Hər dəfə dünyada bir avtoritar rejimin süqut etməsi ilə paralel olaraq Azərbaycan hakimiyyəti kütləvi həbslərə, repressiyalara start verir. Hazırda müxalifət yenidən hədəfdədir və… ənənəyə uyğun olaraq, Azərbaycan Xalq Cəbhəsi Partiyasından başayıblar. Gənclər komitəsinin sədri Ilham Hüseyn, partiya funksioneri Təzəxan Mirələmli başda olmaqla, bir neçə gənc, eləcə də partiya sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənli artıq həbs edilib. Bu absurd həbslərə hansı don geyindirəcəklər, bilmirəm, amma həqiqət budur ki, buna yeganə səbəb… Ukraynanın hazırda axtarışda olan prezidenti, Heydər Əliyev ordenli Viktor Yanukoviçdir. Bəli, əziz oxucu, heç təccüblənmə, bir neçə il əvvəl, onlarla gəncimiz də, Mübarəkin, Qəzzafinin və digər diktatorların “zibili”nə düşərək, ömürlərinin bir neçə ilini həbsdə keçirdilər…
Nədənsə, Ilham Əliyevə elə gəlir ki, müxalifət fəallarının müntəzəm həbs edilməsi onun xanimanını xilas edəcək, hakimiyyətini əbədi edəcək. Halbuki, elə bir zaman gəlib çatıb ki, artıq başqa şeylər haqda düşünmək lazımdır….
Istər ərəb ölkələri, istərsə də Ukrayna hadisələri çox net şəkildə ortaya qoydu ki, demokratikləşmə təbii hadisələrlə müqayisə olunacaq bir gücdədir, onun qarşısını almaq iqtidarında ola biləcək bir qüvvə, şəxsiyyət yoxdur.
Açıq danışaq, Ukraynadakı proseslər Rusiya prezidenti Vladimir Putinin iradəsindən kənar bir gəlişmə idi və o istəsəydi belə, bunun qarşısını ala bilməzdi. Tarixin ironiyası ilə o, inqilab zamanı Kiyevin bir neçə yüz kolometrliyində yerləşən Soçi şəhərində Olimpiadanı seyr edirdi. Tək təsəllisi isə… medal qazanan rus idmançıları idi.
Heç kimə sirr deyil ki, Əliyev hakimiyyətinin yeganə dayağı Moskvadır. Prezident seçkilərindən öncə Valadimir Putinin Bakıya qeyri-adi səfəri böyük ölçüdə seçkilərin taleyini həll etdi. O zaman çoxları MDB məkanı haqda ümidsizliyə qapılmışdı. Lakin Ukrayna hadisələri sübut etdi ki, Qərb üçün MDB və Afrika “ayrı-seçkiliyi” deyə bir şey yoxdur. Lazım gələndə Vladimir Putini də yerində oturtmağı bacarırlar.
Bir az irəli gedərək cəsarətlə belə bir iddia irəli sürmək olar ki, Krım hadisələri Rusiya prezidenti üçün ağır nəticələrə gətirib çıxaracaq. Bu iki ən böyük slavyan etnosu tarixin bundan da ağır sınaqlarından dəfələrlə çıxa biliblər və Yanukoviçin aqibətini yumşaq formada Putin də yaşaya bilər.
…Tarixi praktika göstərir ki, güclü müxalifət ilk növbədə diktaturalara lazımdır. Götürək elə Ukraynadakı hadisələri. Fikir verdinizsə, müxalifət iqtidar deputatlarını, onun ayrı-ayrı məmurlarını qoruma altına aldı, onların keçid hökuməti ilə müvəqqəti işbirliyini təmin etdi.
Hətta “Berkut” kimi onlarla insanın qanını tökmüş, yüzlərlə insana fiziki xəsarət yetirmiş təşkilatın sıravi üzlərini sözün əsl mənasında linç edilməkdən xilas etdi. Yanukoviç komandasının yüzlərlə üzvü bu gün çox şeylərə görə Ukrayna müxalifətinə minnətdar olmalıdır. Qayıdaq Azərbaycana…
Azərbaycan iqtidarı müxalifətə qarşı elə bir repressiya aparır ki, şəxsən mən Ukrayana hadisələrinin bu gün Azərbaycanda baş verməsindən narahatam. Allaha dua edirəm ki, nə qədər gec deyil, iqtidar dünyada gedən prosesləri dərk edə bilsin və bundan sonrakı addımlarını ona görə atsın. Rejim ideoloqları, starateqləri, siyasi analitikləri Ukraynanın bir neçə ay əvvəlki ictimai-siyasi mənzərəsini xatırlasınlar və nəticə çıxarsınlar. Bir neçə cümlə ilə mən də yardımçı olmağı özümə borc bilirəm. Beləliklə…
Bir neçə ay bundan əvvəl Yanokoviç iqtidarı Avromaydana 10 mindən bir qədər artıq tərəfdarlarını toplayan müxalifətlə sözün əsl mənasında məzələnirdi. Gah Kliçkonu polisə çağırırdılar, gah Yatsenyuka inzibati cəza kəsirdilər. Yanukoviç 7 milyonluq Kiyev üçün bu etirazı təxribat kimi dəyərləndirirdi. Xatırlayırsınızsa, fevralın 9-da, “UDAR” partiyasının lideri Vitali Kliçko Yanukoviçin onu həbs etdirmək istəyi haqqında bəyanat verdi. Prezidentlə görüşmək ümidi ilə hər gün onun hazırda xalqın ixtiyarına verilmiş iqamətgahına gedən müxalifət ələ salınaraq geri qayıdırdı…
Iki həftədən bir az çox vaxt keçib. Yanukoviç axtarışdadır və haqqında cinayət işi açılıb. Özü də bu qərarın lehinə onun sədri olduğu partiyanı təmsil edən bütün deputatlar yekdilliklə səs verib. Bu növbəti yazımın mövzusu olduğundan dərinə (!) getmirəm…. Azərbaycan hakimiyyətinin qlobal demokratik prosesdən yayınmaq üçün tək şansı… sözün həqiqi mənasında bütün xalqı həbs etməkdir.
Ayrı-ayrı müxalifət nümayəndələrini həbs etmək isə, quyuya su tökmək kimi bir şeydir.