Qərb mediası Azərbaycan hakimiyyətini ifşa edən materialların dərcini davam etdirir
“Eurovision” musiqi yarışması başa çatsa da, Azərbaycandakı hazırkı ictimai-siyasi durum, o cümlədən insan haqlarının vəziyyətilə bağlı dünyanın aparıcı media qurumlarında yayımlanan tənqidi məqalələrin dərci davam edir. Həmin məqalələrdə Azərbaycan hakimiyyətinin Avropanın nüfuzlu mədəni tədbirindən öz imicini yaxşılaşdırmaq üçün istifadə etdiyi, ölkədə insan hüquq və azadlıqlarını sərt şəkildə məhdudlaşdırdığı vurğulanıb.
“The Guardian: “Eurovision” – siyasətçilərin bombalar əvəzinə balladalar vasitəsilə savaşı…”
Dünyanın ən nüfuzlu mətbu orqanlarından olan İngiltərənin “The Guardian” qəzetində “Eurovision” musiqi yarışmasının Bakıda keçirilən 57-ci finalı haqda məqalə dərc olunub. Qəzetin əməkdaşı Mark Louson özünün köşə yazısında qeyd edib ki, “Eurovision” musiqi yarışması uzun zamandır, Avropada siyasətçilərin bombalar əvəzinə balladalar vasitəsilə savaşıdır. O hesab edir ki, 2012-ci ildə keçirilmiş bu yarışma indiyə qədər ən çox siyasiləşmiş tədbir oldu.
“The Guardian”ın əməkdaşı yazır ki, “Eurovision” finalında səsverməyə ayrılan zaman kəsiyində 120 milyonluq auditoriya qarşısına Azərbaycanın dövlət başçısının kürəkəni Emin Ağalarovun ifasına yer ayrılması çətin ki, hakimiyyətin imicini yaxşılaşdıra bilsin: “Hər halda, Britaniyadan Humperdink qalib gəlsəydi, biz Kameron və Kleqqin uşaqlarını 2013-cü il “Eurovision” yarışmasındakı fasilədə səhnəyə çıxartmayacaqdıq”.
Məqalə müəllifi əlavə edib ki, ölkə rəhbərliyinin imicini nəzərə alan Azərbaycan televiziyası qeyri-adi bir addım atdı: “Eurovision” tarixi boyunca ilk dəfə Azərbaycanda əlavə sensor köşk əsasında qeyri-rəsmi səsvermə keçirildi ki, səslərin hesablanmasına dair şübhələri aradan qaldırsın.
Yəqin, elə alman münsiflər heyətinin rəhbəri də bundan cəsarətlənərək daha kəskin siyasi çıxış etdi: “Səs vermək imkanı olmaq və seçim imkanına malik olmaq yaxşı şeydir”.
“The New York Times” Azərbaycandakı kütləvi işsizlikdən yazır
ABŞ-da nəşr olunan “The New York Times” qəzetində də “Eurovision” musiqi yarışmasının finalından sonra ölkəmizlə bağlı məqalə dərc olunub. Məqalədə qeyd olunur ki, “Eurovision”a ev sahibliyi edən Azərbaycan hökuməti dünya arenasında mükəmməl başlanğıc etmək üçün heç nəyi taleyin öhdəsinə buraxmadı. Şənbə axşamı böyük finalı keçirən Bakı sanki hər tərəfdən bloklanmışdı. 300 dollar qiymətində biletlər sərt qaydalarla – hər kəsin şəxsiyyət vəsiqəsi və ona uyğun identifikasiya nömrəsini müəyyənləşdirməklə satıldı. Hakimiyyət dəqiq bilmək istəyirdi ki, 23 minlik “Crystal Hall”da kim harada oturacaq.
“The New York Times” qəzetinin əməkdaşı Devid Herzenhorn da məqaləsində Azərbaycandakı ictimai-siyasi vəziyyət və insan haqlarının durumuna toxunub. O yazır ki, ötən həftə təhlükəsizlik qüvvələri insan haqlarının pozulmasına diqqət çəkmək istəyən onlarla etirazçını həbs etdi.
Bundan başqa, İlham Əliyevin kürəkəni, müğənni Emin Ağalarovun Rusiyanı yarışmada təmsil edən “Buranovskie babuşki” qrupuna “xüsusi” qayğısı da amerikalı jurnalistin diqqətindən yayınmayıb: “Rus nənələr milyarder Araz Ağalarovun oğlu Emin Ağalarovun Bakıdan kənarda yerləşən kurort kompleksində qonaq kimi qaldılar. Emin Ağalarov ölkə prezidenti İlham Əliyevin böyük qızının həyat yoldaşıdır”.
