Hüquq müdafiəçisi möhtəşəm son söz dedi; Müxalifət lideri hökmə münasibət bildirdi: "Bu gün irticanın tarixi yazılır"
Ölkənin görkəmli hüquqşünaslarından olan Intiqam Əliyevin işi üzrə təxminən üç ay davam edən məhkəmə prosesi yekunlaşdı. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə çıxarılan hökmə əsasən, Intiqam Əliyev 7 il 6 ay azadlıqdan məhrum edildi. Amma hökm elan olunmamışdan əvvəl Intiqam Əliyev məhkəmədə son sözünü deyib. Siyasi sifarişlə həbs olunduğu vurğulayan hüquq müdafiəçisi bəyan edib ki, heç bir cəza onu haqq bildiyi yolundan döndərə bilməz:
“Həbsimdə Avropa Məhkəməsinə aid fəaliyyətim əhəmiyyətli rol oynadı”
“Dəyərli vəkillərim saxta ittihamların hüquqi aspektlərinə toxundular. Mən isə daha çox bu cinayət təqibinin arxasında duran motivlərə, başqa sözlə, həbsimin əsl səbəblərinə diqqət çəkmək istəyirəm.
Bu məhkəmə prosesi həbsimin hüquqi deyil, siyasi motivlərlə bağlı olduğunu bir daha sübuta yetirdi. Mən əsasən siyasi xarakterli işlər üzrə ixtisaslaşan vəkiləm və 25 illik vəkillik fəaliyyətim dövründə yüzlərlə məhkəmə işində çıxış etmişəm. Avropa Məhkəməsinə 300-dən çox şikayət göndərmişəm, onların əksəriyyəti siyasi hüquqların pozuntusu ilə bağlıdır. Bu şikayətlərdən 40-a yaxını uğurlu sonluqla bitib. Onların arasında 2005-ci ilin parlament seçkilərilə bağlı 14 iş, o cümlədən ifadə, birləşmək azadlığı, işgəncəyə məruz qalmamaq, ədalətli məhkəmə araşdırması, mülkiyyət və digər hüquqların pozuntusu ilə bağlı işlər var.
2010-cu ilin parlament seçkilərində yol verilən pozuntularla bağlı Avropa Məhkəməsinə göndərilən şikayətlərin böyük bir hissəsi də mənim payıma düşür. O şikayətlərin 30-dan çoxu kommunikasiya və ya qərarların verilməsi mərhələsindədir.
Şikayətlərdə seçki saxtakarlıqları və digər pozuntulardan söhbət gedir. Hökumət bu şikayətlərin Avropa Məhkəməsinin baxdığı işlərin siyahısından çıxarılmasına çox çalışırdı. Biz isə hökumətin bu tələbinə qarşı çox ciddi arqumentlər irəli sürməklə, buna mane olurduq.
Həbsimdə Avropa Məhkəməsi sahəsinə aid, xüsusilə seçki işlərilə bağlı fəaliyyətim əhəmiyyətli rol oynadı. Bu fəaliyyətim hökumətdə çox qıcıq doğururdu və bunun mənim, eyni zamanda təşkilatımız üçün arzuolunmaz nəticələrə səbəb ola biləcəyi dəfələrlə diqqətimə çatdırılmışdı.
Hüquq Maarifçiliyi Cəmiyyətinin ofisində axtarış aparılan zaman prokurorluğun əməkdaşları həm seçki işləri, həm də digər pozuntularla bağlı Avropa Məhkəməsinə ünvanladığım 200-dən çox şikayət üzrə bütün materialları heç bir qeydiyyat aparmadan götürüb. Bunların əksəriyyəti strateji xarakterli şikayətlərdir. Onların arasında Ədliyyə Nazirliyinin illərlə qanunsuz olaraq qeydiyyata almaqdan imtina etdiyi 30-dan çox QHT-nin, o cümlədən hazırda həbsdə olan vicdan məhbusu Anar Məmmədli və bu yaxınlarda azadlığa buraxılan Bəşir Süleymanlının təsisçiləri olduğu təşkilatın da sənədləri var.
