Bu gün ölkənin əsas problemlərindən biri də kitabsızlıqdır. Bu ölkədə oxumadan, mütaliə etmədən, təhsil almadan da yüksəlmək, uğur əldə etmək mümkündür. Bu “nümunə”ni isə bizə YAP hakimiyəti nümayiş etdirib. Bəli, bu ölkədə yalan və yaltaqlıq bacarığı insana komfort bəxş edə bilir. Hətta mümkündür ki, bu “bacarıq” sayəsində kitab da yazasan, alim də olasan, fəxri adlara da layiq görüləsən.
Bir sözlə, indi Azərbaycan insanı üçün kitab perspektiv vəd etmir. Kitab oxuyanlara isə, “oxuyub nəyə nail olacaqsan”, “alimin cibi boş olar”, “cib boş olandan sonra, başın dolu olmasının nə əhəmiyyəti var” kimi “ibrətamiz” məsləhətlər verilir. Çünki, bu gün insanlara dərs keçən, məsləhət verən, yol göstərən kitabsızlardı. Çünki, bizi idarə edənlər kitablarda yazılanlardan imtina edərək öz “yol”larını seçiblər.
Hakim hüquq kitabında yazılandan imtina edib, sifarişlə qərar çıxarır, həkim tibb kitabında yazılandan imtina edib, öz “diaqnoz”unu qoyur və s.
Ən dəhşətlisi odur ki, təhsilə və kitaba qənim kəsilənlər, təhsilli və kitablı adamları “qaragüruh”, “vətən xaini”, “ermənipərəst” adlandırırlar. Yəni bu ölkədə kitabla əməkdaşlıq edib, yaradıcı təfəkkürə sahiblənmək də təhlükəlidir.
Mən bu köşəni niyə yazıram? Son günlər yaptokratlar mütaliədən, Azərbaycan klassiklərindən, dünya ədəbiyyatından danışmağa başlayıblar. Çünki, özlərinə də məlum olub ki, cəmiyyət bunları savadsız kimi tanıyır. Ona görə də “baqaj”larında olanları ortaya tökməyə başlayıblar.
Şəxsən mən o qənaətdəyəm ki, kitab yalnız xilas olmaq istəyənləri xilas edə bilir. Həqiqətə, ədalətə üz çevirməyi həyat tərzi seçənlər qarşısında kitab acizdir.
Qayıdaq hökumətimizin intellektuallarına. Bu yaxınlarda millət vəkili Siyavuş Novruzov saytların birinə müsahibəsində bildirmişdi ki, Viktor Hüqonun “Səfillər”ini oxumayan adamda nəsə çatmır. Daha sonra başqa bir müsahibəsində Sabirdən, Cəlil Məmmədquluzadədən danışmışdı. Televiziyada isə, adını unutduğum rejim təəssübkeşlərindən biri, Kafkanın “Məhkəmə”sindən, Şopenhauerdən söhbət edirdi.
Açığı, yaptokratlardan Hüqo, Kafka, Şopenhauer haqqında eşidəndə diksindim, tüklərim biz-biz durdu.
Düşündüm ki, ilahi, mən nə qədər cahil adamam. Bugünə qədər, dünya mütəfəkkirlərinin nə demək istədiyini dərk etməmişəm. Başımı vurmağa daş axtarırdım.
Sən demə, Viktor Hüqo “Səfillər”i yazmaqla, xalqı səfil vəziyyətə salmağın müsbət tərəflərini izah etməyə çalışırmış.
Sən demə, Kafkanın “Məhkəmə”sində məqsəd qondarma məhkəmə qərarlarına haqq qazandırmağın, saxta ittihamlara əl çalmağın mənəvi dəyər olduğunu bizə çatdırmaq imiş. “Çevrilmə” novellası isə xalqdan üz çevirib hakimiyyətə doğru yönəlməyin vacibliyini təbliğ edirmiş.
Sən demə, “Həyat fəlsəfəsi”nin banisi Şopenhauer “Dünya kor iradə və boş təsəvvürdür” əsərini yazarkən, bütün həqiqətlərə kor olub, pislikləri gözəllik kimi təsəvvür etməyə çağırırmış.
Yəqin bunlar üçün Dostoyevskinin “Cinayət və cəza”sı, cinayət törətməyənləri cəzalandırmağı, Con Steynbekin “Adamlar və siçanlar”ı xalqı siçan kimi tələyə salmağı, Tolstoyun “Hərb və Sülh”ü sülh şəraitində hərbçiləri qırğına verməyi, Mişel Montenin “Təcrübələr”i vətəndaşların taleyi üzərində ləyaqətsizlik təcrübələri aparmağı təbliğ edirmiş.
Görünür, bunlar dünya ədəbiyyatını dünyəvi dəyərlərin əksinə getmək üçün oxuyurlar.
Sonda bir xahişim olacaq. Cənablar, daha mütaliə etməyin. Çünki, bütün mütəfəkkirləri itirməyə hazır deyilik.