Qəzəblənmiş əhali icra başçısının evini yandırdı; üsyana səbəb olan motel və bahalı avtomobillər külə döndü
Yanvarın 23-ü axşam saatlarında İsmayıllıda əhali üsyan edib. Bu barədə “Azadlıq”a daxil olan məlumatda bildirilir ki, qəzəblənmiş rayon sakinləri “Çıraq” adlı motelə hücum edərək, əvvəlcə binanın şüşələrini, qapı-pəncərələrini sındırıblar. Binanı yandırmağa cəhd göstərsələr də, polislər buna imkan verməyib. Lakin az sonra etirazçılar motelin qarşısındakı “Hummer” markalı maşına od vurublar. Ardınca Shevrole Aveo və Shevrole Niva markalı daha iki avtomobil yandırılıb. Bununla da sakitləşməyən etirazçılar yenidən motelə hücum edərək, bu dəfə binaya od vurublar.
İnsanların belə qəzəblənməsi adıçəkilən obyektin İsmayıllıda əxlaqsızlıq yuvası kimi tanınmasıyla bağlıdır. Əhali “Çıraq”da baş verən əxlaqsızlıqlara son qoyulması üçün dəfələrlə xəbərdarlıq etsə də, onların etirazlarına əhəmiyyət verilməyib. Qeyd edək ki, İsmayıllı rayonunun icra başçısının rəhbəri əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərovdu. Nazirin oğlu Vüqar Ələkbərovun rayona gələrək İsmayıllı sakinlərinin haqqında xoşagəlməz fikirlər işlətməsi isə insanların qulağına çatanda əhalinin “səbr kasası” daşıb və onlar “Çıraq”a hücum ediblər. Rayonda gəzən söz-söhbətə görə, icra başçıcı artıq rayonu tərk edib. Etiraza qalxan insanlar isə icra hakimiyyətinə yürüşə hazırlaşır. Artıq onların icra başçısının evinə hücum etdiyi barədə də məlumat var.
İsmayıllıda yayılan məlumata görə, sözügedən motel F.Ələkbərova məxsusdur. Elə yandırılan “Hummer”in də nazirin oğluna məxsus olduğu bildirilir.
Rayondan aldığımız son xəbərlərə görə, qəzəblənmiş əhali od vurduğu moteli sönndürməyə gedən yanğınsöndürənlərin qarşısını kəsib, binanın söndürülməsinə imklan verməyib. Motel tamamilə yanaraq külə dönüb.
Ən son məlumata görə, 1000-dən çox qəzəblənmiş sakin icra başçısı N.Ələkbərovun rayondakı malikanəsinə basqın edib. İnsanlar evin həyətinə daxil ola biliblər və evi dağıtmağa başlayıblar. Əhalinin evi də yandırmaq istədiyi deyilir.
Evdə sahiblərindən və ya gözətçilərdən kiminsə olub-olmadığı bəlli deyil.
fotolar: “Azadlıq” qəzeti
Ən son xəbərə görə, polis və hüquq-mühafizə əməkdaşları qəzəblənmiş əhalinin icra başçısının malikanəsinə hücumun qarşısını ala bilməyib. İnsanlar malikanənin həyətində yerləşən birmərtəbəli evi yandıraraq külə döndəriblər. Yandırılan birmərtəbəli evə bitişik qaraj və istirahət guşəsi də yandırılıb. Evin qarşısına minlərlə insan yığılıb. İnsanlar icra başçısının villasını yandırmağa hazırlaşırlar. Artıq evin həyətində icra başçısına məxsus Mitsubishi Pajero markalı avtomobili və 3 moteskileti də yandırıblar.
fotolar: “Azadlıq” qəzeti
Aldığımız son xəbərə görə, yerli polis qüvvələri etirazçıların qarşısını ala bilməyib. Hətta rayonun polis rəisi Nizami Qocayevin hadisə yerinə – icra başçısının yandırılan və dağıdılan evinə gələrək əhalini sakitləşdirmək cəhdləri də nəticə verməyib. Yerli qüvvələr hesabına əhalini sakitləşdirə bilmədiyini görən hökumət rayona Daxili Qoşunların qüvvələrini səfərbər edib.
