Paşayevlər və digər qruplaşmalar hərbi sahəni niyə ələ keçirmək istəyir?
Ordunu ələ keçirmək üçün hakimiyyətdaxili qruplar arasında amansız savaş gedir. Bu barədə “Azadlıq”a iqtidardakı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, bu məsələdə daha çox fəallıq göstərən iqtidarda ən güclü qruplaşmalardan hesab edilən Paşayevlərdir. Orduya marağın həm siyasi, həm də iqtisadi səbəbləri var.
Bu il prezident seçkisi keçiriləcək. Iqtidar daxilində isə seçkiyə münasibətdə fərqli mövqelər var. Bu isə ziddiyyətləri daha da kəskinləşdirib. Belə bir vəziyyətdə orduya nəzarəti təmin edən qrup təbii ki, onun imkanlarından yararlanaraq iddiasını həyata keçirməyi asanlaşdıracaq. Digər tərəfdən orduya ayrılan pullar bu sahəni qruplar üçün cəlbedici edib. Beləliklə, hakimiyyətdaxili qruplar üçün ordu həm böyük güc, həm də böyük gəlir mənbəyidir.
Mənbəmiz bildirib ki, Paşayevlər ordunun rəhbərliyinə Müdafiə Nazirliyinin baş qərargah rəisi Nəcməddin Sadıqovun gətirmək istəyirlər. Nəcməddin Sadıqov hakimiyyətdəki ikinci soyada yaxın şəxsdir.
Digər qruplara gəlincə, bu sırada fövqəladə hallar naziri ilə Kəmaləddin Heydərovun və Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin adı çəkilir. Hər iki şəxs ayrı-ayrılıqda Naxçıvan qruplaşmasını təmsil edir. Kəmaləddin Heydərov qudası, dövlət sərhəd xidmətinin rəhbəri Elçin Quliyevin müdafiə naziri olmasına çalışır. Yeri gəlmişkən, “fövqəlnazir”lə Səfər Əbiyevin münasibətləri hələ Mülki Müdafiə Qoşunlarının Müdafiə Nazirliyindən alınaraq Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilməsi zamanı pozulub.
Ramiz Mehdiyevin namizədi mənbəmizə bəlli deyil. Onun sözlərinə görə, PA rəhbərinin Kəmaləddin Heydərovla münasibətləri soyuq olsa da, onun da Elçin Quliyevə dəstək verdiyi barədə məlumatlar var. “Heydər Əliyevin ölümündən sonra Naxçıvan qruplaşması bir neçə qola ayrılsa da, lazımi anda birləşə bilirlər. Mümkündür ki, ordunun Paşayevlərin nəzarətinə keçməməsi üçün də birgə mövqe sərgiləsinlər”, deyə qaynağımız bildirib.
Mənbənin sözlərinə görə, Səfər Əbiyev də baş verənlərdən məlumatlıdır. Onun ordu zabitləri adından “bəyanat kampaniyası”na başlamasının kökündə də elə bu məsələ dayanır.
Qaynağımız hesab edir ki, indiyə qədər bir neçə dəfə Səfər Əbiyevi devirməyə cəhd olub. “Lakin müdafiə nazirinin NATO ilə sıcaq münasibətləri olduğundan bu cəhdlər baş tutmayıb. Indi də Səfər Əbiyevin devriləcəyi bir qədər inandırıcı görünmür”, – deyə mənbə vurğulayıb.
Azad