Dövlət qəzeti Ziyalılar Forumuna toplaşanlara həqarət etdi
Forumdan sərt cavab gəldi: «Bacardıqları ancaq söyüş və cəmiyyəti üz-üzə qoymaqdır»
“Azərbaycan” qəzeti dünənki sayında bir müddət əvvəl keçirdikləri tədbirlə cəmiyyətdə böyük səs-küyə səbəb olan Ziyalılar Forumunun üzvlərini təhqir edib. «Ziyalılıq meyarı» başlıqlı yazıda tədbir iştirakçılarının ünvanına olduqca sərt ifadələr işlədilib. Məqalədə ziyalılar “Azərbaycanın inkişafını istəməyən xarici qüvvələrə işləməkdə” ittiham edilib və “sapı özümüzdən olan baltalar” adlandırılıb.
«Bu təşkilatda şair və yazıçılardan tutmuş siyasi xəyanətə görə hakimiyyətdən qovulan məmurlara, iqtidardan şəxsi mənafeyinə görə incik düşənlərdən başlayaraq etimadını itirən funksionerlərə, elm xadimlərindən rüşvətxor imicli alimlərə qədər hər kəs var!”, – deyə “Azərbaycan” yazır.
Ziyalılara həqarət
Məqalədə yazılır ki, qurumda təmsil olunanların mütləq əksəriyyəti Ziyalılar Forumunu “radikal müxalifətin yeni koalisiya formatı” kimi yaradaraq, siyasi mübarizə vasitəsinə çevirməyə çalışır. Ziyalıları bir araya gətirən isə şəxsi umacaqlarıdır: «Onları birləşdirən ortaq nöqtə məhz mövcud iqtidara olan subyektiv baxışlarıdır. Bəziləri siyasi riyakarlığa görə iqtidardan qovulub, biriləri artıq hakimiyyətin etimadını itirib, digərləri mandat nisgilinin ağrısı ilə qovrulur. Hətta içərilərində “bu iqtidar vaxtilə mənə ayırdığı 20 sot torpaq sahəsində tikilməyinə də kömək etdiyi dördmərtəbəli villamın həyətinə niyə indi su çəkmir” təmənnası ilə küskünə çevrilənlər də var. Biri ona ayrılan 6 mənzillə kifayətlənməyərək, “mənim xidmətlərim qarşısında azından 10 evim olmalıdır” iddiasını bəyan edir. Digəri, teatrına bilet satışının təşkil olunmamasına görə narazı qalıb. Başqa biri, kitabının çapının dövlət hesabına nəşr qrafikinə niyə hər il yox, iki ildən bir düşdüyündən rəncidədir. Aralarında şəxsi bizneslərinə gömrükdən və vergidən xüsusi güzəşt tələb edən və bu qanunsuz istəkləri rədd olunduqlarına görə, asiyə çevrilənlər də çoxdur».
Rafiq Əliyev hədəfdə
Ziyalılara «Yazıqlar olsun sizə!» deyə müraciət edən müəllif dövlət başçısı Ilham Əliyev barəsində bir sıra «xoş ifadələr» işlətməyi də unutmayıb. Yazının növbəti hissəsində isə akademik Rafiq Əliyev hədəf seçilib.
Rafiq Əliyevin ADNA-nın kafedra müdirliyindən uzaqlaşması ilə bağlı müzakirələri “süni ajiotaj” adlandıran qəzet «Bəli, Rafiq Əliyevi mövcud iqtidarın təəssübkeşi saymaq olmaz. Amma buna görə onu işdən xaric etmək barədə söylənən rəy olduqca gülünc görünür” deyə yazır.
“Azərbaycan” qəzeti R.Əliyevin boynuna «minnət» də qoyur. Yazır ki, R.Əliyev kafedra müdiri kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməyib, amma onun mütəmadi iş yerində olmamasına və iş prosesinə birbaşa rəhbərlik etməməsinə göz yumulub.
Ziyalılar Forumundan “Azərbaycan”a cavab
«Azərbaycan» qəzetinin ittihamlarına cavab verən Ziyalılar Forumunun üzvü, tanınmış hüquqşünas Aslan Ismayılov bildirdi ki, məqalədə reallığı əks etdirən yalnız giriş hissədəki cəmiyyətdə ziyalı sözünə həmişə ehtiyacın olduğu haqda sözlərdir: «Məqalə müəllifinin problemli adam olduğu hiss olunur. Çünki problemi olmayan adam Ziyalılar Forumunun iştirakçıları haqqında o cür ifadələr işlətməzdi. Mən o ifadələrə qayıtmaq istəmirəm. Sadəcə, yazının başlığına çıxardığı «Yazıqlar olsun sizə» ifadəsini müəllifin özünə qaytarmaq istəyirəm».
