Eyni vaxtda İsrail, Türkiyə və İranla müttəfiqlik necə mümkün olacaq?
Uzun illər Azərbaycan hakimiyyəti Qərbdən gələn demokratiya tələblərini Rusiyaya sığınmaqla neytrallaşdırıb. Müəyyən mənada buna nail olub və bugünə qədər də bu siyasət davam etməkdədir. Ancaq hazırkı mənzərə yeni situasiya yaradıb və Rusiya Ukraynaya qarşı aqressiv siyasəti nəticəsində dünya ilə qarşıdurmadadır.
Krımın ilhaqından sonra Rusiyaya qarşı BMT, AB, ABŞ sərt mövqe ifadə etdi və baş verənlər Rusiyaya qarşı sanksiyaların tətbiqinə gətirib çıxardı. Rusiyanın Şərqi Ukraynanı hədəf alması isə, yaranmış vəziyyəti daha da çətinləşdirir və Rusiyaya qarşı daha ağır sanksiyaların tətbiqini zəruri edir.
Belə bir məqamda Azərbaycan hakimiyyəti də anlayır ki, artıq Rusiyaya sığınmaq xeyir gətirmir və yeni “ada”lara ayaq açmaq lazımdır. Son günlər Türkiyə və Iranla münasibətlərin yaxşılaşdırılması istiqamətində addımlar da bunun göstəricisidir. Ərdoğanın Bakı səfəri və “nurçu” məsələsində əldə olunan razılıq, Ilham Əliyevin Irana səfəri məlum gerçəkliyin təzahürüdür.
Təbii ki, belə bir siyasəti yanlış hesab etmək olmaz və əməkdaşlıq istiqamətində atılan addımları yüksək qiymətləndirmək lazımdır. Azərbaycan cəmiyyəti də hər zaman qonşularla münasibətlərin isti olmasının tərəfdarı olub.
Ancaq ortaya yeni sual çıxır və bu, Israil faktoru ilə bağlıdır. Sirr deyil ki, Azərbaycanın Israillə yaxşı münasibətləri var və zaman-zaman bu münasibətlərin mesajı verilməkdədir. Qeyd edək ki, aprelin 30-da Israilin xarici işlər naziri Aviqdor Libermanın Bakıya rəsmi səfəri də gözlənilir.
Ancaq Azərbaycanın əməkdaşlıq etdiyi Iran və Türkiyənin Israillə münasibətləri soyuqdur. Hətta Ilham Əliyevin Irana son səfərindən sonra Xamneyinin nümayəndəsi bildirmişdi ki, Azərbaycan Iranla münasibətləri genişləndirmək istəyirsə, Israildən uzaqlaşmalıdır.
Sözümüzün canı budur ki, Azərbaycanın Iran və Türkiyə ilə əməkdaşlığı Israili qane etməyəcək. Israillə isti münasibətlər də Iran və Türkiyəni qıcıqlandıracaq.
Belə olan təqdirdə bu ölkələrlə münasibət necə tənzimlənəcək?
Göründüyü kimi Azərbaycan hökuməti bir tərəfdən Iran və Tükiyə ilə münasibətləri yaxşılaşdırmaq, o biri tərfdən də Israillə münasibətləri qorumaq məcburiyyətindədir. Belə bir siyasətin mümkünlüyü barədə ehtimallar irəli sürmək olardı. Amma Iranın Azərbaycandakı səfirinin mətbuata açıqlamasından da görünür ki, rəsmi Tehran Azərbaycanın qarşısında Israillə əlaqələri kəsmək və Israilə qarşı Iranla bir cəbhədə olmaq şərti irəli sürüb. Bu mənada Azərbyacan hökumətinin hazırkı siyasəti manevr xarakterli olsa da, özünü dalana dirəməklə nəticələnəcək.
İlham