkün zərərləri nəzərə almışıq. Iradəli və möhkəmik. Inanırıq ki, azadlığımıza qovuşacağıq!”
Məhkəmə prosesi aprelin 22-də müdafiəçilərin çıxışı ilə davam edəcək.
Aytən Məmmədova
***
Dünən prokuror məhkəmədə NİDA-çı gənclərə ağır həbs cəzaları istədiyi dəqiqələrdə Reportyorların Azadlıq və Təhlükəsizliyi Institutunun ofisində də onların müdafiəsi naminə dəyirmi masa keçirilib. Dəyirmi masanı AXCP Gənclər Komitəsi siyasi məhbusların azadlığa buraxılması tələbilə son günlər həyata keçirdiyi kampaniya çərçivəsində təşkil edib. Tədbir həbsdəki NİDA-çı gənclərə həsr olunsa da, müzakirə ümumiyyətlə siyasi məhbusların müdafiəsilə bağlı aparılıb. Tədbirdə hüquq müdafiəçiləri, gənc fəallar, siyasi partiya təmsilçiləri iştirak edib. Onlar çıxış edərək, müxtəlif təkliflər səsləndiriblər.
“Azərbaycanda heç kim şər-böhtandan sığortalanmayıb”
Tədbirin aparıcısı olan AXCP Gənclər Komitəsinin sədri Ilham Hüseyn əvvəlcə cəbhəçi gənclərin sosial şəbəkələrdə başlatdığı və böyük səs-küy doğuran “Azad et” kampaniyası haqda danışıb: “Aprelin 14-dən kampaniyaya başlamışıq. Bu kampaniyamız ”Twitter” və “Facebook”da trendə çevrildi. Biz bu kampaniya ilə siyasi motivlərlə həbs olunmuş insanların azadlığını tələb edirik. Biz bu məsələnin gündəmdən çıxmaması üçün çalışırıq. NIDA-çı gənclərin, Pərviz Həşimlinin, eləcə də digər siyasi motivli məhkəmələrdə görürük ki, insanları şərləyərək həbs edirlər və bu prosesi adiləşdirməyə çalışırlar. Amma məhkəmələrdə gənclərin ifadələrindən görünür ki, onları haqsız yerə həbs etməklə hirsləri soyumayıb, həbsdən sonra da gənclərə qarşı işgəncələr olub. Onlardan bir-birinin əleyhinə, ABŞ-ın Mərkəzi Kəşfiyyat Idarəsinə qarşı ifadə almaq məqsədilə ən müxtəlif üsullara əl atılıb. Hətta Pərviz Həşimli bundan öncəki məhkəmədə bildirdi ki, prokurorun gözü qarşısında onu MTN əməkdaşları döyüblər. Elə bir vəziyyət yaranıb ki, vətəndaşın özünə sığınacaq tapacağı bir qurum qalmayıb. Məhkəmə proseslərindən görünür ki, hakimiyyət bu gəncləri cəzalandırmaqda qərarlıdır. Biz də fikirləşdik ki, ölkə səviyyəsində bir kampaniyaya başlayaq, bəlkə bu hakimiyyət azacıq utanar”.
Ilham Hüseyn onu da qeyd edib ki, cəmiyyətdə siyasi mövqeyindən asılı olmayaraq, hər kəs bu kampaniyaya dəstək verməlidir. Çünki Azərbaycanda heç kim bu cür haqsızlıqlardan, şər-böhtandan sığortalanmayıb.
“Azərbaycanlılar necə razı olur ki, Rəşadət Axundov bir ildir övladının üzünü görə bilmir?!”
AXCP sədrinin müavini Əbülfəz Qurbanlı da çıxışında cəbhəçi gənclərin başlatdığı kampaniyanın əhəmiyyətindən danışıb: “Məqsədimiz siyasi məhbusların müdafiəsi, onların maksimum tez bir zamanda azadlığa çıxmasına nail olmaq, onların hər hansı fiziki, mənəvi işgəncə və repressiyalarla üz-üzə qalmasına imkan verməməkdir”.
