Hüquq-mühafizə orqanlarında ölkədəki saysız-hesabsız intiharlarla bağlı başlanan cinayət işinin çox qısa zamanda qapanmasına yəqin ki, hamınız adət etmisiniz. Əksər hallarda cinayət işi başlanmamış, “hökm” verilir. Məsələn, belə: “Mərhumun psixi problemləri olduğu təsdiqlənib”.
Keçən il yaxşı tanıdığım, ali təhsilli taksi sürücüsü özünü asanda mətbuat və televiziyalar da onun barəsində ənənəvi ifadəni işlətdilər. Halbuki, mərhumun heç bir psixoloji problemi yox idi, onun yeni tikdirdiyi… evi var idi. Və bu ev ARDNŞ tərəfindən uçurulduqdan sonra zavallı bir şüşə sirkə içməklə etirazını ifadə etdi.
Intihar edənlər kimlərdir, diqqət edək: bir neçə il əvvəlin icra başçısı və ya icra nümayəndələri, məktəb direktorları, onların təlim-tərbiyə üzrə müavinləri, biznesmenlər, hərbi xidməti yenicə başa vuranlar, bir sözlə, hər təbəqədən olan və yaşamaq haqqına malik vətəndaşlar. Hərbi hissələrdəki yüzlərlə intihar hadisəsini də bunlara əlavə edəndə dəhşətli mənzərə ilə qarşı-qarşıya qalırıq.
Sual meydana çıxır: əgər intihar edənlərdə psixi problemlər varsa, onda oxşar xəbərlər niyə Maştağa başda olmaqla, ölkənin digər ruhi-əsəb dispanserlərindən gəlmir?
Yadınızdadırsa, keçən ilin yayında Maştağadakı psixiatriya xəstəxanasından üç nəfər ruhi xəstə qaçmışdı, sonuncusunu bu il tuta bildilər. Onların heç biri intihar təşəbbüsündə bulunmağı ağıllarından belə keçirməmişdilər. Cinayətkarların belə, qibtə edəcəyi üsullarla gizlənmişdilər…
Rejim yalnız Qarabağ qazisi Zaur Həsənovun intiharına reaksiya verdi, ailəsinə kompensasiya, yetim qalmış uşaqlarına aylıq müavinət təyin etdi. Cəmiyyəti sakitliyə çağırdılar və muzdlu psevdo-patriotlar vasitəsilə buna qədər olan minlərlə intiharın üstündən xətt çəkməyə çalışdılar.
Intiharların isə ardı-arası kəsilmir və bu kədərli hallar keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Insanlar kəndirdən, sirkə şüşəsindən, intiharı gerçəkləşdirdikləri zirzəmilərdən, tövlələrdən, damlardan imtina etməyə başlayıblar. Bir şüşə benzin götürərək, bu aktı onu intihara məcbur edən məmurun iş yerinin qabağında gerçəkləşdirməyə qərar verirlər. Tragikomik bir vəziyyət yaranıb, bilmirsən buna ağlayasan, ya güləsən.
Əvvəllər bunu səssiz şəkildə, heç bir anons vermədən edirdilər. Amma son vaxtlar hadisədən öncə hər kəsə duyururlar ki, “filan gün, filan yerdə intihar edəcəyəm…”
Rejim Zaur Həsənovun intiharına səbəb olan məmurları, hökm verənləri cəzalandırmağı belə düşünmədi, əksinə, hökumətin nəzarətində olan media orqanları o adamların müdafiəsinə qalxdı. Məsələnin hüquqi tərəfi qabardıldı, mənəvi və insani faktorlar arxa plana keçdi. Ömründə siqaret belə çəkməyən müxalifətçi gəncin cibinə narkotik atıb onu zindana göndərən rejim lazım gələndə “hüquqi dövlətə” çevrilir.
Gələk əsas məsələyə, yəni sərlövhəyə çıxardığım “mən intihar etməli olsam…” ifadəsinə. Hər bir vətəndaş kimi, mənim də buna haqqım var, lakin etiraf edim ki, bu haqda düşünməmişəm. Odur ki, subyektiv fikirlərimi oxucularla, eləcə də gələcəkdə intihar etməyi düşünənlərlə bölüşməyi özümə borc bilirəm.
Mərhum Zaur Həsənovun intiharından sonra rejimi silkələyə biləcək intiharı gerçəkləşdirmək sizə o qədər də asan gəlməsin. Üstəlik, Qarabağ qazisi də deyilsiniz, adi bir vətəndaşsınız. Sizi həyatdan küsdürən məmurun çalışdığı idarənin önündə özünüzü yandırmağınız heç bir effekt verməyəcək. Özünü yandırmaqla intihar edənlərin artan dinamikası, bu olayın yaxın gələcəkdə sıradan bir məişət hadisəsinə çevriləcəyinə şübhə yeri qoymur. Təsəvvür edirsinizmi, əlimdə benzin şüşəsi küçədə durmuşam, intihara sayılı dəqiqələr qalıb, iki həftə öncə elan etməyimə baxmayaraq, ətrafda jurnalistlərdən başqa kimsə gözə dəymir. Nə yanğınsöndürən maşın var, nə də Fövqəladə Hallar Nazirliyinin səninlə “psixoloji bağlantı”? qurmalı olacaq əməkdaşları… Bu da azmış kimi, küçədən uşaqları ilə keçən bir valideyn səndən intihar aktını onlar uzaqlaşana qədər təxirə salmağı xahiş edir, deyir, balacanın bu qoxuya allergiyası var…
Sənsə istəyirsən ki, bu intihar əvvəlkiləri kölgədə qoysun, heç olmasa, ölümündən sonra haqq-ədalət yerini tapsın və s. Hələ bir az da irəli gedərək, fikirləşirsən ki, ölümümlə intihar həddində olanları da xilas edirəm.
Düşünsəniz, mən ailəmi, uşaqlarımı gözüyaşı, problemlər içində qoyub gedirəm… o isə qalır və əməllərinə davam edir.
Xeyir ola?!