Prezident Administrasiyası rəhbərinin Tehran səfərini Israil «təşkil edib»?
Ramiz Mehdiyev Irana səfər etdi. Ilk görüşünü Iranın Milli Təhlükəsizlik Şurasının sədri Səid Cəlili ilə keçirdi. Azərbaycanın siyasi piramidasındakı faktiki ikinci şəxsin Irana belə bir qəfil səfəri, əlbəttə, diqqəti cəlb edir. Xüsusən, diqqət çəkən bir neçə məqam var ki, onlara toxunmadan vəziyyətə aydınlıq gətirmək çətin olar.
Mehdiyev İranda sevilmir, amma…
Bunu hər kəs bilir ki, Ramiz Mehdiyev Iran üçün elə də sevilən adam deyil. Daha doğrusu, o, Iran nomenklaturası üçün Azərbaycanda Islama qarşı ən qatı mövqedə duran şəxsdir və hər kəs hesab edir ki, Irana qarşı proseslərin başında Ramiz Mehdiyevin kommunizmdən qalma anti-din düşüncəsi durur. Bununla belə, Ramiz Mehdiyevin Irana getməsinə zərurət yaranıb. Iranla münasibətlər o qədər gərgindir ki, bu məsələyə ya Ilham Əliyev, ya da onun siyasi kölgəsi aydınlıq gətirə bilər. “Boz kardinal” bu mənada qara siyasi kölgə olmağa məcbur qalıb. Bəs bu məcburiyyət hardan yaranıb?
Əliyevdən istifadə ediblər?
Bir müddət əvvəl Israil prezidenti Şimon Peres bəyan etmişdi ki, Yaxın Şərqdə Iran təhlükəsinə qarşı Azərbaycan hökuməti bütün cəbhələrdə mübarizə aparır. Soyuq başla düşünə bilən hər kəs anlayır ki, bu, kompliment deyildi. Əksinə, şantaj idi. Rəsmi Bakını meydanda tək buraxaraq, Iranı Azərbaycana qarşı daha da aqressivləşdirmək cəhdi idi. Bunun nəticəsində təbii ki, Tehran Bakıdan izahat tələb etmək üçün şans əldə etdi. Rəsmi Bakının Israil prezidentinin fikirlərinə hər hansı münasibət bildirməməsi isə vəziyyəti daha da çətinləşdirdi. Ramiz Mehdiyev bu mənada, Iranı razı salmaq və arxayın etmək üçün Tehrandadır. Rəsmi Tehran onun açıqlamaları ilə arxayın olacaqmı? Yəni, bu, siyasi etimada səbəb olacaqmı?
Əlbəttə, bu barədə düşünmək sadəlövhlük olardı. Çünki Iran onsuz da Azərbaycan hakimiyyətilə münasibətlərdə hər şeyi bilirdi. Amma Israilin bu açıqlaması təzyiq üçün şanslar yaratdı və Tehran bu şansı tez bitirmək istəməz.
Təcrid davam edir…
Rəsmi Bakı hələ də bu reallığı qəbul etmək istəmir ki, hazırkı hakimiyyət komandası dünyada heç bir ciddi mərkəz üçün ciddi tərəfdaş sayılmır. Bunun nəticəsidir ki, iki başqa dövlət arasında olan, xırda sayılacaq intriqada Azərbaycanın adını hallandırmaqdan çəkinmirlər. Dövlətin adını bu cür xırda oyunlardan qoruya bilmədiyi halda, Ilham Əliyevin ciddi proseslərdə büdrəməyəcəyi heç kimdə şübhə yaratmır.
Başqa bir dövlətin başçısının verdiyi açıqlamaya görə rəsmi Bakının özünü izahatverici statusda nümayiş etdirməsi bir tərəfdən də, qonşularla vəziyyətin xeyli çətin olduğunu göstərir. Əlbəttə, Iran aqressiv qonşudur, hətta vəziyyət elə həddədir ki, bu hakimiyyətə belə, təmkinli olmağı tövsiyə etmək zərurəti yaranır.
Diqqətdən qaçmayan bir məqam da Səid Cəlili ilə görüşdə Ramiz Mehdiyevin arxasında Azərbaycan bayrağının qoyulmaması idi. Bu cür vəziyyətlərin yaranmasını da daha çox hakimiyyətin naşı addımları qidalandırır. Hakimiyyət əlindəki çoxlu pula arxayın olaraq, içindən çıxa bilmədiyi situasiyalar yaradır. Lakin anlamır ki, prosesləri pulla təşkil etmək olar, amma ağılla idarə etmək şərtdir.
Təl-Əviv üz döndərdisə…
Çox mühüm məqamlardan biri də budur ki, Təl-Əviv Azərbaycan hakimiyyətinin Qərblə münasibətlərdə sonuncu ümid yeri idi. Indi isə görünür ki, Ilham Əliyevin arxasından çəkilir. Yəni, Qərbin də qapılarını bağlayır. Bunu edərkən də Iranla münasibətləri korlamağı unutmur. Görəsən niyə?
Seymur Həzi
P.S. Ramiz Mehdiyev İran prezidenti Mahmud Əhmədinejadla görüşüb. Bu görüşdə də Ramiz Mehdiyevin kürsüsünü arxaslna Azərbaycan bayrağıqoyulmayıb. Amma Əhmədinejadın kürsüsünün arxasında İran bayrağı olub. Məqalə bu görüş barədə xəbərdən qabaq yazılıb.