Avropa Məhkəməsilə yanaşı, ölkədaxili məhkəmələrdə təmsil etdiyim 40-a yaxın məhkəmə işinin materiallarını da aparıblar. Həmin sənədləri bizə qaytarmaqdan imtina edən prokurorluğun qanunsuz hərəkətləri nəticəsində bu şikayətlərin bir çoxunun Avropa Məhkəməsinə göndərilməsi üçün müəyyən olunmuş 6 aylıq müddət ötürüldü.
Mənə elan edilmiş ittihamlarla heç bir bağlılığı olmadığı halda vəkil dosyelərinin bütünlükdə götürülməsi, bütün kompüterlərin, noutbukların, yaddaş kartlarının, disklərin və digər elektron informasiya daşıyıcılıarının hamısının aparılması və istintaq başa çatdıqdan sonra da qanunsuz olaraq qaytarılmaması həbsimin həm də vəkillik fəaliyyətimlə bağlı olduğunu təsdiqləyən çoxsaylı faktlardan daha biridir.
“Vətəndaş cəmiyyətinə hücumlar ölkə rəhbərliyinin ”xeyir-duası" ilə başladı…"
Eyni zamanda, həbsim həm də ictimai fəaliyyətimlə bağlıdır. Son illərdə yerli və beynəlxalq mediada Azərbaycanda insan hüquqları, demokratiya və hüququn aliliyinin müxtəlif problemlərilə bağlı çoxsaylı məqalələrim, araşdırmalarım, müsahibələrim dərc olunub. Həmçinin çoxsaylı beynəlxalq tədbirlərdə, o cümlədən Avropa Şurasında, Avropa Birliyində, BMT-də, ATƏT-in illik toplantılarında Azərbaycanda hüquq pozuntuları, siyasi məhbus problemilə bağlı mövzular ətrafında çoxsaylı çıxışlarımda hakimiyyətin fəaliyyəti sərt tənqid olunub.
2014-cü ilin iyununda AŞ PA-nın yay sessiyasında Ilham Əliyevin məlum çıxışından bir gün əvvəl AŞ PA üzvləri, Avropa Şurasının əməkdaşları və media təmsilçiləri üçün təşkil olunan tədbirdə Azərbaycanda insan hüquqları sahəsində durumun daha da pisləşməsi, müstəqil vətəndaş cəmiyyətinə hücumlar, siyasi məhbus problemilə bağlı sərt tənqidi çıxış etmişəm. Həmçinin sessiya dövründə nüfuzlu beynəlxalq təşkilatların, xaricdə yaşayan azərbaycanlıların və Bakıdan sessiyanın işinə qatılmaq üçün gələn vətəndaş cəmiyyəti fəallarının iştirakı ilə keçirilən dinc xarakterli etiraz toplantılarında mən də iştirak etmişəm.
Həmin tədbirdən bir gün sonra Ilham Əliyev AŞ PA üzvləri qarşısında ölkədəki müxalifətin, insan hüquqları sahəsində çalışan təşkilatların və onlarla əməkdaşlıq edən qurumların ünvanına sərt ifadələr işlətmişdi. AŞ PA-nın həmin sessiyasından sonra onun işinə qatılan vətəndaş cəmiyyəti təmsilçiləri haqqında, o cümlədən mənim barəmdə hökumətyönlü mediada sistemli şəkildə qara piar kampaniyasına start verildi. Bizi “satqın”, “düşmən”, “Azərbaycanda zorla hakimiyyət dəyişikliyinə çalışan xarici qüvvələrin beşinci kolonu” kimi təqdim edirdilər.
AŞ PA-nın yay sessiyasından çox qısa müddət sonra – avqustun əvvəlində məni və həmin tədbirdə çıxış edən QHT rəhbəri Rəsul Cəfərovu həbs etdilər. Tədbirə qatılan başqa bir QHT rəhbəri Gülnarə Axundova barəsində cinayət işi qaldırılsa da, o, ölkəni tərk etməklə cinayət təqibindən yaxa qurtara bildi. Barəsində cinayət işi qaldırılmış və həbs qərarı verilmiş daha bir QHT rəhbəri Emin Hüseynov Isveçrənin Azərbaycandakı səfirliyinə sığınıb və bunun hesabına hələ ki, yarımazadlıqdadır.
