Nizamnamə və məcmu kapitalını 50 milyona çatdıra bilməyən 15 bank bağlana bilər
Məhəmməd Talıblı: «Mərkəzi Bankın tələblərindən sonra ilin sonuna qədər ölkədə bank sektorunda 25-30 arası bank fəaliyyət göstərəcək»
Azərbaycanın bank sektorunu ciddi təlatümlər gözləyir. Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarının kapitallaşmasının artırılması ilə bağlı qoyduğu müddətə az vaxt qalıb.
AMB-nin qərarına əsasən, 2015-ci ilin yanvarın 1-dən etibarən bankların nizamnamə və məcmu kapitalı 5 dəfə artırılaraq 50 milyon manata çatdırılmalıdır.ÿ”Bizim yol”un məlumatına görə, qərar ilk olaraq bu il üçün nəzərdə tutulsa da, 20-dən çox bankın öhdəliyi yerinə yetirməməsi məsələsi ortaya çıxdı. Əlbəttə, birdən-birə bu qədər bankın fəaliyyətinə son vermək ölkənin maliyyə sektorunda ciddi fəsadlar yarada bilər. AMB-dən onların birləşməsinə dair tövsiyələr olunsa da, kiçik bankların rəhbərlikləri bu addımı müsbət dəyərləndirmədilər. Bu səbəbdən Mərkəzi Bank qoyulan müddəti daha bir il uzatmalı oldu.
Çox güman ki, 43 bankın hamısı 2015-ci il yanvar ayının 1-nə məcmu kapitalını artıra bilməyəcək. Belə bankların sayı, təqribən nə qədər ola bilər? Onları hansı aqibət gözləyir?ÿ
Artıq 10-dan artıq bankın adını təhlükə ərəfəsində olan banklar siyahısına salmaq olar. Onlar “AzəriGazBank”, “AmrahBank”, “Azərbaycan Kredit Bank”,
“Azeri-Türk Bank”, “ATRABANK”, “Bank Avrasiya”, “Bank of Azerbaican”, “Deka Bank”, “NBC Bank”, “Turan Bank”,
“Rabitəbank”, “Muğanbank”, “Parabank”, “United Kredit Bank”, “Zamin Bank”dır.
Bəs adları sadalanan bankların fəaliyyətinin dayandırılması Azərbaycanın bank sektoruna nə vəd edir?
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, Mərkəzi Bankın nizamnamə kapitalının artırılması ilə bağlı mövcud tələblər artıq məcburi xarakter daşıyır. Ona görə bankların nizamnamə kapitalını artırmaqdan başqa çarəsi yoxdur. Amma hazırda bank sektorunda yaranan durum nəzərə alınarsa, ekspert hesab edir ki, nizamnamə kapitalını tələb olunan səviyyəyə çatdıra bilməyən bankların birləşmə ehtimalı da mövcuddur: “Düşünürəm ki, Mərkəzi Bankın həyata keçirdiyi islahatdan sonra ilin sonuna qədər ölkədəki 44 bankdan 10-15-i bağlanacaqdır. Nəticədə ölkədə bank sektorunda 25-30 arası bank fəaliyyət göstərəcəkdir. Ona görə Mərkəzi Bankın həyata keçirdiyi islahatlar məhz bankların sayının azaldılmasına hesablanıb. Bu bankların sıradan çıxarılması o deməkdir ki, bank sektorunda onsuzda olmayan rəqabət bir qədər də çətinləşdiriləcək. Nəticədə kommersiya banklarının həyata keçirdiyi yüksək dərəcəli faiz, aşağı dərəcəli depozit faizləri müştərilərin əleyhinə olaraq dəyişdiriləcək”.
Xəyal