Yazıçı «Bu qərarın qiymətini və cavabını zaman verəcək» dedi
Dünən Ilham Əliyev yazıçı Əkrəm Əylislinin “Xalq yazıçısı” fəxri adından və prezident təqaüdündən məhrum edilməsi haqda sərəncam imzalayıb. Sərəncam belə əsaslandırılıb ki, Əkrəm Əylisli xalqın ona göstərdiyi etimaddan sui-istifadə edərək, son əsərində (“Daş yuxular”) Azərbaycanın tarixilə bağlı gerçəklikləri təhrif edib. Qeyd olunub ki, Əkrəm Əylislinin “Xalq yazıçısı” adından məhrum edilməsi barədə dövlət strukturlarının, ictimai qurumların və vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq, belə bir qərar qəbul edilib.
Əkrəm Əylisli isə “mediaforum”a açıqlamasında bu sərəncama münasibət bildirərkən deyib ki, onun “Xalq yazıçısı” adından məhrum edilməyinə dair qərarın qiymətini və cavabını zaman verəcək: “Buna qiymət vermək mənim işim deyil”.
Əkrəm Əylisli həmçinin sərəncam haqda geniş danışmaq istəmədiyini deyib: “Mənim ”Xalq yazıçısı” və digər titullardan məhrum edilməyimə dair fikirləri müxtəlif adamların dilindən səsləndirirdilər. Indi isə bunu həyata keçirdilər. Amma bu haqda geniş danışmayacam”.
Əkrəm Əylisli deyib ki, o, Azərbaycan tarixində “Xalq yazıçısı” adından məhrum edilən ilk yazıçıdır: “Bununla presedent yaratdılar”.
Əkrəm Əylislini Yazıçılar Birliyindən də çıxarırlar
Əkrəm Əylisinin Yazıçılar Birliyinin üzvlüyündən çıxarılması məsələsinə də baxılacaq. Bu barədə “modern.az”a məlumat verən Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu bildirib ki, dövlət başçısının məlum sərəncamından sonra Yazıçılar Birliyi katibliyinin iclası keçirilməlidir: “Doğrudur, Əkrəm Əylisli o vaxt demişdi ki, o, Yazıçılar Birliyinin üzvü deyil. Mən ona xəbər göndərmişdim ki, əgər üzvÿdeyilsinizsə, ərizə yazıb rəsmən üzvlükdən imtina etməlisiniz. Amma onun ərizəsi o vaxtdan gəlib çıxmadı. Kimə verib, hardadır, bilinmir. Bu işə hələ Yazıçılar Birliyində baxılmayıb. Amma əslində, o, Yazıçılar Birliyinin üzvü sayılır. Indi isə prezidentin bu sərəncamından sonra onun məsələsinə Yazıçılar Birliyinin Katibliyində baxılacaq. Onun üzvlük söhbəti katibliyin iclaslarından birində müzakirə olunacaq və üzvlükdən çıxarılacaq”.
İctimai Palatadan Əkrəm Əylisli bəyanatı
Dünən Ictimai Palata da Əkrəm Əylislinin “Daş yuxular” əsəri, eləcə də yazıçının ətrafında cərəyan edən hadisələrlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
“Yazıçı Əkrəm Əylislinin azərbaycanlı-erməni münasibətləri mövzusunda ”Daş yuxular” romanı cəmiyyətdə təpki ilə qarşılanıb, kəskin neqativ rəy və hərəkətlərə səbəb olub. Yazıçının özü və ailəsi həm də hakimiyyətin repressiyası ilə üzləşib.
Ictimai Palata hər kəs kimi, Əkrəm Əylislinin də ifadə azadlığını, yaradıcılıq hüquqlarını qeyd-şərtsiz tanıyır. Eyni zamanda, əsərdə azərbaycanlı-erməni münasibətləri haqqında həqiqətlərin təhrif edilməsinə, Azərbaycan tarixinin saxtalaşdırılmasına, milli, mənəvi və dini dəyərlərimizin aşağılanmasına etirazların haqlı olduğunu qəbul edir və bu etirazlarla həmrəydir.
Təəssüflə qeyd edilməlidir ki, müəllifin niyyətinin nə olmasından asılı olmayaraq, bu roman Azərbaycan və erməni xalqları arasında münaqişənin aradan qalxmasına deyil, dərinləşməsinə xidmət edir, xalqlar arasında düşmənçilik, nifaq yayanların cəbbəxanasında yer tutur və Azərbaycana, onun xalqına qarşı istifadə olunacaq.
Bunları qeyd etməklə Ictimai Palata əsər ictimailəşdikdən sonra rəsmi hakimiyyətin açıq-aydın siyasi konyunktura məqsədlərilə yalançı patriotik isteriya qızışdırmasını, Əkrəm Əylisliyə və ailəsinə qarşı təqibləri, xüsusilə qaragüruhçu, səviyyəsiz divantutma çağırışlarını yolverilməz hesab edir və pisləyir”.
Hakimiyyətə qanuna hörmət çağırışı
Insan Hüquqları Klubu və Media Hüququ Institutu da Əkrəm Əylisliyə qarşı kampaniya ilə bağlı bəyanat yayıb. Bəyanat müəllifləri yazıçının oğlunun və xanımının işdən çıxarılması, Dövlət Akademik Dram Teatrında onun pyesinin tamaşaya qoyulmasının qadağan edilməsi kimi halları pisləyib.
Insan Hüquqları Klubu və Media Hüququ Institutu Azərbaycan hakimiyyətindən yazıçıya qarşı bu cür addımları dayandırmağı, ölkə konstitusiyasına və qanunlarına hörmət etməyi tələb edir.