Ilham Əliyevin həbsimizdən çox az sonra – 2014-cü ilin avqustunda Beyləqanda səsləndirdiyi fikirlər müstəqil vətəndaş cəmiyyəti qurumlarına və onların liderlərinə qarşı basqılara ölkə rəhbərliyinin xeyir-duası ilə start verildiyini təsdiqləyir: “Bu gün Azərbaycanın uğurlu inkişafını heç də hər kəs qəbul etmir. Ölkə daxilində də milli satqınlar var ki, onlar xarici anti-Azərbaycan dairələrinə öz vicdanlarını satıblar. Biz bunu bilirik. Mən bir prezident kimi gündəlik fəaliyyətimdə bu satqınlara qarşı mübarizə aparıram”.
Yeri gəlmişkən, dövlət rəsmilərinin son dövrlərdə güclənən antiQərb ritorikası istər-istəməz bəzi suallar da doğurur. Qərb, Avropa Azərbaycanın düşmənidirsə, niyə ölkəmiz Avropa Şurasının, ATƏT-in və digər beynəlxalq qurumların və konvensiyaların üzvü olaraq qalır? Niyə dövlət büdcəsindən külli miqdarda vəsaitlər Avropada muzeylərin, tarixi abidələrin bərpasına və qeyri-tarixi abidələrin tikintisinə, Avropa “bayrağı” altında bahalı mahnı müsabiqələrinin, idman oyunlarının təşkilinə sərf olunur? Niyə Avropaya neft və qaz satırıq? Niyə valyuta ehtiyatlarımızın əhəmiyyətli hissəsini Avropanın banklarında saxlayırıq?
Yox, əgər Avropa Azərbaycanın düşməni deyilsə, niyə Avropaya inteqrasiya tərəfdarlarını həbsə atırıq, təşkilatlarını qapadırıq; Avropanın, Qərbin nüfuzlu təşkilatlarını ölkədən qovuruq, onları söyürük, təmsilçilərini ölkəyə buraxmırıq?
Bu necə olur, Avropa, Qərb Azərbaycandakı saxta seçkiləri dəstəkləyəndə dostumuz, əzizimiz, yaxşı kişi olur, insan haqları, demokratiya sahəsində öhdəliklərini Azərbaycan hakimiyyətinə xatırladanda, siyasi motivli həbslərə, vətəndaş cəmiyyətinə basqılara, hətta yumşaq şəkildə (qətnamə və bəyanatlardan uzağa getməyən) reaksiya verəndə pis kişi?!
Indi əminliklə demək olar ki, ölkədə müstəqil vətəndaş cəmiyyəti yoxdur, o, məhv edilib, hər an həbs olunmaq təhlükəsi ilə üz-üzə qalaraq mübarizəni davam etdirən dissidentlər var.
“Bu cür azadlığın yükü adama ağır gəlir…”
Belə situasiyada siyasi məhbus probleminin həlli də çox dumanlı görünür. Təkcə ona görə yox ki, bu problemin həllində prinsipial mövqeyilə seçilən fəallar ya həbsdədir, ya da həbs olunmaq təhlükəsi altındadır. Həm də ona görə ki, bu problem sistemlə bağlı problemdir. Hakimiyyət bölgüsünün, siyasi plüralizmin, azad medianın, ədalətli seçkilərin, müstəqil məhkəmələrin, güclü vəkilliyin və vətəndaş cəmiyyəti institutlarının olmadığı ölkədə siyasi məhbus problemi həmişə aktual olaraq qalacaq. Azərbaycanda isə bunların heç biri yoxdur. Qondarma işçi qrupları, daha çox hökumətin vəkilləri rolunda çıxış edən məruzəçilər – aqramuntlar, qrexlər, uzun illərdir alver predmetinə çevrilən əfvlər bu problemi həll edə bilməz.