Məqalədə regionlarda yaşayan insanların sosial-iqtisadi vəziyyətindən də bəhs olunur. Yazının “Ölkənin başqa yerlərindəki narazılıq” yarımbaşlığı ilə təqdim olunan hissəsində deyilir ki, Bakıdan 320 km. cənubda yerləşən Astarada bir dəstə kişi “Vikinin çayxanası”nda oturub çay içirlər. İşsizlikdən və bekarçılıqdan onlar vaxtından əvvəl qocalıblar. Onların dediyinə görə, “Eurovision” hökumət üçün yaxşı ola bilər, ancaq onlar üçün heç nə dəyişmir. “Məni “Eurovision” maraqlandırmır, çünki onlar bizimlə maraqlanmırlar”, – deyə Şəhriyar adlı yerli sakin “The New York Times”a bildirib: “35 yaşlı Şəhriyar 3 il Azərbaycan-Ermənistan müharibəsində iştirak edib. Hazırda isə o, işsizdir. Dörd azyaşlı qızı olan Şəhriyar deyir ki, hökumət işsizlik probleminə diqqət yetirsəydi, daha yaxşı olardı”.
“Der Spiegel”: “Hökumətin xərclədiyi pullar çoxlarını aldada bilmədi”
Azərbaycan hakimiyyətini sərt tənqid edən məqalələrilə tanınan Almaniyanın nüfuzlu “Der Spiegel” dərgisi də “Eurovision” yarışması fonunda ölkəmizdəki durum barədə növbəti məqalə yayımlayıb. Məqalədə deyilir ki, insan haqlarına hörmət etməsi üçün Azərbaycan hökumətinə ünvanlanan çağırışlar “Eurovision” ərəfəsində xeyli artdı. Yarışmanın avropalı təşkilatçıları – Avropa Yayım Birliyi isə qalmaqaldan yayınmaq və tədbirin yaxşı alınması üçün demokratik dəyərlərə bir o qədər dəstək vermədi: “Artıq “Eurovision-2012″nin qalibi və gələn il yarışmaya ev sahibliyi edəcək ölkənin adı məlumdur. İndi “Musiqi yarışması Azərbaycanın dünyadakı yerini dəyişdimi?”, “Azərbaycan dünyanın yadında necə qaldı?” tipli suallar gündəmdədir. Yarışmanın keçirildiyi Bakı haqqında çox sözlər deyilir. Qeyd edək ki, şəhərin deyildiyi qədər estetik gözəlliyi yoxdur. Turistlərə və tamaşaçılara parklar, küçələr və binalar göstərildi. Bakıya gələn qonaqların yarışmanın keçirildiyi konsert zalının tikildiyi ərazidəki evlərin sökülməsi və buna etiraz edən sakinlərin vəhşiliklərlə üzləşməsindən xəbərləri olmadı. Lakin Azərbaycan hökumətinin xərclədiyi pullar və bahalı dekorasiyası çoxlarını aldada bilmədi. Hökumət cidd-cəhdlə çalışırdı ki, ölkənin imicini qorusun.
47 ölkənin üzv olduğu Avropa Birliyi Azərbaycanın Qərb dəyərlərinə məhəl qoymamaqda ittiham edir. Azərbaycan bu təşkilatın tövsiyə və tələblərinə məhəl qoymur. Azərbaycanın pulu var. Burada hökm sürən avtoritar rejim imicinin yaxşı mənada təqdim olunması üçün külli miqdarda pul xərcləməkdən çəkinmir. Azərbaycan bir tərəfdən Qərb müşahidəçilərinin gözündə yaxşı görünmək istəyir, digər tərəfdən isə rejim bütün dünyanın diqqətinin ölkəyə yönəlməsinə baxmayaraq, dinc etiraz aksiyalarına zorakılıqla cavab verir. “Eurovision” ərəfəsində dinc etiraz aksiyalarına qatılanlar döyüldü, həbs edildi. Azərbaycanda jurnalistlərə təzyiqlər və həbs təhlükəsi davam edir. Hökumət daxili auditoriyaya hesablanan aqressiv siyasətini daha da gücləndirdi. Bununla da dostlarına, müttəfiqlərinə, düşmənlərinə “beynəlxalq təzyiqlərə qarşı dirənəcəyi” mesajını yolladı. Hökumət dinc etiraz aksiyalarına icazə verməməklə yanaşı, bunun Azərbaycanın beynəlxalq aləmdəki imicinə zərbə vura biləcəyini də nəzərə almadı”.
“Der Spiegel” Azərbaycandakı qanun pozuntuları və insan haqlarının pis vəziyyətinə göz yuman Avropa Yayım Birliyini Qərb dəyərlərinə hörmətsizlikdə günahlandırıb: “Hakimiyyətə daxili və xarici təzyiqlər artdığı bir vaxtda hökumət yarışmaya gələnlər arasında onun xeyrinə danışacaq müşahidəçilər və jurnalistlər tapmağı bacardı. Onlar Bakının valehedici gözəlliyindən və inkişafından, yarışmanın yüksək təşkilatçılığından danışdılar. Avropa Yayım Birliyi bütün hallarda yarışmanın qeyri-siyasi tədbir olduğunu əsas gətirərək susdu. Bu qurum bir çox məsələlərdə açıq şəkildə Azərbaycan hökumətilə eyni mövqedə dayandığını ortaya qoydu. Çox az sübutlar tapılar ki, Avropa Yayım Birliyinin Azərbaycandakı real vəziyyətlə bağlı konkret mövqe ortaya qoyduğunu göstərsin. Təşkilat daha çox yarışmanın görüntülərini düşündü. Təmtəraqlı görünüş və dəbdəbəli konsert Avropa dəyərlərini arxa planda saxladı. Halbuki, Avropa söz azadlığı, mətbuat azadlığı və toplaşmaq hüquqlarını qorumalıdır. Ancaq Avropa Yayım Birliyi bu dəyərlərdən daha çox Azərbaycan hökumətinin yarışma hazırlıqlarına diqqət ayırdı”.
