Vəhhabilik, nurçuluq, xəvaricilik və təkfirçiliyin Azərbaycanda qadağan olunması tələb edildi
Qafqaz Müsəlmanları Idarəsi nurçuluq, vəhhabilik, xəvariclik, təkfirçilik cərəyanlarının Azərbaycanda qanunla qadağan olunması və onları təbliğ edənlərin hüquq-mühafizə orqanları qarşısında cavabdehlik daşıması barədə iddia qaldırıb.
Bu barədə modern.az-a QMI-nin mətbuat xidmətindən bildirilib. QMI-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın sözlərinə görə, məzhəb ayrı-seçkiliyinə şərait yaradan xəvariclik, təkfirçilik, vəhhabilik, sələfilik, nurçuluq və digər dini cərəyanları radikal şəkildə təbliğ edənlərin təsirinə düşərək həm dinə, həm də xalqa, dövlətçiliyə xələl gətirən addımlar QMI tərəfindən qınanılır. “Qafqaz Müsəlmanları Idarəsinin Qazilər Şurası Azərbaycan dindarlarının çoxsaylı müraciətindəki iradəsini nəzərə alaraq, belələrinin müstəqil dövlətimizin qanunları qarşısında cavabdehlik daşımalarını tələb edir”,- deyə Rəhimə Dadaşova bəyan edib.
Onun sözlərinə görə, Qafqaz Müsəlmanları Idarəsi dini mərkəz olaraq, hər zaman dünyanın istənilən nöqtəsində baş verən terror, zorakılıq, ekstremizm, din pərdəsi altında radikalizm əleyhinə etiraz səsini ucaldır.
Bu bəyanatı QMI-nnin özfəaliyyəti kimi dəyərləndirmək doğru olmazdı. Şübhəsiz QMI belə bir açıqlama ilə çıxış etmək üçün hakimiyyətin razılığını alıb. Qurumun qadağan olunmasını tələb etdiyi cərəyanlar Azərbaycanda Əliyevlərin hakimiyyəti dövründə geniş yayılıb. Azərbaycan hakimiyyətinin bu təriqətlərin ölkədə yayılmasında hansı maraq güddüyünü deyə bilmərik. Lakin fakt budur ki, YAP hakimiyyətinin geniş yayılmasına rəvac verdiyi bu cərəyanlar ölkə üçün təhlükəyə çevrilib. Ona görə də bu təriqətlərlə bağlı müəyyən tədbirlərin görülməsi zərurətə çevrilib.
Nurçularla bağlı məsələ məlumdur. Onlar hətta dövlət aparatına sıza biliblər. Azərbaycanda onlara qarşı hərəkətlənmə Türkiyədə Ərdoğan hakimiyyəti ilə Fətullah Gülən üz-üzə gələndən sonra başlayıb. Digər təriqətlər – vəhhabilik, xəvaricilik və təkfirçiliyə qarşı da zaman-zaman əməliyyatlar keçirilib. Lakin bu əməliyyatlar ya Qərbi şantaj etmək məqsədilə, ya da sadəcə hesabat xatirinə keçirilib. Yəni, bu əməliyyatların mahiyyəti dövlət üçün yaranmış real təhlükənin qarşısını almaqdan çox uzaq olub. Ümumiyyətlə hakimiyyət hər bir sahə kimi, dini sahəyə də milli maraqlar deyil, şəxsi maraqlar kontekstində yanaşıb.