Ağıllı, işini bilən, millətini sevən və onun heysiyyətini hər şeydən üstün tutduğunu gizlətməyən kadrlar Əliyev yönətiminin hər iki mərhələsində amansızcasına vurulub. Onun özünü isə yalnız bir şey düşündürüb: ailə hakimiyyətinin quruculuğu və möhkəmləndirilməsi. Məhz buna görə də heç bir siyasi fəaliyyətdə olmayan, Azərbaycanın ictimai-siyasi proseslərində iştirak etməyən oğlunu öz yerinə qoymaqdan başqa heç nə onun bir nömrəli missiyası sayılmırdı.
İsa Sadıqov
“Liderə məhəbbət” fenomeninin imitasiyası Heydər Əliyev idarəetmesinin xüsusi parodik göstəricisidir. Onun görüşləri, xüsusi təntənələrlə müşahidə olunan səfərləri, ayaqları altında kəsilən qoyunlar,.. həmin məhəbbətin fiziki-material əlamətləri olmalı idi və özəlliklə rayonlara səfərlərində bunlar hamısı tələb edilirdi. Yol boyu düzülən məktəblilər, yerli əhali və kəsilməyə hazır yüzlərlə qoyun-quzu. Bir çoxları bu qoyunları, sadəcə, göstəri üçün saxlayır, sonradan pəyəsinə ötürürdü, amma hər halda kəsim taleyindən qaçırılması mümkün olmayanları kəsib yerli yeməkxanalara verirdilər. Yaxşı xatırlayıram ki, yerli yeməkxanaların sahibləri çox zaman hay-küy salıb bu cəmdəkləri götürmək, onların pulunu vermək istəmirdilər və bildirirdilər ki, müştəriləri yoxdur və bu ət onlara gərək deyil. Açığını deyim ki, belə bir komediyanı yalnız Azərbaycanda və yalnız Əliyev yönətimi zamanı görmüşəm. Elçibəy zamanında ictimai rəyin bu şəkildə alçaldılması, əlbəttə, mümkün deyildi. Ola bilər ki, bu cür olaylar Türkmənistanda və ya Özbəkistanda baş vermiş olsun, vəssəlam. Əliyevə bənzəyən idarəçilərin sayı o qədər də çox deyil ki, belə şeylərlə addımbaşı rastlaşasan.
Yəqin xarab olmuş televizor haqqında lətifəni də hər kəs bilir artıq. Televizoru təmir edə bilməyən usta Əliyevin şəklini ekrana yapışdırıb “hələlik, bu cür keçinin, onsuz da bütün kanallarda yalnız bunu göstərir” deyə müştərini yola verir. Bu minvalla, ən balacadan tutmuş ən iri çinli məmurların hamısının kabinetində də onun şəkillərinin asılması hökm edilirdi və edilir. Dövlət məmurlarından götürülən bütün müsahibələr danışdırılan məmurun sifətinin yox, onun kabinetindəki bu portretlərin nümayiş etdirilməsi ilə başlayır. Bu çəkiliş texnologiyası da ona hesablanır ki, dövlət məmurları daha çox portret istehlak etsinlər.
Heç zaman başa düşə bilmədim ki, Azərbaycanı yönətən rejimdə terror örgütü olan PKK-ya əlahiddə münasibətin hansı qaynaqları ola bilər. Bir zamanlar, 1998-ci ildə Əbülfəz Elçibəy Heydər Əliyevi PKK-nın yaradılmasında iştirak etməkdə suçlamışdı. O zaman onu məhkəməyə vermişdilər, deyəsən. Nəsə, sonu olmayan belə bir proses də başlamışdı. Amma hər bir halda, 1997-98-ci illərdə yeni yaranan “Azpetrol” yanacaqdoldurma məntəqələri PKK simvolikaları ilə bəzədilmişdi. Bu biabırçılıq bir neçə dəfə ANS-də göstərildi və tənqid edildi, tanınmış şair Rüstəm Behrudi bu simvolikalarla bağlı çox sərt bir mövqe tutdu və yalnız bu ictimai təpkilərdən sonra həmin simvolikaları oradan rədd etdilər.
Bütün bunların təsadüfi olduğuna heç zaman inana bilməmişəm. Xatırlayıram ki, həmin illərdə MUM-da – DIN-lə üzbəüz univermaqda işləyən dostlarımdan biri mənə qəribə bir vizit kartı gətirmişdi. Adi vizit kartı idi. Amma cibindən böyüdücü şüşə çıxarıb vizit kartını onun altına qoyub baxanda orada PKK-nın simvolikasının olduğu görünürdü. Çox səliqəli, gizli və ağıllı. Sonradan Türkiyə səfirliyinin bir əməkdaşı ilə görüşümdə cibimdə qalan bu vizit kartını ona da göstərdim. Təbii, onlar da heç nə aşkar edə bilmədilər, amma həmin lupanı işə salıb baxanda təəccüblərini gizlədə bilmədilər.
O, Azərbaycanı çox-çox illər geriyə ataraq həyatdan getdi. O, Azərbaycanı bir mülk, əmlak olaraq öz ailəsinə, qohum-əqrəbasına miras kimi, Azərbaycan xalqını isə çıxılmazlıqlarda və yaman gündə qoyaraq həyatdan getdi. Onun qoyub getdiyi Azərbaycan ölkə olaraq ərazi bütövlüyü təmin edilməyən, xalq olaraq siyasi-iqtisadi azadlıqları tanınmayan bir yerdir. Əvvəlcə onun özünün, daha sonra oğlunun davam edən hakimiyyəti Azərbaycanın bir dövlət olaraq heç bir strateji problemini həll etmədi və etməyib, bundan sonra da həll etməyərək həmin problemleri daha da ağırlaşdırmaqdan, dərinləşdirməkden başqa heç bir şeyə yaramayacaq. Millətin gələcək problemləri artan xətt üzrə ağırlaşır. Hətta yaxın gələcəkdə belə bizim övladlarımızın dərd və fəlakətlərinin hansı temp üzrə artacağını aşkar müşahidə etmək mümkündür. Əliyev Azərbaycan tarixində və Azərbaycan xalqının genetik-tarixi yaddaşında sadəcə bir diktator, tiran kimi qala biləcək və bu, mübahisəsizdir. Zaman irəlilədikcə tarixçilər də ictimaiyyət bu qənaəti daha dərindən öyrənib daha da sərtləşdirə bilərlər, sadəcə. Onu ümummilli lider, sərkərdə, xilaskar kimi təqdim etməyə çalışan bugünkü propoqandanın isə heç bir perspektivi yoxdur, ola bilməz.
ardı var