Azadlığa çıxmaq həbsdə olan hər kəsin arzusudur, elə mənim də. Amma düşünəndə ki, bu gün bir iradə əsasında boşalan siyahılar, sabah elə həmin iradə əsasında azad cəmiyyət istəyən övladlarımızın, yaxınlarımızın, dostlarımızın, hesabına yenidən dolacaq bu cür azadlığın yükü çox ağır gəlir adama.
“Mən bu ”cinayətləri" eləmişəm…"
Dövlət ittihamçısı mənə 10 il həbs cəzası istədi, “yaxşı qurtardım” deyə reaksiya verdim. Yetərincə ciddi idim.
Bu ölkədə fərqli düşüncəyə sahib olmaq – tənqidçi medianın, jurnalistlərin, müxalifətçilərin, gənc fəalların, mülkləri sökülənlərin, polis idarələrində, həbsxanalarda işgəncələrə məruz qalanların hüquqlarını yerli məhkəmələrdə müdafiə etmək, pozuntuları beynəlxalq məhkəmələrin müzakirəsinə çıxarmaq; orduda əsgərlərimizin dinc şəraitdə öldürülməsinə, korrupsiyaya, monopoliyaya, qiymətlərin artırılmasına, müəlliminə, həkiminə 150-200 manat əmək haqqı verən, əhalisinin əksəriyyəti yoxsulluq həddində yaşayan, böyük işsizlər ordusu olan, hələ də qazsız, susuz, yolsuz kəndləri olan ölkədə dövlət büdcəsindən hər il Gül bayramına 50-60 milyon xərclənməsinə, milyardlarla vəsaitin bahalı layihələrə – musiqi və idman yarışlarına xərclənməsinə etiraz etmək; seçki saxtakarlıqları və insan hüquqlarının pozuntuları ilə bağlı monitorinqlər aparmaq; hökumətin siyasətini tənqid edən yazılar yazmaq, araşdırmalar aparmaq, hesabatlar hazırlamaq və yaymaq; siyasi məhbusların siyahısını hazırlamaq, onların azadlığa buraxılmasını tələb etmək, bu problemi ölkə daxilində və beynəlxalq tədbirlərdə qaldırmaq – bütün bunlar bu ölkədə cinayət sayılır.
Mən bu və buna oxşar çoxsaylı digər cinayətləri törətdiyimi, bununla da dövlətin maraqlarına və nüfuzuna ağır zərbə vurduğumu, düşmənlərimizin dəyirmanına çoxlu su tökdüyümü etiraf edirəm. Bu anlamda prokurorun mənə 10 il iş istəməsi o qədər də ağır cəza deyil.
Mənim və QHT-lərə qarşı qaldırılan cinayət işlərində xüsusi fəallığı və canfəşanlığı ilə seçilən müstəntiqlərdən biri qızıma demişdi ki, “imkan olanda atandan soruş ki, beynəlxalq tədbirlərdə daim hökuməti tənqid edir, beynəlxalq aləmdə onun sözünü belə eşidirlərsə, niyə həmin tədbirlərdə bir dəfə də olsun, Qarabağ problemini qaldırmayıb?”
Qarabağ probleminin həlli ilk növbədə hər iki ölkədə demokratiyadan, insan hüquqlarının təmin olunmasından, hakimiyyətlərin azad seçki yolu ilə formalaşdırılmasından, toplumun taleyüklü məsələlərlə bağlı qərarların qəbulunda iştirakından keçir. Biz də bu problemləri qaldırdıq və buna görə indi həbsdəyik.
Amma nə bu əməllərimə, nə də həbsimə görə azacıq da olsa peşman deyiləm. Həbsdə də, Tanrı imkan versə, həbsdən çıxandan sonra da bu fəaliyyətlərimi davam etdirmək niyyətindəyəm. Həbslər bizim azadlığımızı əlimizdən ala bilər, azadlıq istəyimizi yox. Azad insan hər yerdə azaddır.
Tofiq Yaqublu, Ilqar Məmmədov, Yadigar Sadıqli, indi azadlıqda olan dəyərli dostlarım azadlıqda olanda söylədiklərini, yazdıqlarını həbsxanada da söyləyir və yazırlar.
