Kommersiya banklarının xarici öhdəliklərinin həcmi 5 milyard manata yaxınlaşıb
Samir Əliyev: «Bankların xaricdən əlavə vəsaitlər cəlb etməsi kredit faizlərini aşağı salmağa kömək edəcək»
Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 1008,5 milyon manat və ya 26,46 faiz artaraq 2014-cü ilin dekabrın 1-nə 4 819,2 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, ötən ayla müqayisədə isə xarici öhdəliklərin həcmi 139,2 milyon manat və ya 2,97 faiz artıb. Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2014-cü ilin dekabrın 1-nə 3 428,2 milyon manat təşkil edib ki, bu da 2013-ci ilin müvafiq dövrü ilə müqayisədə 943,1 milyon manat və ya 37,95 faiz çoxdur. Məcmu xarici aktivlərin həcmində ötən ayla müqayisədə noyabrda 370,9 milyon manat və ya 12,1 faizlik artım baş verib.
Bəs Azərbaycan kommersiya banklarının bu 4 milyard manatdan çox borclanmaya girməsi hansı zərurətdən irəli gəlir? Bu addımın hər hansı fəsadı ola bilərmi?
Iqtisadçı Samir Əliyevin sözlərinə görə, bankların xarici öhdəliklərinin artmasında elə bir narahatçılıq yoxdur. Bankların xarici öhdəlikləri dedikdə onların xarici banklardan aldıqları defisitlər nəzərdə tutulduğunu deyən S.Əliyev bildirdi ki, Azərbaycandakı yüksək kredit faizlərinin aşağı salınmasının yollarından biri də bankların kredit üçün cəlb etdikləri resursların aşağı faizli olmasıdır: “Bankların xaricdən əlavə vəsaitlər cəlb etməsi kredit faizlərini aşağı salmağa kömək edəcək. Ona görə mən yaranmış asılılığı təhlükəli hesab etmirəm. Azərbaycandakı bankları başqa MDB ölkələrindəki banklarla müqayisə etsək məlum olacaq ki, bizim bankların xarici öhdəlikləri qat-qat azdır. Ona görə xarici öhdəliklərin hazırkı səviyyəsi təhlükəli deyil”.
S.Əliyev amma onu da bildirdi ki, banklarımızın reytinqi aşağı olduğundan onların cəlb etdiyi kredit faizləri daha yüksək olur.
Xəyal