Milli Məclis qətnaməyə rəsmən etiraz bildirdi; YAP-çı deputatlar Avropanı neft embarqosu ilə hədələdi
Milli Məclisin dünənki iclasında YAP-çı və hökumətyönlü deputatlar Avropa Parlamentini topa tutub. Deputatları hiddətləndirən Avropa Parlamentinin mayın 24-də qəbul etdiyi qətnamədir.
YAP-çı deputat Mübariz Qurbanlı iddia edib ki, qətnamə qərəzli şəkildə hazırlanıb. Onun fikrincə, bu Azərbaycana qarşı yeni bir təzyiq formasıdır. O, Almaniya parlamentində təmsil olunan deputatları sifarişlə işləməkdə ittiham edib.
Başqa bir YAP-çı deputat Əli Əhmədov deyib ki, Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə mövqeyini ortaya qoymalıdır. O, bunun təmsil olunduğu YAP-ın Milli Məclisdəki qrupunun da mövqeyi olduğunu vurğulayıb.
Deputat Əli Hüseynov da Avropa Parlamentinin qətnaməsinin qərəzli olduğunu iddia edib. Əli Hüseynov həmçinin Avropa Parlamentinin bir qrup deputatını korrupsiyada ittiham edib: “Bizə “Avronest” Parlament Assambleyasında təmsil olunmaq tövsiyə olundu. Bir neçə ay əvvəl Azərbaycanda bu qurumun sessiyası keçirildi, insan hüquqları ilə bağlı bir sənəd qəbul olundu. Heç o sənədə baxılmadan Avropa Parlamentində bu gün belə qərar qəbul edilib. Azərbaycan “Avronest” Parlament Assambleyasında təmsilçiliyinə yenidən baxmalıdır”.
Deputat Azay Quliyev qətnamədə İlham Əliyevin adının hallandırılmasını yolverilməz sayıb.
Deputat Səməd Seyidov isə deyib ki, Azərbaycan Avropa qurumları ilə münasibətlərinə yenidən baxmalıdır. Onun sözlərinə görə, ötən dövr ərzində Almaniya Bundestaqında, İtaliya parlamentində Azərbaycan həqiqətləri, torpaqlarımızın işğalı ilə bağlı qətnamələr qəbul olunub: “Erməni lobbisi bundan narahat olaraq yeni taktik seçib. Guya Azərbaycanda insan haqları pozulur, problemlər var və guya Azərbaycan bu problemlərin həlli istiqamətində addım atmır. Azərbaycan Avropa Şurasına qəbul olunanda bir siyahı təqdim etdilər ki, guya siyahıdakılar siyasi məhbuslardır. Buraxdıq. Yenə təkrar siyahı çıxdı. Yəni məqsəd başqadır. Azərbaycanın dostları çoxaldığı üçün Azərbaycanın dostu olan insanlara, qurumlara qarşı fəaliyyətə başlayıblar”.
Səməd Seyidov Azərbaycanın Avropa strukturlarında təmsilçiliyinə son verə biləcəyinə də işarə edib: ” Azərbaycan dövləti xalqın istəyi ilə Avropa strukturlarında təmsil olunur. Ancaq bizə qarşı çox təzyiq ortaya çıxacaqsa, düşünməliyik”.
YAP-çı deputat Gülər Əhmədova həmkarlarının fikirlərinə şərik olub. Eyni zamanda o bəyan edib ki, Azərbaycan Avropanı enerji təhlükəsizliyi ilə təmin etməkdən imtina etməlidir: “Avropa bizim işlərimizə çox müdaxilə edir. Biz isə özümüzü müdafiə etməklə məşğuluq. Avropa Azərbaycana qarşı əgər belə qərəzli mövqedədirsə, nə üçün Azərbaycan Avropanın enerji təhlükəsizliyində öz töhvələrini verib, bu sahədə xidmət edib. Mən hesab edirəm ki, buna lüzum yoxdur. Əgər Avropa bu cür mövqedədirsə, bizdə onu enerji təhlükəsizliyi ilə təmin etməkdən çəkinməliyik”.
YAP-çı deputat Asəf Hacıyev də Avropa strukturları ilə münasibətlərə yenidən baxmağı zəruri sayıb.
Deputat Bəxtiyar Əliyev Azərbaycanda dövlətin qaçqın və köçkünlərin problemlərini yardım almadan həll etdiyini deyib. Onun sözlərinə görə, bəzi ölkələrdəki dairələr də erməni lobbisindən yararlanaraq öz əməllərini davam etdirir.
Valeh Əsgərov Avropa Parlamentinin qərarından təəccüblənmədiyini də söyləyib: “Biz haqq yolundayıq. Yəqin ki, bir qərar qəbul etməliyik”.
Spiker Oqtay Əsədov bu qətnaməyə görə Avropa Parlamentinin rəhbərliyinə məktub ünvanladığını xatırladıb: “Belə bir qərəzli qətnamənin qəbul edilməsinə görə Avropa Parlamentinin rəhbərliyinə məktub ünvanlanıb. Bir il öncə Avropa Parlamentinin yaratdığı “Avronest”in əsas məqsədlərindən biri də odur ki, üzv ölkələrdə olan məsələlər müzakirə olunsun. Bu qərarı erməni lobbisin təsiri altına düşmüş bəzi qüvvələr qəbul edib. Bir sıra təşkilatlar anti-Azərbaycan kampaniyasına başlayıb, lakin Azərbaycanı öz dövlət quruculuğu yolundan heç kim döndərə bilməz”.
Dünənki iclasda həmçinin Avropa Parlamentinin qətnaməsinə etiraz olaraq xüsusi sənəd qəbul edilib. Sənəddə qətnamənin Azərbaycan parlamentində təəssüf və narahatlıqla qarşılandığı qeyd olunur. Qətnamənin Avropa Parlamentinin 56 deputatının iştirakı ilə qəbul olunması konstruktiv əməkdaşlığın ruhuna zidd addım kimi qiymətləndirilir.
Azərbaycanda demokratiyanın inkişafı məqsədilə məqsədyönlü iş aparıldığı qeyd olunan sənəddə iddia olunur ki, ötən il Azərbaycanla Avropa Parlamenti arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün “Avronest” Parlament Assambleyası yaradılıb.
Sənədi vitse-spiker Bahar Muradova, deputatlar Rəbiyyət Aslanova, Azay Quliyev, Sahibə Qafarova, Fəzail İbrahimli və Fərəc Quliyevin daxil olduğu komissiya hazırlayıb.
Xatırladaq ki, Avropa Parlamentinin qətnaməsində Azərbaycan hökuməti ifadə və birləşmə azadlığının məhdudlaşdırılması üçün tətbiq etdiyi bütün addımları dərhal dayandırmağa, dinc etiraz aksiyalarına imkan verilməsinə çağırılır. Qətnamədə azad mətbuata qarşı, jurnalist İdrak Abbasovun döyülməsi, Xədicə İsmayılovaya qarşı şantaj və təhdid kampaniyası da pislənir. Avropa Parlamenti qətnamədə hazırda Azərbaycanda həbsdə saxlanan 6 jurnalistin dərhal azadlığa buraxılmasına çağırış edib. Qətnamədə həmçinin Avropa Birliyi ölkələrinə Azərbaycan rəsmilərinə sanksiyalar tətbiq edilməsinə çağırış olunur.
Azad