«Mənim işim Azərbaycan xalqının başına gətirilənləri ifşa etməkdir, imkanım olduqca da bunu edəcəm!»
«Mənim Məhərrəm Həsənov adlı düşmənim yoxdur, çünki mübarizəmin qarşısında o deyil. Mən onu bağışlayıram…»
“Azadlıq” qəzetinin şöbə müdiri, “Azərbaycan saatı” televiziya proqramının aparıcısı Seymur Həzinin işi üzrə məhkəmə istintaqı başlandı. Elə ilk məhkəmə iclasında Seymur Həzinin həbsinin sifarişin nəticəsi olduğunu, bu cinayət işinin saxtakarlıqla düzülüb-qoşulduğunu sübut edən çoxsaylı faktlar ortaya qoyuldu.
Xatırladaq ki, bu işə Abşeron Rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyilə baxılır. Seymur Həziyə qarşı CM-nin 221.3-cü (silah və ya silah qismində istifadə olunan əşyaların tətbiqilə xuliqanlıq), onun xəsarət yetirdiyi iddia olunan Məhərrəm Həsənova isə 221.1-ci (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb.
Dünən məhkəmə prosesini izləməyə AXCP sədri Əli Kərimli, partiyanın başqa rəhbər şəxsləri və fəalları, Milli Şuranın üzvlərindən istiqlalçı deputat İbrahim İbrahimli və Seymur Həzinin mübarizə dostları da gəlmişdi.
Məhkəmə istintaqı başlamamışdan əvvəl hakim təqsirləndirilən şəxslərin anket məlumatlarını dəqiqləşdirdi. Məlum oldu ki, 1982-ci il təvəllüdlü Seymur Həzi BDU-nun Şərqşünaslıq fakültəsində həm bakalavr, həm də magistratura təhsili alıb. Daha sonra təhsilini Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə Institutunda davam etdirib. Jurnalist olmaqla yanaşı, həm də AXCP Rəyasət Heyətinin üzvüdür. Qeydiyyatı Laçın rayonunadır, lakin həbs olunana qədər Ceyranbatan qəsəbəsində yaşayıb.
1991-ci il təvəllüdlü Məhərrəm Həsənov isə orta təhsillidir, dediyinə görə, həbs olunana qədər fərdi əməklə məşğul olurmuş.
Xəsarət alanlar var, amma zərərçəkmiş yoxdur
Seymur Həzinin vəkili Adil Ismayılov hər iki təqsirləndirilənin həm də zərərçəkmiş qismində tanınması barədə vəsatət qaldırdı: “Ittihamın mahiyyətinə görə, Seymur Həzi Məhərrəm Həsənova yüngül xəsarət yetirib. Deməli, bu halda, Məhərrəm Həsənov zərərçəkmiş kimi tanınmalıdır. Eyni zamanda, Seymura da dərəcəsi müəyyən edilməyən xəsarət yetirilib, üstəlik, köynəyi cırılıb, yəni, həm də maddi ziyan dəyib. Deməli, Seymur da zərərçəkmişdir”.
Dövlət ittihamçısı, Məhərrəm Həsənov və onun vəkili də vəsatətə etiraz etmədi. Lakin hakim yarım saatdan da çox çəkən müşavirədən sonra vəsatətin təmin olunmadığını bildirdi.
Elçibəyin fotosu ilə saxta səhifə
Daha sonra ittiham aktı elan olundu. Ardınca təqsirləndirilən şəxslərin dindirilməsi mərhələsi başladı. Əvvəlcə Məhərrəm Həsənova ifadə vermək təklif olundu. Özünü təqsirli bilmədiyini vurğulayan Həsənov ifadə verməkdən imtina etdi: “Mahiyyəti üzrə ifadə verilib də, hamısı orada (dövlət ittihamçısının qarşısındakı iş materiallarına işarə edir-red.) var. Başqa nə lazımdır ki?”
