Nazir oğlu Londonda lüks malikanəyə 2 milyon dollar ödəyib
Azərbaycanlı məmur-oliqarxlardan daha birinin xaricdə mülkü “aşkarlanıb”. Bu, kənd təsərrüfatı naziri İsmət Abbasovdur. Böyük Britaniyada yaşayan azərbaycanlı fəal Murad Həsənli “Azadlıq” qəzetinə göndərdiyi məqalədə Abbasovlar ailəsinin Londondakı bir mülkü haqda yazır. Mülk Londonun prestijli rayonlarından birində yerləşir. Nazirin oğlu Yunis Abbasov bu mülkə bir neçə il qabaq təxminən 2 milyon dollar ödəyib.
Nazirin oğlu lüks bir malikanədə çoxmənzilli iki mərtəbəni alıb. Amma bu, hamısı deyil, mövzu davam etdiriləcək və kənd təsərrüfatı nazirinin də, başqa məmur-oliqarxların da Azərbaycan xalqının boğazından kəsib xaricə axıtdığı milyonlar barədə əlavə məlumatlar araşdırılıb təqdim olunacaq.
Beləliklə, Murad Həsənli yazır:
İki azərbaycanlının nağılı
Azərbaycan paytaxtı Bakıdan bir az aralıdakı kiçik Xırdalan şəhərində yaşayan Ceyhun Qubadovu anası Samirə Qubadova təkbaşına böyütmüşdü. 2012-ci ilin noyabrında Ceyhun həqiqi hərbi xidmətə çağrılır. 2013-cü il yanvarın 8-də onun cəsədi ailəsinə geri göndərilir. Ölümünün əsas səbəbi kimi ürək çatışmazlığı göstərilir. Ceyhun Qubadov dünyasını dəyişəndə onun cəmi 18 yaşı var idi. Onun dərd üzündən pərişan olan anası tabutu açdırmaqda israr edir və nəticədə məlum olur ki, heç bir ürək problemi olmayan Ceyhun, dəhşətli zorakılığın qurbanı olub. Mərhumun cəsədinin üzərində qəddarcasına döyülmənin əlamətləri olub.
Ceyhunun ölümü Azərbaycanı bu gün də silkələdən etiraz dalğasının başlamasına səbəb oldu. Ordudakı zorakılıq və işgəncə artmaqda olan kütləvi narazılıqların əsas hədəfi olaraq qalmaqdadır. Son iki ayın etiraz dalğalarına sırf qarşıdan gələn prezident seçkilərində Əliyev reciminə ciddi fəsadlar yaradacaq “carçı” kimi baxsaq, onda tarix ona haqlı olaraq Gözünün katalizatoru” kimi 18 yaşlı gənc əsgər Ceyhun Qubadovun öldürülməsini göstərəcək.
Haqqında danışmaq istədiyim digər Azərbaycanlı sağ-salamatdır və zəngindir. Həm də həddindən artıq zəngindir. O, Yunis Abasovdur. Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasovun 29 yaşlı oğlu. Onun Londonda yaşadığı barədə mən ilk dəfə 2009-cu ildə, bloqqerlərin məşhur “Eşşək” video-qalmaqalı baş verəndə eşitmişdim. O vaxtı Kənd Təsərrüfatı Nazirliyi Almaniyadan hər biri rekord qiymətə – 41 min dollara olan iki eşşək almışdı. Emin Milli və Adnan Hacızadənin həbsi ilə bağlı hay-küy zamanı onların satirik videolarının mövzusu düşünülmüş şəkildə diqqətdən kənarda saxlanıldı.
Əliyev rejimi və onun əlaltıları Londonu sevir. Bura elə əsl onlar üçün bir yerdir – çirkli puldan tutmuş dostcasına pula qədər. 1990-cı ildən buraya gələn azərbaycanlı nazirlərin ailələri Londonun Kensinqton və Çelsi, Həmpsted və Sent Cons Vud (“St Cohn”s Wood) kimi bahalı və dəbdəbəli ərazilərində yerləşməyə üstünlük verirlər. Son zamanlar isə onların diqqətini Londonun şərqindəki yeni lüks malikanələr cəlb etməkdədir. Azərbaycan xalqına məxsus yüz milyonlarla dollar pul, yəqin ki, son 10-15 il ərzində London əmlak bazarına yatırılmışdır.
Yunis Abasov Londonun Doklands (Docklands) ərazisindəki bütöv birləşdirilmiş çoxmənzilli iki qatdan ibarət böyük bir lüks penthaus malikanə satın aldığı zaman, 1 sentyabr 2006-cı ildə Xırdalanda anası ilə yoxsulluq içərisində yaşayan Ceyhun Qubadovun cəmi 12 yaşı var idi. Londondakı malikanənin maya dəyəri 1,4 milyon funt-sterlinq (təxminən 2 milyon dollar) olsa da, indi bu qiymət dəfələrlə artıb.
Mən nəzəri olaraq o vaxtlar 22 yaşlı Yunis Abbasovun uğurlu bir iş adamı olmasını qəbul edirəm. Onun lüks mənzillər almaq qabiliyyətinin Azərbaycan hakimiyyətində ən iyrənc və destruktiv, korrupsiyaya uğramış nazirliklərdən birinə rəhbərlik edən atası ilə heç bir əlaqəsinin olmadığına inanıram. Ancaq axı mən, çoxsaylı səylər və əhəmiyyətli araşdırmalarıma baxmayaraq, nə Britaniya, nə də başqa bir yerdə bu məsələyə dair bir dəlil-sübut tapa bildim. Əvəzində Yunisin Londonda və dünyanın başqa yerlərində daşınmaz əmlaka sahib olmasına dair xeyli sübut var.
Yunis və onun nazir atası istisna deyillər. Əslində onların sahib olduğu sərvət və bədxərclikləri Əliyev rejiminin plutokratiyasının standartları ilə müqayisədə ola bilsin ki, çox sadə görünür. Prezident Ilham Əliyev hökumətin toplantısında bəzi məmurlara “qudurmuş” övladlarına görə irad tutanda, Yunis yadıma düşdü. Əlbəttə, Ilham Əliyev özünün əməlli-başlı “nailiyyətlər əldə etdiyi” bir mövzuda başqalarına çətin ki, öyüd verə bilərdi. 2010-cu ildə “Washington Post” qəzeti Ilham Əliyevin Dubayda “ekstravaqant alış-veriş çılgınlığı” ilə 75 milyon dollar dəyərində doqquz lüks malikanə aldığını üzə çıxardı.
Balıq başdan iylənər…
İki azərbaycanlı – Ceyhun və Yunisin nağılı müasir Azərbaycanın nağılıdır. Ölkədəki mövcud status-kvo əsl ədalətsizlik rəmzidir. Bu, insanın dəyərini vurğulayır. Bu Azərbaycan reallığını tam əks etdirməsə də, rüşvətxor diktaturadan doğan həyatın səfehlik, qəddarlıq, xəsislik və dözülməzlik rəmzi sayıla bilər.
Fikrimcə, artıq iş görmək zamanıdır.