Ilkin Rüstəmzadənin, Rəşadın, Rəşadətin və digər gənc dostlarımızın mübarizə ruhunu heç bir həbsxana, kars qıra bilməz.
Leyla Yunusun təkcə həbsinin özü hakimiyyətə meydan oxumaqdır.
Mövsüm Səmədovun, Abgül Süleymanovun, Taleh Bağırzadənin, Nemət Pənahlının haqq səslərini hətta Qobustanın qapalı həbsxanasının dəmir qapıları kəsə bilməz.
Seymur Həzinin məhkəmə çıxışı onun “Azərbaycan saatı”ndakı çıxışlarından az kəsərli deyil.
Xədicə Ismayılın sərt senzura səbəbindən yaza və deyə bilmədiklərinin kəsəri onun azadlıqda olanda yazdıqlarından və dediklərindən az kəsərli deyil.
Həbsimizə görə üzülməyə dəyməz. Həbsimiz mübarizəmizin davamıdır.
Sonda fürsətdən istifadə edərək, hazırda həbsdə olan dostlarımı salamlayıram. Sizlərlə qürur duyuram və sizlərlə məhbusluq həyatını bölüşməyi özüm üçün şərəf sayıram!
Hər bir qaranlıq gecənin işıqlı səhəri var. Baramanın içində zülmət qaranlıq olur. Adama elə gəlir ki, o zülmətdən çıxış yolu yoxdur. Amma əslində, o qaranlığın, zülmətin içində də tırtılın kəpənəyə çevrilməsi prosesi gedir. Zamanı gələndə mütləq qaranlıq işığa, durğunluq azadlığa çevriləcək, kəpənək üzə çıxacaq.
Hakimlərə mesaj
Normal ölkələrdə məhkəmənin sonunda dövlət ittihamçısına və hakimlər kollegiyasına təşəkkür bildirilir. Təəssüf ki, bunu edə bilməyəcəm. Dövlət ittihamçısı mənə 10 il həbs cəzası istəyib, güman ki, məhkəmə də 8 və ya 9 il verib, deyiləni edəcək. Bu halda bizlərdə “Allah əvəzini versin!” deyirlər. Mən bunu deməyəcəm. Çünki düşünürəm ki, hüquq, ədalət adı altında baş verən rəzalət sistemlə bağlıdır. Sizə ədalətli cəmiyyətdə yaşamaq arzu edirəm, elə bir cəmiyyətdə ki, günahsız insanları siyasi fəaliyyətinə, azad ölkədə yaşamaq istəyinə görə mühakimə etmək ləyaqətsizlik sayılır".
Aytən Məmmədova
Ölkənin ən nüfuzlu hüquqşünaslarından olan Intiqam Əliyevin işi üzrə məhkəmə prosesi yekunlaşır. Artıq məhkəmə istintaqı başa çatıb, dövlət ittihamçısı Intiqam Əliyevin 10 il azadlıqdan məhrum olunmasını təklif edib. Dünən isə hüquq müdafiəçisinin vəkilləri çıxış edərək, ittihamların əsassız olduğuna dair konkret faktları məhkəmənin nəzərinə çatdırıblar.
