Helsinki Komissiyasında 2013 seçkiləri müzakirəyə çıxarıldı
Ümumi rəy belə olub: “İdarəçilik gəlir mənbəyinə çevrilib, demokratik dəyərlər boğulur, korrupsiya və saxtakarlıq idarəetmənin əsas sütunudur”
Stefan Nik: «Qərb qarşıdakı seçkilərə diqqətini artırmalı, demokratik institutları dəstəkləməlidir»
Corc Uelt: «Seçkilər Qafqaza plüralizm və siyasi müxtəliflik əvəzinə, monopolist rejimlər bəxş edir»
ABŞ Konqresinin Helsinki Komissiyası Azərbaycan, Ermənistan və Gürcüstanda seçkilər mövzusunda debat keçirib. “Turan”ın Vaşinqton müxbirinin məlumatına görə, Komissiya hər üç ölkədə qarşıdan gələn seçkilər ərəfəsində siyasi vəziyyətdən narahatlığını ifadə edib.
Əsas mühazirəçilər – Carnegie Qlobal Araşdırmalar Mərkəzinin əməkdaşı Tom de Waal, Seçki Sistemləri Üzrə Beynəlxalq Fondun proqram meneceri Anthony Bowyer, Freedom Housedan Christopher Walker və digərləri Azərbaycanda seçkiyə bir il qalmış azad media təmsilçilərinə və müxalifətə qarşı artan təzyiqlərə diqqət çəkiblər.
“Neft gəlirləri ilə varlanan hakimiyyət ölkə boyu bütün sahələrə sərt nəzarət sistemi tətbiq edib, korrupsiya, saxtakarlıq idarəetmənin əsas sütununu təşkil edir”, deyə ekspertlər vurğulayıblar. Iqtidar nümayəndələri idarəçilikdən yalnız gəlir qazanmaq və demokratik dəyərləri boğmaq vasitəsi olaraq istifadə edirlər. Təkcə son bir neçə ay ərzində media nümayəndələrini ən müxtəlif formalarda susdurmaq taktikaları “sınaqdan çıxarılıb”.
Belə ki, araşdırmaçı jurnalist Xədicə Ismayılova şantaj edilib, Idrak Abbasov vəhşicəsinə döyülüb, Xəyal TV-nin müxbirləri həbsə atılıb. Onlarla müxalifət fəalı və gənclər etmədikləri cinayət üzündən dəmir barmaqlıqlar arxasındadır.
“Bütün bunların qarşısında hakimiyyət Qərbin çağırışlarına nəinki məhəl qoymur, hətta onların tənqidi yolu tutub”, deyə Walker bildirib.
Vəziyyətin pisləşməyə doğru getməsi ilk təəssüratda dəyişikliyə ümidləri azaldır, buna baxmayaraq, Qərb qarşıdakı seçkilərə diqqətini artırmalı, demokratik institutları dəstəkləməlidir, deyə Bowyer əlavə edib.
“Dama-dama göl olar”, deyə o fikrini əsaslandırıb.
Digər eksprtlər – Beynəlxalq Respublikaçılar Institutundan Stephen Nix və George Washington Universitetinin Rusiya-Avrasiya Departamentinin rəhbəri Professor Cory Welt hər üç ölkədə seçki sisteminin oxşarlığına diqqəti çəkiblər, onların fikrincə, seçkilər Qafqaza plüralizm və siyasi müxtəliflik əvəzinə, monopolist rejimlər “bəxş edir”.
Debatda söz almış Azərbaycan səfirliyinin nümayəndəsi hakimiyyətin seçki islahatları aparmaq iradəsini ifadə edib. “Hər seçki əvvəlkindən daha yaxşı keçirilir”, deyə o, Qərb müşahidəçilərindən sitat gətirib.
Bununla yanaşı, Weltə görə, regionun problemi seçki mexanizmləində yox, onların tətbiqindədir.