Hakimiyyətin “Facebook maxinasiyası” ifşa olundu
İqtisadi Inkişaf Naziriliyinin məsul bir əməkdaşı “Azadlıq”a maraqlı bir məlumat ötürüb. Məlumatda bildirilir ki, nazirliyin işçiləri məcburi şəkildə Ilham Əliyevin “facebook”dakı və şəxsi veb səhifəsini “like” (bəyəndim) eləməyə məcbur etdirilir.
Hər kəs onun səhifəsini “like” eləyəndən sonra nazirliyin daxili nəzarət şöbəsinə bu haqda məlumat verməlidir. Şöbə də öz növbəsində bütün işçilərin siyahısını tərtib edib və məlumatlandırmadan sonra “like” edənlərin qarşısına “üstəgəl” işarəsini qoyur.
Gülünclük orasıdır ki, daxili nəzarət şöbəsində sübut kimi, öz səhifəni açıb göstərməlisən.
Mənbə ehtimal edir ki, “like” kampaniyası çox güman, təkcə onların nazirliyində deyil, bütün dövlət müəssisələrində həyata keçirilir: “Çünki bizə bildirdilər ki, bu, yuxarıdan gələn tapşırıqdır. Məqsəd də aydındır; hər şey seçkilərin saxlaşdırılmasına hesablanıb. Yəni, gələcəkdə səsvermə saxtalaşdırılandan sonra bu ”like” kampaniyası öz işini görəcək, xarici təşkilatlara bildirəcəklər ki, baxın, bizim səhifəni “facebook”da bu qədər vətəndaş bəyənib. Bu da bir faktdır ki, bizim arxamızda yüzminlərlə vətəndaş var və onlar bizi dəstəkləyirlər”.
Xatırladaq ki, bu, hakimiyyətin belə inzibati amirlik yolu ilə internetə müdaxilə etdiyi birinci hal deyil. Elə bir qədər əvvəl “facebook”da prezidentliyə namizədlər arasında səsvermə yarışı keçirilərkən AXCP üzvləri aşkarlamışdılar ki, Əli Kərimliyə uduzan Ilham Əliyevin tərəfdarlarının səsi nədənsə, şənbə və bazar günləri hiss ediləcək dərəcədə azalır, iş günlərində isə artır. Çox keçmədən məlum oldu ki, iş yerlərində, təhsil ocaqlarında rəhbərlik məcburi qaydada Ilham Əliyevə “səs” verməyə vadar edilir.
Natiq