“İntiqam müəllim etibarının qurbanı olub”
Vəkillərdən Şəhla Hümbətova müdafiə nitqində bütün ittihamlarla bağlı ayrı-ayrılıqda danışıb. O bildirib ki, istintaq orqanının Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən qrant müqavilələrinin icrasını qanunsuz sahibkarlıq kimi qələmə verməsi tamamilə absurddur. Üstəlik, Intiqam Əliyevin rəhbərlik etdiyi Hüquq Maarifçiliyi Cəmiyyəti tərəfindən icra olunmuş qrant müqavilələrinin qeydiyyatdan keçdiyini sübut edən sənədlər də prosesin gedişində məhkəməyə təqdim olunub: “Qanunsuz sahibkarlığın nədən ibarət olduğu qanunda konkret şəkildə öz əksini tapıb və bunların heç biri Intiqam Əliyevin əməlində yoxdur. Avropa Məhkəməsinin qərarlarını tərcümə eləmək, hüquqşünaslar, o cümlədən hakimlər, prokurorlar, vəkillər üçün təlimlər keçirmək məgər lisenziya tələb edir? Qanunsuz sahibkarlıq sayılan əməllərdən biri də dövriyyəsi məhdudlaşdırılmış əşyalarla əməliyyatlar aparmaqdır. Bu ölkədə dövriyyəsi məhdudlaşdırılmış ən əsas məsələ insan hüquqlarıdır. Intiqam Əliyev də məhz insan hüquqlarının müdafiəsilə məşğul olduğuna görə bu gün həbsdədir. Onun həbsinin Cinayət Məcəlləsinə aidiyyəti yoxdur.
Iş materiallarında 13 qrant layihəsindən söhbət gedir. Əvvəla, qrant müqaviləsinin qeydiyyatı üçün sənədlərin Ədliyyə Nazirliyinə göndərilməməsinə görə, yalnız inzibati məsuliyyət – cərimə nəzərdə tutulub. Sənədlər nazirliyə göndərilibsə, bu halda artıq məsuliyyət həmin qurumun üzərindədir. Intiqam Əliyev ilk gündən deyir ki, sözügedən qrant müqavilələrin hamısı qeydiyyatdan keçib. Bunu təsdiq edən məktublar da olub. Sadəcə, prokurorluq əməkdaşları Intiqam Əliyev həbs olunan gün Hüquq Maarifçiliyi Cəmiyyətinin ofisindən bütün sənədləri topa-topa, heç bir qeydiyyat aparmadan götürüblər. Onların arasında Ədliyyə Nazirliyinin bildirişləri də olub. Amma istintaqa sərf eləmədiyindən onları iş materiallarına daxil etməyib. Biz həm istintaq, həm də məhkəmə zamanı dəfələrlə vəsatət qaldıraraq, Ədliyyə Nazirliyinə bununla bağlı sorğu göndərilməsini istədik. Məhkəmə sonda bir sorğu göndərdi və cavab da əlbəttə ki, Intiqam Əliyevin əleyhinə oldu. Doğrusu, Ədliyyə Nazirliyindən bundan artığını gözləmirdik də. Təsəvvür edin, nazirlikdən sorğuya cavabın birinci bəndində yazılıb ki, “Norveç Insan Hüquqları Evi Fondundan alınmış 3 aprel 2013-cü il tarixli, 10900 avroluq qrant müqaviləsi üzrə məlumat aşkar edilmədi. Üçüncü bəndində isə məhz həmin layihədən bəhs edərək yazırlar ki, həmin müqavilə qeydə alınıb və bu haqda bildiriş verilib”. Nazirliyin cavabının mötəbərliyi budur! Məhkəməyə nə qədər saymazyana münasibət bəsləməlisən ki, belə cavab verəsən. Amma prokurorluğun nəzərindən qaçıb ki, qrant müqavilələrinin qeydiyyatına dair məlumatlar 2013-cü ilin yayına qədər açıq idi və Ədliyyə Nazirliyinin saytında yerləşdirilmişdi. Vətəndaş cəmiyyətinə qarşı hücumlar başlayandan sonra o siyahını saytdan sildilər. Internet əjdahadır və saytdan silinən məlumatlar keşdə qalır. Biz oradan həmin siyahını tapdıq, notarial qaydada təsdiqlətdirdik və ortaya qoyduq ki, qeydiyyatdan keçmədiyini iddia etdiyiniz müqavilələrin hamısı əslində, qeydiyyatdan keçib. Hətta bundan sonra da dövlət ittihamçısının həmin müqavilələrin qeydiyyatdan keçmədiyini deməsi təəccüb doğurur.
Mənimsəmə ittihamına gəlincə, intiqam müəllimin kimin pulunu mənimsəyib? Əgər beynəlxalq donor təşkilatlardan söhbət gedirsə, onlar əksinə, məhkəməyə məktub göndəriblər ki, nəinki şikayətimiz yoxdur, əksinə, bizim bu adama sonsuz etibarımız var və vəsaitlər də təyinatı üzrə xərclənib.