A.Ismayılov akademik R.Əliyevə indiki iqtidarın qayğısı barədə qəzetin yazdıqlarına da münasibət bildirib: «Bu iqtidar Rafiq Əliyevin yaradıcılığına heç bir qiymət verməyib. Əkisinə, onu sinəsindən itələyiblər. Rafiq Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasına həqiqi üzv seçilməsinin nəticələrini ləğv edib, saxta adamları həqiqi üzv kimi seçiblər. Əgər Azərbaycanda akademik adına layiq bir neçə adam varsa, onlardan birincisi Rafiq Əliyevdir. Amma o, hələ də müxbir üzv olaraq qalır”
***
“Azərbaycan” qəzeti yazısında ali məktəblərdə iqtidarın siyasi fəaliyyətini dəstəkləməyən və müxalifət partiyalarının üzvü olan onlarla kafedra müdiri, dekan, professorun olduğunu da iddia edib. Qəzetin iddiasına cavab verən A.Ismayılov qeyd etdi ki, bu, yalandır. Əgər belə şəxslər varsa, o zaman «Azərbaycan» qəzeti onların adlarını növbəti sayında dərc etsin.
“Rafiq Əliyev hələ bu məsələyə münasibət bildirəcək”
R.Əliyevin vəzifə səlahiyyətlərini icra etmədiyi ilə bağlı yazılanlara gəlincə, A.Ismayılov bildirdi ki, R.Əliyev həmişə vəzifəsinə və işinə qiymət verən şəxs olub: «Istərdim ki, «Azərbaycan» qəzeti Ziyafət Əsgərov başda olmaqla vəzifədə olan kafedra müdirlərinin ayda neçə dəfə kafedraya baş çəkdiklərini yazsın. Özlərində olan bu biabırçılığı ziyalıların adına yazmasınlar. Yazıdan belə çıxır ki, Rafiq Əliyev ona qarşı baş verən haqsızlıqdan razıdır. Rafiq Əliyev hələ bu məsələyə öz münasibətini bildirəcək. Onda onun razı qalıb-qalmadığını görəcəklər».
“Sabah hamısı Ilham Əliyevin üzünə duracaq”
Qəzetin Tunisdə inqilabın başlamasına səbəb olan bir nəfər göyrəti satanın özünü yandırması hadisəsi ilə R.Əliyevin işdən çıxarılması arasında paralel aparmasının da maraqlı olduğunu deyən A.Ismayılov qeyd etdi ki, bu, həqiqətən də müqayisə olunası haldır.
Dövlət başçısının adının yazıda tez-tez halanmasına da münasibət bildirən A.Ismayılov söylədi ki, bu, bir daha yazının sifarişli olduğunu deməyə əsas verir: «Yazıda dövlət başçısına etimaddan, etibardan danışırlar. Onların hamısı sabah Ilham Əliyevin ayağı büdrəyən kimi onun üzünə duracaqlar. Amma bu ziyalıların içində heç kim onu etməz. Bu gün Azərbaycanın dövlət başçısına belə yazılardan böyük düşmənçilik olmaz».
“Zəhmət çəkib ad açıqlasınlar”
Ziyalıların imtiyaz naminə fəallaşdığı haqda qəzetin ittihamlarına isə A.Ismayılov belə cavab verdi: “Əgər «Azərbaycan» qəzetində yazıldığı kimi, ziyalılar ev, su quyusu üçün dava aparırlarsa, zəhmət çəkib o ziyalıların adlarını açıqlasınlar. Mən bu vətəndən heç vaxt, heç bir imtiyaz almamışam. Dəfələrlə vəzifələr də, mandatlar da təklif olunub. Amma mənim dövlətim və vətənim üçün elədiyimi vəzifə, mandat, akademik adı alanların heç bir etməyib. 89-cu ildən, Azərbacana qədəm basandan bu günə qədər vətən və dövlət davası döymüşəm. Heç zaman şəxsi davam olmayıb. Ziyalılar Forumunda birləşənlərin hamısı da mənim kimi, eyni mövqedədirlər.
“Bacardıqları ancaq söyüşdür”
Ziyalılar Forumunda təmsil olunan Rüstəm Ibrahimbəyovun bu gün heç nəyə ehtiyacı yoxdur. Ziyalılar Forumunda Azərbaycanın bir nömrəli filosofu Əbdülhəsən Abbasov təmsil olunur. Hökumət ona hansı dəyəri verib? O cür filosof 280 manat məvaciblə dolanmaq məcburiyyətindədir. Belə yazıdan sonra Ziyalılar Forumunun tərkibində olmayan ziyalılar da hakimiyyətə münasibətini dəyişəcəklər. Bizim Çapay Sultanov kimi ziyalımız var. Onun saytına dünyadan 3 milyon adam daxil olub. «Azərbaycan» qəzeti bir dəfə onun haqqında yazıb? «Azərbaycan» qəzeti ziyalılıqdan uzaq olan bir qəzetdir. Bacardığı ancaq söyüş və cəmiyyətdəki insanları bir-birinə qarşı qoymaqdır. «Azərbaycan» qəzeti YAP-da olanları, çıxanları ələkdən keçirsin sonra ziyalılıq haqqında danışar».
Hikmət