***
02.00
Rayonda olan əməkdaşımız bildirir ki, əhali hələ də küçələrdədir. Minlərlə sakin “İstefa” şüarı səsləndirə-səsləndirə İcra Hakimiyyətinin binasına doğru yürüyür. Rayona gətirilən daxili qoşun qüvvələri də əhlinin qarşısını kəsə bilməyib.
İcra başçısının isə birmərtəbəli evini yandırandan sonra ikimərtəbəli villasına da od vurublar.
Hadisələrin inkişafını azadliq.az-da izləyin.
fotolar: anspress.com
Rayon Polis Şöbəsinin rəisi Nizami Qocayev APA-ya bildirib ki, etiraza İsmayıllı rayonundakı “Çıraq” otelinin sahibi Şahmərdanov Emil Məhərrəm oğlunun avtomobili sərxoş vəziyyətdə idarə edərək, avtoxuliqanlıq törətməsi səbəb olub: “ Onun maşını elektrik dirəyinə vurması qəzanın baş verdiyi ərazidə yaşayan sakinlərin etirazına səbəb olub. Sakinlər ona etirazlarını bildiriblər. “Çıraq” otelinin sahibi isə buna əks reaksiya verib. İnsident böyüyüb, sakinlər onun sahibi olduğu oteli və maşınını yandırıblar. Daha sonra isə onlar icra başçısının evinə yürüş ediblər. İcra başçısının evinin yandırılmasının qarşısı alınıb. Lakin həyətdə kiçik bir yanğın törədilib”.
Polis rəisi bildirib ki, sakinlərlə aparılan təbliğat işi nəticəsində onlar aksiyanı dayandıraraq, dağılışıblar: “ Bu konkret insidentə olan etirazdır”.
N. Qocayevin sözlərinə görə, hadisə nəticəsində bir polis və bir yerli sakin yaralanıb: “Polis nəfəri etirazçıların atdığı daşla başından xəsarət alıb”.
Polis rəisi onu da bildirib ki, artıq Emil Şahmərdanov və insident zamanı onunla birgə olmuş şəxs saxlanılıb.
N. Qocayev hadisədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlunun adının hallandırılmasının yanlış olduğunu bildirib: “Füzuli Ələkbərovun oğlu nəinki həmin hadisə zamanı, ümumiyyətlə, bu gün rayonda olmayıb. Onun adının bu hadisədə hallandırılması doğru deyil”.
Polis rəisi faktla bağlı araşdırma başladığını da deyib.
***
03.00
Rayondakı əməkdaşımızdan bu saata aldığımız məlumatlar bunlardır:
Minlərlə rayon sakini (təxminən 3000 nəfər) yandırılan motelin yaxınlığında meydanda toplaşıb. Əhali İcra Haklimiyyətinə doğru yürüşü ağsaqqalların məsləhəti ilə yarıda saxlayıb, deyilən meydana toplaşıb. Rayonda polis rəisi və prokurordan başqa iri vəzifəlilərin heç biri yoxdur. Onların hara qaçdığı əhaliyə dəqiq bəlli deyil.
Əhalinin üzərinə göndərilən daxili qoşun qüvvələrinin əsas hissəsinin qarşısını Qəbələdə İsmayıllı camaatı ilə həmrəyliyə qalxan yerli sakinlər kəsib. İsmayıllıya daxil ola bilən hissələr isə sərt müqavimət və polis rəisinin müdaxiləsindən sonra geri çəkilib.
İsmayıllının kəndlərindən sakinlər rayon mərkəzinə axışmaqdadır. Ətraf rayonlardan da İsmayıllı camaatına dəstək verənlər var.
Əhali bu hadisələrə görə rayonda hər hansı həbs və təqib-təzyiqlərin həyata keçirilməməli olduğunu qəti şərt kimi irəli sürüb, əks təqdirdə yeni aksiyaların başlanacağı haqda xəbərdarlıq edib. Hələlik sakinlərə hər hansı təqib-təzyiqin və ya həbsin olmayacağı vəd olunub.
fotolar: anspress.com