Hakimiyyətin “bizim Qarabağ boyda dərdimiz var” deyimi artıq öz qüvvəsini itirib. Bu fikir Qarabağ qazisi Asif Yusiflinin həbsi ilə öz qüvvəsini itirdi. Məlum oldu ki, hakimiyyət üçün Qarabağsızlıq yox, azad fikirli Qarabağ qazisinin varlığı böyük dərdə çevrilib. Asif Yusiflini dələduzluqda ittiham etdilər. Çünki, Asif Yusifli Qarabağ döyüşlərində yaralandıqdan sonra yerdə qalmaq üçün bəhanə axtarmadı. Yenidən ayağa qalxmaq üçün vasitə axtardı. O, fiziki sağlamlığını itirib. Sonradan ayaqda qalmaq üçün qoltuq ağacından istifadə etdi. O sübut etdi ki, qoltuq ağaclarından sallanaraq da mübarizə aparmaq, haqq uğrunda savaşmaq olar. Bu gün Kəlbəcərdə girov götürülmüş Dilqəm və Şahbaz Ermənistan həbsxanasındadır. Qarabağı ermənilərdən azad etmək üçün əlil olmuş Asif Yusifli isə Azərbaycanda həbs həyatı yaşayır. Dilqəmin və Şahbazın azadlığı üçün beynəlxalq təşkilatlara müraciət edən hökumətimiz, beynəlxalq təşkilatların “Asif Yusiflini azad et” tələbinə “yox” cavabı verir. Əslində Asif Yusiflinin həbsi ermənilər üçün bayrama çevrilib. Çünki, Asif erməniyə güllə atıb və müharibədən sağ qayıdıb. Indi ermənilərin qisas arzusunu Azərbaycan hakimiyyəti reallaşdırmaqla məşğuldu.
Bəli, ağır əməliyyatdan dərhal sonra həbs olunmuş, bu gün də ayağındakı yaralardan əziyyət çəkən erməni qənimi, Bakıda girov saxlanılır.
Azərbaycan reallığında Qarabağ qazisi köləlikdən imtina edəndə, “milli qəhrəman” yox, dələduz “medal”ı ilə təltif olunur.
Əgər Asif Yusifli Qarabağ döyüşlərində şəhid olsaydı, hökumət komandası hər dəfə Şəhidlər xiyabanını ziyarət edəndə, onun məzarı üstünə qərənfil düzərdilər. Belə çıxır ki, Asif Yusiflinin ən böyük günahı ölməməsidir. Bizim hökumətimiz ölmüş qəhrəmanları sevir.
Asif Yusifli təkcə Qarabağ qazisi deyil, həm də Azadlıq qazisidir. O, avtoritarizmlə mübarizədən də sağ çıxa bilib. O, qorxu, yaltaqlıq, pul, vəzifə, rüşvət “güllə”sindən də yayına bilib. Yəni, nə erməninin, nə də hökumətin gülləsi onu öldürə bilməyib.
Görünür, Asiflərin azadlıqda gəzməsi heç vaxt gəlib çıxmayan “lazım”a sərf etmir. Cəmiyyətdə döyüş ruhunu yaşadan insanlar, sülh adı altında milyardlar yığanların düşmənidir.
Hakimiyyət istəyir ki, xalq Asifi dələduz kimi tanısın. Amma Asifə hansı tərəfdən baxsan, dələduzluq əlaməti görünmür. O bütün tərəfləri ilə qeyrətli Azərbaycan oğlu, vətənpərvər igid və azad ruhlu fədaidir. Onun simasında dələduzlara, korrupsionerlərə, yaltaqlara nifrət nişanəsi var.
Indi həbsxanada Qarabağdan bir nişanə var. Yəqin, hakimiyyət Qarabağla bağlı bütün nişanələri məhv etmək zərurəti duyur.
Asif Yusiflinin şərlənərək həbs edilməsi, Qarabağda şəhid olmuş 100-lərlə əsgərin ruhuna hörmətsizlikdir.
O, xalqın və haqqın cəbhəsində olduğuna görə həbsdədir. Asif Yusiflinin indiki əlaməti, onu dustaq edənlərin gələcək əlamətlərini müəyyən edir. Tezliklə, dələduzların da, dələduzlara qarşı döyüşənlərin də kimliyi üzə çıxacaq. Asifin qoltuq ağacları, qoltuğu haramla dolmuşlardan hesabat tələb edəcək.
Reallıq isə budur ki, bu gün Qarabağ da, Qarabağ qazisi də girovdadır. Bu 20 faizlik itkinin üstünə, 100 faiz qazi olan Asif Yusiflini də gəlmək lazımdır. Bir sözlə, Qarabağın işğalı Kürdəxanıda davam edir. Bu pis əlamətdir.