Dövlət ittihamçısının hadisənin başvermə səbəbləri və yeri, Seymurla tanışlıq, “facebook” yazışmalarının mahiyyəti və s. suallarına Məhərrəm Həsənov birmənalı şəkildə ya “yadımda deyil”, ya da “orada var da…” kimi cavablar verirdi. Hətta bir məqamda dövlət ittihamçısının suallarından əsəbiləşdi də: “Deyirəm yadımda deyil, yenə soruşur. Nə var, ordadı, hamısı yazılıb. Ümumiyyətlə, mən cavab verməyə bilərəm. Cavab vermək istəmirəm”.
Məhərrəm Həsənovla Seymur Həzinin vəkili Adil Ismayılov arasındakı sual-cavab maraqlı oldu:
– Özünüzü təqsirli bilirsiz?
– Yox, niyə görə təqsirli bilməliyəm? Neyləmişəm ki?
– Siz dövlət ittihamçısının suallarını cavablandıranda dediniz ki, burada yazılanlar düzdür. Axı buradakı ifadənizdə göstərmisiz ki, özünüzü təqsirli bilirsiz…
– Xeyr, təqsirli bilmirəm.
– Bu necə olur, deyirsiz ki, özümü təqsirli bilmirəm, amma işdə yazılanlar da düzdü. Işdə də yazılıb ki, özünüzü təqsirli bilirsiz…
– Nə yazılıbsa, düzdü.
– Siz “facebook”dan istifadə edirsiz?
– Indi iki yaşlı uşaq da istifadə edə bilir.
– Elton Quliyevi haradan tanıyırsız?
– Buradan.
– Elton Quliyev sizin dostluğunuzda olub?
– Yox.
– Axı bizdə olan sənədlər sübut edir ki, olub…
– Mən Elton Quliyevi buradan tanımışam.
– “Facebook”da neçə dostunuz var?
– Dəqiq bilmirəm.
– Dostlarınızın adını deyə bilərsiz?
– Yox.
– Bu iş üzrə sizi həbs eləyib, sonra ev dustaqlığına buraxandan sonra bir müddət azadlıqda qalmısız. Həmin müddətdə “facebook” səhifənizdən istifadə eləmisiz?
– Xeyr, 100 faiz.
– Səhifəniz qalır?
– Hə, qalmalıdır. Amma parolu yadımdan çıxıb.
– O səhifə bağlanmayıb?
– Xeyr.
– “Facebook”a girmək üçün nədən istifadə edirdiniz?
– Kompüterim var idi.
– Bunu yaxınlarınız təsdiq edə bilər?
– Üç-dörd ildir yoxdur, pay vermişəm.
– Seymura maraq haradan yarandı?
– Necə haradan?
– Deyirəm, bəlkə əsgərlik yoldaşı olmusuz, bəlkə eyni partiyada təmsil olunmusuz…
– Xeyr.
– Çünki örtük şəkli Elçibəyin şəklini qoymusuz?
– Harada?
– “Facebook” səhifənizdə…
– Onu mən nə bilim… Elçibəy nə vaxtdı ölüb…
– Elçibəyin özünü demirik, şəklini… Seymur Həzi dostların arasında olub?
– Allaha and olsun, yadımda deyil.
Bu yerdə Seymur Həzinin digər vəkili Elton Quliyevin maraqlı bir replikası oldu: “Bir Allaha and iç, de görək, sənin ümumiyyətlə, ”facebook” səhifən olub, yoxsa yox?”.
Bundan sonra Adil Ismayılov suallarını davam etdirdi:
– Siz Kürdəxanıda olursuz, həmin gün Ceyranbatana niyə getmişdiz?
– Şəxsi işimlə əlaqədar, orada yazılıb.
– Seymuru nə qədər gözlədiniz?
– Yadımda deyil.
– Birinci kim vurdu?
– Orada yazılıb.
Digər vəkil Elton Quliyev bildirdi ki, Məhərrəm Həsənov cinayət işinin materiallarında yazılanların doğru olduğunu iddia edir. Amma məsələ burasındadır ki, Həsənov ən azı 3 dəfə dindirilib və bu ifadələr arasında ziddiyyət var:
– Siz hansı ifadəni təsdiqləyirsiz? Məhkəmə hansını əsas götürsün?