Guya, mühasib Gülşən Orucovanın bacısının hesabına köçürülən 119 min manat məsələsinə gəlincə, istintaqın əlində iki bacının ifadələrindən başqa heç bir sübut yoxdur. Iş materiallarından görünür ki, Hüquq Maarifçiliyi Cəmiyyətinin hesabından mühasibin bacısının hesabına 79 dəfəyə 119 min köçürülüb. Amma işin içində cəmi 29 ödəniş göstərişi var. Qalanları hanı? Həmin 29-da Intiqam Əliyevin adından atılan imzanın ona məxsus olmadığı gözlə də görünür. Görün indi qalan 50 ödəniş göstərişi nə vəziyyətdədir ki, onu ortalığa çıxarmırlar. Bacılar iddia edir ki, o pullar Əfsanə Orucovanın hesabına köçürüləndən sonra çıxarıb Intiqam müəllimə veriblər. Amma işin içində həmin vəsaitlərin köçürmədən sonrakı taleyi, çıxarılıb-çıxarılmadığı barədə bircə sübut da yoxdur. Xahiş etdik ki, məhkəmə bununla bağlı banka sorğu göndərsin, onu da eləmədiniz. Əslində, məhkəmə həqiqətin üzə çıxmasına çalışmalıdır, bu işdə isə əksinə, əlindən gələni elədi ki, doğrular ortaya çıxmasın.
Dəfələrlə tələb etdik ki, ödəniş göstərişlərində Intiqam müəllimin adından atılmış imza ekspertizadan keçirilsin, çünki o imzalar Intiqam müəllimə məxsus deyil. Niyə eləmədiniz? Hətta tutaq ki, mühasibin dediyi kimi, belə bir mənimsəmə olubsa, bəs niyə o da bu gün Intiqam müəllimin yanında əyləşməyib? Axı maliyyə vəsaitlərinin xərclənməsinə məsul şəxs həm də mühasib olub. Aydındır ki, Gülşən Orucova elədiyi əmələ görə özünü qorumaq məcburiyyətindədir və bu səbəbdən guya, bacısının hesabına köçürdüyü pulları sonradan çıxarıb Intiqam Əliyevə verdiyi barədə yalan ifadə verir.
Iş materiallarından o da görünür ki, Gülşən Orucova mühasib kimi çalışdığı başqa təşkilatlardan da bacısının hesabına pullar köçürüb. Hüquq Maarifçiliyi Cəmiyyətindən Intiqam müəllim demişdisə, bəs o təşkilatlardan kim demişdi?
Bundan başqa, Gülşən Orucova öz adına da hesab açaraq, əməkhaqqı adı altında Hüquq Maarifçiliyi Cəmiyyətinin hesabından ora 12 min 500 pul köçürüb. Halbuki, bu təşkilatda heç kim əməkhaqqını köçürmə yolu ilə almışdı.
Intiqam müəllimin mühasibinə nə dərəcədə etibar etdiyi onu tanıyanların hamısına məlumdur. O, etibarının qurbanı olub.
Intiqam müəllimə vəzifədən sui istifadə ittihamı verilib. Intiqam müəllimin hansı vəzifəsi vardı?
Intiqam müəllim Azərbaycanda hüququ pozulanların səsini Avropa Məhkəməsinə çatdırırdı, məhz ona görə də bu gün buradadır. Bu adamın insan hüquqlarının müdafiəsi uğrunda fəaliyyəti mane olurdu. Mane olmaması üçün də həbsxanaya salmaq lazım idi".
Digər vəkil Cavad Cavadlı müdafiə nitqinə ironik başlayıb: “Iş materiallarında həkim rəyi var. Həmin rəydə göstərilib ki, Intiqam müəllim mütləq həyat tərzini dəyişməlidir. Intiqam müəllim isə bu məsləhətə əməl eləmədiyindən, görünür, prokurorluq onun qayğısına qalıb və həyat tərzini bu şəkildə dəyişib”.