“Der Tagesspiegel”: “Avtoritar idarəetməni tənqid edənlər İlham Əliyevin hədəfində”
“Der Tagesspiegel” qəzetində yayımlanan “Bakı alman siyasətçiləri rüsvayçılıq dirəyinə bağlayır” başlıqlı məqalədə isə qeyd olunur ki, Azərbaycana tənqidi nəzərlərlə baxanlar dərhal təzyiq altına düşür. Məsələn, almaniyalı deputat Kristof Ştrasser kimi…
Qəzetin yazdığına görə, Azərbaycan hökuməti “Eurovision” musiqi yarışmasından özünün pis imicini malalamaq üçün istifadə etmək istəyirdi. Bununla yanaşı, Azərbaycan hökuməti öz lobbiçilərinin köməyilə müasir və Qərbyönlü təsiri bağışlamağa çalışırdı. Avtoritar idarəetmənin tənqidçiləri isə İlham Əliyev tərzində əks tənqidlə üzləşirdi.
Məqalədə daha sonra deyilir ki, əgər Avropa Şurası Azərbaycanın xeyrinə hər hansı qərar, yaxud bəyanat verirsə, hökumət bunu öz siyasətinə dəstək kimi əhaliyə sırıyır. “Der Tagespiegel” deyilənlərə misal olara 2009-cu il referendumunu göstərir: “2009-cu ildə Azərbaycandakı referendum haqqında 4 avropalı siyasətçinin sözlərini göstərmək olar. O zaman hökumət prezidentin ardıcıl iki dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyət məsələsini referenduma çıxarmışdı. Bu isə Əliyevə yenidən seçilmək üçün pulsuz bilet verirdi. Referendumdan sonra çoxsaylı həbslər başlandı. Müxalifət referendumu boykot etdi. Avropa Şurası Komissiyası referendumu ölkənin demokratik inkişafı üçün “geriyə doğru ağır addım” adlandırdı. Avropa Parlamentinin 4 deputatı isə nəticələri “stabillik istəyən xalqın iradəsi”, “növbəti demokratikləşmə”, həmçinin “hakimiyyət bölgüsünün yaxşılaşdırılması” kimi sözlərlə bəzədi. Onların sözlərinə görə, səsvermə yaxşı təşkil olunmuş və şəffaf keçirilmişdi”.
Alman qəzeti həmin 4 avropalı deputatın hansı səbəbdən Azərbaycan hakimiyyətinin maraqlarına xidmət edən açıqlamalar verdiyini də müəyyənləşdirib. Araşdırmlardan sonra məlum olub ki, həmin deputatlar Azərbaycan hakimiyyətinin Avropadakı lobbiçiləri arasında yer alır: “Xristian Sosialist İttifaqından Bundestaq üzvü Eduard Lintner, sollardan Hakkı Keskin, belçikalı Paul Vil, ispan Pedro Aqramunt Azərbaycan hakimiyyətini mədh edən bəyanatlar səsləndirdilər. Onların arasındakı 2 alman deputat Avropa Şurasında təmsil olunmaq üçün ayrılmışdı. O zaman Lintner Alman-Azərbaycan cəmiyyətinin maliyyə direktoru, Keskin isə Türk-Azərbaycan Birliyinin sədri kimi çalışırdi. Hər iki təşkilat Azərbaycan hökumətinin maraqlarına xidmət edir”.
“Frankfurter Allegmeine”: “Turistlər hakimiyyətin həddini aşmasının şahidi oldular”
Almaniyanın digər nüfuzlu mətbu orqanı “Frankfurter Allegmeine” qəzetində ölkəmizlə bağlı dərc olunan məqalədə isə bildirilib ki, “Eurovision”un böyük finalının dövlət televiziyasının senzurasına məruz qalmamış saymaq olar. Buna baxmayaraq, jüri nümayəndəsi Enke Enqelkanın “Eurovision” haqqında tənqidləri oldu. Bakıya gələn turistlər hakimiyyətin dəfələrlə öz həddini aşmasının və nümayişçilərə qarşı polis zorakılığı tətbiq etməsinin də şahidi oldu. Müxalifətçilər “Eurovision”un rəsmi devizi “Light Your Fire”ı (Öz alovunu yandır) “Fiht your liar” (Yalanla mübarizə apar) şüarına çevirdilər və “Eurovision”u təşkil edən İctimai Televiziyanın qarşısında aksiya keçirdilər.
İnformasiya şöbəsi