– Hansı məsləhətdirsə, onu.
– Kimin məsləhətilə?
– Bilənin.
– Siz özünüz hansı ifadəni təsdiqləyirsiz?
– Orada nə yazılıbsa, odu…
Seymur Həzinin də Məhərrəm Həsənova sualları oldu:
– Mənə “facebook”da nə yazmışdın ki, cavab verməmişdim?
– Yadımda deyil.
– Məsələn, mənim üçün ilk dəfə e-mail ünvanı açan adam da mənim yadımdadır…
– Sən ali savadlı oğlansan da…
– Mən gələndə niyə çağırdın? Niyə “qardaş”, “müəllim” yox, məhz “bəy” deyə müraciət elədin? Haradan bilirdin ki, mənə dostlarım bu cür müraciət edir?
– Hörmət mənasında elə dedim.
– Toğrul Ibrahimi tanıyırsan?
– Xeyr.
– Turan Ibrahimi?
– Xeyr.
– Namizəd Səfərovu?
– Xeyr.
– Axı bu adamlar sənin adına olan səhifədəki dostlar siyahısında var…
– Yadımda deyil.
Qız üçün getmişdi, Seymura rast gəldi…
Məhərrəm Həsənov məhkəmədə hadisə ilə bağlı sualları cavablandırmaqdan imtina etdiyindən onun istintaqa ifadəsi elan olundu. Ifadədə göstərilib ki, o, Sumqayıta gedərkən avtobusda bir qızdan xoşu gəlib. Həmin qız da yolda – Ceyranbatan qəsəbəsində düşüb. O da hadisə baş verən gün Ceyranbatana gəlib oradakı dayanacaqda gözləyib ki, bəlkə həmin qız yenidən gəlib oradan keçər. Amma qızın kim olduğunu, hətta adını da bilmir. Təxminən iki saatdan sonra Seymur Həzi gəlib, ona yaxınlaşaraq, “facebook”dan tanıdığını bildirib, mesajına niyə cavab vermədiyini soruşub. Seymur isə ona söyüşlə cavab verib: “Getmək istəyəndə qolundan tutdum, Qolunu çıxarmaq istəyirdi, məni itələyib, yumruqla vurdu. Mən də onu vurdum. Əlindəki butılka ilə başıma vurdu. Mən yıxıldım, yerdə də məni yumruq, təpkiklə vururdu. Bir neçə polis gəldi. Seymur qaçdı, mən də qaçırdım. Polislər bizi tutub şöbəyə apardılar”.
“Bu hadisə siyasi sifariş nəticəsində qurulmuş oyundur”
Seymur Həzi ifadəsində bildirdi ki, özünü qətiyyən təqsirli bilmir. Baş vermiş hadisə isə siyasi sifariş nəticəsində qurulmuş oyun olub:
“Avqustun 29-da saat 12.30 radələrində evdən çıxıb şəhərə gəlirdim. Iki gün əvvəl xəstələnmişdim deyə, tez-tez susayırdım, ona görə də su almışdım. Qəsəbənin çıxışında mən yolun sol tərəfilə gedirdim, yolun sağında da bir oğlan gedirdi – həmin bu Məhərrəm Həsənov. Bir qədər gedəndən sonra mənə yaxınlaşıb salam verdi. Dedi ki, adım Məhərrəmdi. Kobud şəkildə soruşdu ki, ”facebook”da sənə yazdığım mesaja niyə cavab verməmisən? Dedim ki, ola bilsin, texniki problem üzündən görməmişəm. Hiss elədim ki, bu adam gərgindi, əsirdi, qəfildən mənə zərbə endirdi. O qədər ani oldu ki, əllə salamlaşmışdıq deyə, məni vuranda sağ əlim hələ də onun əlində idi. Dartındım, əl çəkmədi. Belə başa düşdüm ki, bu adam tək deyil, məni kimlər üçünsə saxlamağa çalışır. Hadisədən bir həftə əvvəl həbs olunacağım haqda xəbərdarlıq almışdım. Həm də 2011-ci ildə başıma gəlmişdi, bir neçə nəfər mülki geyimlilər tərəfindən oğurlanmışdım. Dəfələrlə izlənilməyim, təqib olunmağımla bağlı Daxili Işlər Nazirliyinə çoxsaylı müraciətlərim olub.