“Prokurorluq Intiqam Əliyevin qayğısına qalıb həyat tərzini dəyişdi”
Cavad Cavadlı qeyd edib ki, bu məhkəmə prosesi Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinə qətiyyən uyğun deyil: “Ən sadə vəsatətlərimiz belə, təmin olunmadı. Açıq-aşkardır ki, Intiqam Əliyevin həbsi siyasi motivlidir. Artıq bu iş üzrə Avropa Məhkəməsində kommunikasiya mərhələsi (şikayət üzrə hökumətlə
yazışma) başa çatmaq üzrədir. Yaxın vaxtlarda Avropa Məhkəməsi bu həbsi darmadağın edəcək".
“Hökm verərkən Allah qarşısındakı məsuliyyətinizi nəzərə alın!”
Başqa bir vəkil Fəxrəddin Mehdiyev isə hakimləri hökmə imza atarkən Allah qarşısında məsuliyyətlərini yaddan çıxarmamağa çağırıb: “Bu cinayət işi öz mahiyyət və məzmunu ilə hüquqi nihilizmin nümunəsini yaratdı. Bu həm də klassik və müasir hüquq elminin prinsiplərinin inkarıdır.
Intiqam Əliyevin məhkəməsinə ictimai maraq və ona dəstək bütün proses boyu göründü. Beynəlxalq hüquq müdafiəçiləri, jurnalistlər, ictimai-siyasi xadimlərin dəstəyi onun təqsirsizliyinin verdiktidir. Təsadüfi deyil ki, Intiqam Əliyev “Amnesty International” təşkilatı tərəfindən “vicdan məhbusu” elan olunub. O, həbsindən sonra Helsinki Komitəsi tərəfindən mükafatlandırılıb. Bu ictimai marağın sirri nədir? Intiqam Əliyev insan hüquqları sahəsində bütün dünyada tanınmış nüfuzlu hüquqşünasdır. Onun hazırladığı 40-a yaxın şikayət üzrə Avropa Məhkəməsi ərizəçinin xeyrinə qərar verib. Daha 40 iş kommunikasiya mərhələsindədir. Hüquq Maarifçiliyi Cəmiyyəti fəaliyyəti dövründə 50-yə yaxın hüquq ədəbiyyatı dərc edib. Intiqam Əliyev bir elmi-tədqiqat institutunun görə biləcəyi işi yerinə yetirir. Intiqam Əliyev həm də ziyalı hüquqşünasdır. O, müxtəlif universitetlərdə hüquq elmini tədris edir.
Nəhayət, Intiqam Əliyev əxlaq məktəbidir. Onun villaları yoxdur, bahalı maşınlarda gəzmir, dəbdəbəli həyatdan uzaqdır. Amma onun misilsiz sərvəti var. Bu sərvət də onun işıqlı əməlləri, yüksək tərbiyə və mədəniyyətə malik övladları, ailəsidir. Əxlaq daşıyıcıları isə hər bir cəmiyyətin qızıl fondududur. Bu fondu qorumağın özü bir dəyərdir.
Ədalət qüvvətli, qüvvətlilər isə ədalətli olmalıdır. Ədalətli olmağın yolu isə Allah qarşısında məsuliyyətdir. Dünyada heç kəs bu məsuliyyətdən qaça bilməz. Allah dərgahına gedəndə insan yalnız öz əməllərini aparır. Sizə də bunu nəzərə alaraq, qərar verməyi arzu edirəm!"
Vəkillərin çıxışından sonra dövlət ittihamçısı Fərid Nağıyev replika hüququndan istifadə edərək, vəkillərin çıxışlarında səslənən fikirlərə münasibət bildirib. O, ittihamların əsassızlığı, sübuta söykənməməsi barədə deyilənlərlə razılaşmayıb.
Məhkəmə prosesi bu gün davam edəcək. Bu gün Intiqam Əliyev məhkəmədə son sözünü deyəcək. Eyni zamanda, hökmün bu gün elan edilməsi də istisna olunmur.
Aytən Məmmədova