Əbülfəz Qurbanlı bildirib ki, kampaniya çərçivəsində bir neçə hədəf qrupuna mesajlar var: “Bizim ali məqsədimiz bu ölkədə köklü dəyişikliklərə nail olmaqdır. Amma Azərbaycan hökuməti də görür ki, hər il Azərbaycanda gənclər ayaqlanır, təşkilatlanır və bunun qarşısını almaq üçün qondarma ittihamlarla bu şəxsləri həbs edir. Bizim birinci hədəf qrupumuz beynəlxalq ictimaiyyətdir. O beynəlxalq ictimaiyyət ki, Azərbaycan hökuməti onların qarşısında öhdəlik götürüb. Beynəlxalq təşkilatlar Azərbaycanda bu qədər siyasi məhbus olmasında təkcə təəssüf hissi, narahatlıq keçirməklə kifayətlənməməlidir, onların fəaliyyətləri yalnız bəyanatlardan ibarət olmamalıdır. Azərbaycan hökumətinə təzyiq olmalıdır ki, siyasi məhbuslarla bağlı məsələyə son versin. Ikinci hədəfimiz Azərbaycan xalqıdır. Azərbaycanlılar başa düşməlidir ki, bu gün həbsdə olan Anar Məmmədli təkcə öz səsinin qorunması üçün mübarizə aparmayıb, bütövlükdə Azərbaycan vətəndaşlarının seçim azadlığına hörmət olunması üçün seçki müşahidə missiyasına rəhbərlik edib. Hər kəs anlamalıdır ki, Anar Məmmədlini müdafiə etmək vətəndaş kimi, onun borcudur. Azərbaycanlılar öz övladlarını çox sevirlər, bəs necə razı olurlar ki, Rəşadət Axundov bir ildir övladının üzünü görə bilmir?! Ona görə də bu məsələdə hamımız bərabər hərəkət etməliyik”.
“Xarici ölkələrə məktub yazıb demək lazımdır ki…”
Sülh və Demokratiya Institutunun rəhbəri Leyla Yunus isə siyasi məhbuslarla bağlı son hesabatı açıqlayıb və ardınca gənclərə üz tutaraq, təkliflərini səsləndirib: “O vaxt Heydər Əliyev əli silahlı OMON-çuları həbs edirdisə, indi Ilham Əliyev sosial şəbəkələrdə onu tənqid edən gəncləri həbs edir. Əgər siz gənclərin sosial şəbəkələrdə yazdığınız bir cümlədən qorxurlarsa, minini yazın. Mən özüm də sizə hər cür dəstəyi göstərməyə hazıram. 2015-ci ildə Olimpiya Oyunlarını Azərbaycanda keçirmək planlaşdırılır. Bununla bağlı da kampaniya keçirmək lazımdır. Xarici ölkələrə məktublar göndərmək, imza kampaniyaları təşkil etmək lazımdır. Biz onlara çatdırmalıyıq ki, bu qədər siyasi məhbusu olan ölkədə niyə Olimpiya yarışlarına qatılmaq istəyirsiz? ”Eurovision” mahnı yarışması zamanı həyata keçirdiyimiz kampaniyalara bənzər addımları bu dəfə də atmalıyıq”.
“Aclığı həbsdəkilər yox, azadlıqda olanlar keçirsin”
Hüquqşünas Əliabbas Rüstəmov çıxışında həbsdə olan NIDA-çı gənclərin dünəndən etibarən aclıq aksiyası keçirməsinə toxunub. O, tədbirdə iştirak edən NIDA-çılardan xahiş edib ki, həbsdə olan silahdaşlarını aclığı dayandırmaq üçün yola gətirməyə çalışsınlar: “Hesab edirəm ki, həbsdəkilərin yox, azadlıqda olanların aclıq aksiyası keçirməsi daha məqsədəuyğundur”.
“NIDA” Vətəndaş Hərəkatının üzvü Turqut Qəmbər həbsdəki 8 fəalın bəyanatını tədbir iştirakçılarına çatdırıb.
Dəyirmi masadakı müzakirələrin nəticəsi olaraq, “Azad et” kampaniyasını davam etdirmək, bu kampaniya çərçivəsində digər tədbirlər də keçirmək, vicdan məhbuslarının məhkəmələrində hamılıqla iştirak etmək qərara alınıb.
Bəyim Həsənli