Bu son hadisə də tamamilə siyasidir. Bu adamı məhkəmədə dindirəndə özüm də əziyyət çəkirdim. Mənim mübarizəmin hədəfində bu adam yoxdur. Eksperiment keçirin, 1000 adama sual verin ki, “facebook”dakı mesajıma niyə cavab verməmisən? Görün, bircə nəfər cavabında sizi söyə və ya döyə bilərmi? Bu, o qədər absurddur ki…
Həbsim barədə xəbərdarlıq edildiyindən hadisədən 5 gün əvvəl Elton Quliyevlə danışıb, hüquqlarımı müdafiə etməsini istəmişdim. Mənim Məhərrəm Həsənov adlı düşmənim yoxdur. Çünki dediyim kimi, mübarizəmin qarşısında o deyil. Mən onu bağışlayıram.
Spiker Oqtay Əsədov bu yaxınlarda parlamentdə mən də daxil olmaqla, bir neçə siyasi məhbus haqqında ittihamlar səsləndirib. Mən bununla bağlı fikirlərimi bildirmək istəyirəm. Son aylarda dostum, Qarabağ əlili Asif Yusifli və daha bir neçə cəbhəçini həbs ediblər…”
“Yazmışdım ki, gənclərin qanı ilə alver etmək dövlətə xəyanətdir”
Bu yerdə dövlət ittihamçısı Seymurun çıxışına etiraz etdi. Lakin cavabında Seymur Həzi bildirdi ki, o, istintaqa ilkin ifadəsində də, məhkəmədə də hadisənin siyasi sifariş olduğunu bəyan edib və bu fikrini əsaslandırmaq istəyir: “Yadınızdadırsa, bu yay Azərbaycan və Ermənistan arasındakı təmas xəttində atəşkəs pozuldu. O hadisələr nəticəsində Azərbaycanın neçə-neçə gənc övladı həlak oldu. O zaman biz yazdıq ki, cavan uşaqların qanı üzərində alver gedir. Putini vasitəçi kimi təqdim etmək üçün hazırlanmış planının tərkib hissəsidir. Mən yazmışdım ki, bu, vətənə xəyanətdir. Yazdıqlarımız təsdiqini tapdı. Əvvəlcə Putinin vasitəçiliyilə görüş keçirildi, daha sonra Fransada Əliyevlə Sərkisyan görüşdü.
Aydın idi ki, hakimiyyət bu cür ifşalara dözməyəcəkdi, dözmədi də. Vicdanı azacıq salamat olan adam bilir ki, mənim heç bir günahım yoxdur. Özünümüdafiə cinayətdirsə, o zaman Silahlı Qüvvələrimiz hər gün niyə düşməni cavab atəşilə susdurur? Qanunda da öz əksini tapıb ki, şəxsin özünə və qoruduğu obyektə hücum olarsa, özünü müdafiə etməlidir.
Mənim işim Azərbaycan xalqının başına gətirilənləri ifşa etməkdir. Imkanım olduqca da bunu eləyəcəm”.
Seymur Həzi dövlət ittihamçısının və vəkillərinin suallarını cavablandırarkən bildirdi ki, Məhərrəm Həsənovu əvvəldən tanımayıb, yalnız polis idarəsində onun adını öyrənib. Onunla dost olmadıqlarını deyən Seymur Həzinin sözlərinə görə, aralarında heç vaxt dialoq da olmayıb.
Seymur Həzi deyir ki, insidentdən sonra Məhərrəm Həsənovun əlindən çıxıb qaçmaq istərkən o, əlində daş ardınca gəlirdi: “Qaçanda gördüm ki, polis maşını gəlir, özüm yaxınlaşdım, sevindim ki, nə yaxşı, bu dəfə oğurlayıb aparmırlar, həbslə qurtarıram. Məni polis maşınında, onu isə mülki maşında idarəyə gətirdilər”.
