Seymur Həzinin məhkəməsində polislə qarşıdurma FOTO/VİDEO
Jurnalistin məhkəməsi ədalətsiz qərarla başladı
Noyabrın 11-də Abşeron Rayon Məhkəməsində “Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri, “Azərbaycan saatı” televiziya proqramının aparıcısı Seymur Həzinin işi üzrə hazırlıq iclası keçirilib. Bu cinayət işi hakim Şövkət Nəcəfovanın icraatındadır.
Dünən iclas başlamamışdan əvvəl məhkəmə binasının qarşısına polislərlə prosesi izləməyə gələnlər, o cümlədən Seymur Həzinin yaxınları arasında toqquşma oldu. Polislər məhkəmə iclasında iştirak etmək istəyən şəxslərə qarşı zorakılıq etdilər. Təsəvvür edin ki, hətta Seymur Həzinin qardaşını da məhkəmə zalına buraxmaq istəmirdilər. Polislər məhkəmə binasının qapısını bağlayarkən Teymur Həziyevin ayağı qapı arasında qalaraq, zədələndi.
Hazırlıq iclasında baş verənlərə gəlincə, jurnalistin vəkili Adil Ismayılov əvvəlcə Seymur Həzinin barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi və onun ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb. Lakin hakim vəsatəti təmin etməyib.
Bundan sonra vəkil hakim Şövkət Nəcəfovanın bu işə baxmasına yazılı şəkildə etiraz edib. Adil Ismayılov bildirib ki, bu cinayət işində tərəf olan və Seymur Həzi tərəfindən vurulduğu iddia olunan Məhərrəm Həsənovun həbsdən azad edilərək, ev dustaqlığına buraxılmasına dair qərarı məhz Şövkət Nəcəfova çıxarıb. Bu faktın özü Şövkət Nəcəfovanın bu cinayət işinə obyektiv baxacağına bəri başdan şübhələr yaradır.
Vəkilinin qaldırdığı vəsatətlərə Seymur Həzinin münasibəti isə belə olub:
“Mənim həbsim siyasi sifarişdir. Bunu istintaq materiallarından da açıq-aşkar görə bilərsiniz. Məhkəmənin haqqımda ədalətli qərar çıxaracağına inanmıram. Amma inanmağa çalışacağam. Mən bu cavan oğlanı tanımıram. O da məni tanımır. Mənim bu ölkədə problemim təkcə Ilham Əliyevlədir. Mən onu yaxşı tanıyıram, o da məni. Siz də bu yazığa qarğış eləməyin. Hamınız hər yerdə təkcə Ilham Əliyevdən danışın. Mənim həbsimdə Ilham Əliyevin və generallarının əli var. Hamısının adlarını çəkəcəyəm məhkəmənin gedişatında. Hamısını tanıyıram. Başıma torba keçirənlərə kimi hamısını… Adlarını, soyadlarını, atalarının adına kimi deyəcəyəm! Möhkəm olun, dostlar!”
Hakim Şövkət Nəcəfova bildirib ki, vəkilin etirazı baxılıb qərar verilməsi üçün Abşeron rayon məhkəməsinin sədrinə təqdim olunacaq.
Məhkəmə prosesi noyabrın 20-də davam edəcək.
Hazırlıq iclasından sonra jurnalistlərə açıqlama verən Məşgül Həziyev bildirib ki, oğlunun işi üzrə məhkəmə prosesi ədalətsiz qərarla başladı: “Hamı bilir ki, Seymuru dava üstündə həbs etməyiblər, jurnalist işlədiyinə görə həbs ediblər”.
Xatırladaq ki, Seymur Həziyə qarşı CM-nin 221.3-cü (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. O, Məhərrəm Həsənov adlı şəxsi əlindəki butılka ilə vurmaqda günahlandırılır. Lakin jurnalist sözügedən hadisənin təxribat olduğunu bəyan edib. Elə yerli və beynəlxalq ictimaiyyət də Seymur Həzinin jurnalist fəaliyyətinə görə həbs olunduğu qənaətindədir.
İnformasiya şöbəsi