Yazıçı xarici ölkə səfirliklərinə müraciət etdi
Ətrafında baş verənlərlə əlaqədar Əkrəm Əylisli xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinə müraciət edib. “Turan”ın məlumatına görə, Əkrəm Əylisli müraciətində yazıb: “Artıq iki həftədən çoxdur ki, Azərbaycan hakimiyyətinə məxsus bütün KIV-lərdə ”Daş yuxular” adlı bədii əsərimə görə mənə qarşı ardıcıl mənəvi terror kampaniyası aparılır. Yaşadığım evin qarşısında icazəsiz kütləvi aksiyalar keçirilir, kitablarım yandırılır, ailə üzvlərimə qarşı ədalətsiz təzyiqlər göstərilir.
Bu, son 100 ildə Azərbaycanın ictimai həyatında görünməmiş hadisədir və bunun hakimiyyət tərəfindən həyata keçirildiyinə mənim heç bir şübhəm yoxdur. Mən bunu hakimiyyət dairələri tərəfindən söz və ifadə azadlığına qarşı analoqsuz dözümsüzlük nümunəsi sayıram”.
ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Rusiya, Norveç, Isveç, Isveçrə, Avstriya, Niderland, Ukrayna, Gürcüstan və digər ölkələrin səfirliklərinə, eləcə də Avropa Ittifaqının, ATƏT-in və Avropa Şurasının nümayəndəliklərinə ünvanladığı müraciətində Əkrəm Əylisli romanla tanış olmağı və münasibət bildirməyi xahiş edib.
Fikrət Qoca: “Əkrəm prezident haqda elə sözlər işlədib ki, oxuyanda dəhşətə gəlirsən”
Bu arada, Yazıçılar Birliyinin birinci katibi, şair Fikrət Qoca “mediaforum”a açıqlamasında Əkrəm Əylislinin “Xalq yazıçısı” adından məhrum edilməsilə bağlı fikirlərini bölüşüb: “Əkrəm son zamanlar üzə çıxardığı üç romandan biri olan ”Möhtəşəm tıxac”da prezident haqda elə sözlər işlədib ki, oxuyanda dəhşətə gəlirsən”.
Fikrət Qoca qeyd edib ki, həm “Xalq yazıçısı”, həm də prezident təqaüdü prezidentin imzası ilə verilir, yazıçını-şairi bu ada dövlət başçısı layiq görür: “Fəxri adı, təqaüdü verəndə imtina edəydi, deyəydi ki, siz belə adamsınız, sizin verdiyiniz adı istəmirəm. Xoşun gəlməyən adamdan niyə ad, təqaüd alırdın? Elə onda imtina edəydin də. ”Möhtəşəm tıxac”da prezident haqda yazdıqlarını heç cür həzm edə bilmirəm. Elə fikirlər yazmaq insana yaraşan hal deyil”.
Yazıçılar Birliyinin birinci katibi deyib ki, “Xalq yazıçısı” və “Xalq şairi” titulu təsis olunduğu vaxtdan ilk dəfədir ki, kimsə bu fəxri addan məhrum edilir: “Amma indiyədək heç belə yazı da olmayıb. Prezidentin Əkrəmlə bağlı sərəncamı onun yazılarına, hərəkətlərinə adekvatdır. Indi Əkrəm deyəcək ki, hakimiyyəti tənqid etdiyi üçün belə bir qərar verilib. Amma bu məsələ nədən başladı? Əkrəm ”Daş yuxular” əsəri ilə erməniləri müdafiə edib. Məsələ yalnız erməniləri müdafiə etməkdə deyil. Əsaslandırmaq istəyir ki, biz axmaq bir millətik, qaniçənik, qulduruq. Bunu guya bizim millətin övladı olan adam deyib. Əgər bunu bir tribunadan desəydi, fikirləşərdin ki, insandır, əsəbiləşib, küyə gedib. Bunların heç biri deyil, oturub bunu götür-qoy edib, söz-söz yazıb. Deməli, bu, Əkrəmin əqidəsidir, düşüncə tərzidir. Insana təsir edən budur.
Əkrəm yazdığı bu əsərlə “Xalq yazıçısı” adını daşımağa haqqını həm mənəvi, həm də hüquqi nöqteyi-nəzərdən itirmişdi”.
Musa Yaqub: “Heç bir insana bu qədər təzyiq etmək olmaz”
Şair Musa Yaqub isə həmkarından fərqli olaraq, Əkrəm Əylisliyə qarşı təzyiqləri pisləyib: “Əkrəm Əylisliyə bu qədər təzyiqlərin olması ilə razılaşmıram”.
Musa Yaqub bildirib ki, bir əsərə görə yazıçını bu qədər əzmək düzgün deyil: “Əsərlə bağlı Əkrəm Əylisliyə öz fikirlərimi bildirmişəm. Amma ona bu qədər təzyiqin olmasını düzgün hesab etmirəm. ”Daş yuxular” bədii əsərdir. Düzdür, əsərdə adamı qıcıqlandıran, bizi narazı salan hissələr var. Amma Əkrəm Əylisliyə qarşı bu qədər mübarizə aparmaq, onu əzmək, “Xalq yazıçısı” adını onun əlindən almaq yaxşı deyil. Bu qədər zülm, təzyiq etmək olmaz.
Əsər yazıçı işidir. Yazıçıya müəyyən vaxt vermək lazımdır ki, yazını nə məqsədlə, nə üçün yazdığı aydın olsun. Ilk növbədə isə insandır və heç bir insana bu qədər təzyiq etmək olmaz”.