Seymur Həzi onu da əlavə etdi ki, söyüş söyməsi barədə deyilənlər də yalandır: “Mən ümumiyyətlə, söyüş söymürəm, bunu məni tanıyanlar da bilir”.
Polislərin yalanı ifşa olundu
Seymur Həzinin ifadəsi yekunlaşandan sonra şahidlərin dindirilməsi mərhələsi başladı. Əvvəlcə hadisədən sonra onları idarəyə aparan polislər – Çevik Polis Alayının əməkdaşları olan Emil Dadaşov, Asif Səlimli və Bəhruz Sadıqzadə dindirildi. Məhərrəm Həsənovun ifadəsindən sonra, bu polislərin dindirilməsi də cinayət işindəki saxtakarlığı açıq-aşkar ortaya qoydu. Məsələn, adları çəkilən polislərin hər biri vəkil Adil Ismayılovun suallarına cavab olaraq bildirdilər ki, onlar bu iş üzrə istintaqa ifadə vermək üçün Abşeron Rayon Polis Idarəsinə eyni gündə, özü də birlikdə gediblər, həm də nahar vaxtı. Amma dindirmə protokolları elan ediləndə məlum oldu ki, Emil Dadaşovun ifadəsi sentyabrın 8-i səhər saat 10 radələrinə, Bəhruz Sadıqzadənin ifadəsi sentyabrın 10-na, Asif Səlimlinin ifadəsi isə 11 sentyabr saat 10.15-ə qeyd olunub. Bu, polislərin bir yalanı idi.
Ikinci yalan onların hadisə yerinə necə gəlməsi məsələsində üzə çıxdı. Dediklərinə görə, üçü də polis maşınında olub, ərazidə xidmət aparırmış. Maşınla Sumqayıt-Bakı şosse yolundan Ceyranbatan qəsəbəsinə dönən kimi təxminən 30-40 metr irəlidə iki nəfərin dalaşdığını görüblər. Maşını bir qədər irəli sürüb saxlayandan sonra düşüb, təxminən 15-20 metr qaçıb Seymur Həzi ilə Məhərrəm Həsənovu saxlayıblar. Amma onların üçünün də istintaqa ifadələrində qəsəbəyə dönəndən sonra təxminən 300 metr gedib onları saxladıqları qeyd olunub. Üstəlik, Emil Dadaşov məhkəmədəki ifadəsində bildirdi ki, Seymur onları görərkən özü yaxınlaşıb.
Polislərin işin içindəki ifadələrinə görə, davanı görmələri və onları saxlayıb maşına mindirmələri 15-20 dəqiqə çəkib. Amma məhkəmədə dediklərindən belə məlum oldu ki, maşınla şosse yoldan dönüb, təxminən 50 metr irəlidə onları saxlamaları cəmi 2-3 dəqiqə çəkib.
Polislər ifadələrindəki bu ziddiyyətləri heç nə ilə izah edə bilmədilər.
Polislərdən sonra şahid qismində dindirilən Əkrəm Abuşov hadisə baş verən yerin yaxınlığında meyvə-tərəvəz satışı ilə məşğuldur. O, yalnız Seymur Həzinin qaçdığını, Məhərrəm Həsənovun da onun arxasınca qaçdığını və polislərin onları apardığını görüb. Əkrəm Abuşovun istintaqa ifadəsində göstərilib ki, o, Seymurun butılka ilə Məhərrəmi vurduğunu görüb. Şahid belə bir ifadə vermədiyini bildirdi: “Mən istintaqa da burada danışdıqlarımı demişəm. Necə yalan deyim ki, görmüşəm? Axı heç mübahisələrini də görməmişəm. Allahımıza and olsun ki, nə belə bir söz demişəm, nə də yazmışam”.
Əkrəm Abuşov onu da qeyd etdi ki, ifadəsini oxumadan imzalayıb.
Aytən Məmmədova