Növbəti yazım üçün Azərbaycan telekanallarındakı serialları epizodik də olsa izləməyi nəzərdə tutmuşdum. Bir neçə məqsədim var idi; süjet xəttini “anlamaq”, nəyin təbliğ edildiyini, sadə insanlara, xüsusən də gənc nəslə nələrin aşılanmasını aydınlaşdırmaq və bu haqda yazmaq… Əvvəlcədən xəbər tutmuşdum ki, budəfəki seriallar keçən ildəkindən fərqli olaraq, bir az satira və gülüşə meyllidir. Əlbəttə, duzsuzluq və qeyri-professionallığını saxlamaq (!) şərti ilə…
Allah qoysa, məhz bu səbəbdən Azərbaycanın bugünkü durumu ilə Türkiyənin 70-80-ci illəri arasında paralellər aparmağı düşünürdüm. Məşhur komik aktyor Kamal Sünalın (Şaban) çəkildiyi komediyalar başda olmaqla, insanların rəğbətini “qazanmış” populyar türk filmləri ilə yerli seriallarımızdakı bəzi məqamları müqayisə edəcəkdim. Necə deyərlər, sən saydığını say, gör telekanallar nə sayır… Alınmadı və nəzərdə tutduğum yazı istər-istəməz bu hala gəlməyə başladı…
Yalnız Namiq Qaraçuxurlunun (!) çəkildiyi və türk müğənnisi Əmrahın “Böyük yalan”ına “çox bənzəyən” serialdan bir süjetə baxdım, digər iki kanalda isə Kamal Sünalın komediyaları gedirdi. Fasilədəki anonslardan məlum oldu ki, Azərbaycan telekanallarında bir “Şaban” rüzgarı əsirmiş, xəbərimiz yox imiş. Özü də daha “anlaşılsın” deyə, əcaib formada dublyajı ilə… Canlı şahidi olmasam da, oxuduqlarıma əsasən təsəvvürümdə təxminən 30 il əvvəlin Türkiyəsi canlanmağa başladı…
Həmin dövrdə Türkiyə iqtisadiyyatı zəif, ölkədə demokratiya, yoxsa diktaturanın hökm sürdüyünü ayırd etmək isə çox çətin idi. Ölkə silahlı münaqişəyə (Kıbrıs savaşı) cəlb edilmişdi, hakimiyyətə ordu və polis tərəfindən tez-tez müdaxilələr olurdu. Ölkədə çevriliş baş verəcəkdi, insanlar arasında qeyri-bərabərlik mövcud idi. Sadə vətəndaşlar dolanışıq ucbatından Almaniya və digər xarici ölkələrə baş götürüb gedirdilər, qalanları isə az qala “Sizif əməyi” nəticəsində öz ailələrini güc-bəla ilə saxlayırdılar.
Belə ağır vaxtlarda, ilk baxışda qaçılmaz olan xaos və vətəndaş qarşıdurması ərəfəsində Kamal Sünal (Şaban) filmləri türklər demiş, “viziyona”, yəni baxışa girdi. Onun yaratdığı sadəlövh Şaban obrazını sadə insanlar çox sevdilər. Öz içlərindən olan birisinin hiyləgər məmur və sahibkarları necə barmağına dolaması sadə türkləri bir növ depressiyadan azad edirdi. Günlərin bir günü Şaban filmlərindəki xoşbəxt sonluğu yaşamaq ümidi onları müvəqqəti də olsa, həyata qaytarırdı. Həyatda analoqu olmayan hadisələrin “ekran həlli” o dövrün iqtidarının işinə çox yarayırdı. Bu filmlər sadə vətəndaşlara səbrli, aza qane olmağı, var-dövləti, bizim dillə desək, pulun əl çirki olmasını təbliğ edən filmlər idi. Baş qəhrəman Şaban bir qayda olaraq, filmin sonunda ağlasığmaz şəkildə sərvət sahibi olur və qəflətən… sadə insanların, içərisindən çıxdığı kəsimin xeyrinə bu var-dövlətdən imtina edirdi.
Türkiyənin o zamankı iqtidarı haradasa 8 il ölkəni “Şaban” terapiyası ilə “müalicə etməyə” çalışdılar, artığına gücləri çatmadı. 80-ci illərin əvvəllərində Turqut Özal hakimiyyətə gəldi və ölkə iqtisadi yüksəliş dövrünə qədəm qoydu. Cəmi bir neçə il sonra insanların Şabana olan inamları (!) öldü və onlar daha praqmatik düşünməyə başladılar. Hazırda Türkiyədə Şaban filmlərinə o dövrün acı xatirəsi kimi baxırlar və “ilahi, biz nə qədər də aptal (səfeh) olmuşuq” – deyirlər.
Bu gün Azərbaycanın sadə vətəndaşına da Şabanı “sevdirməyə” çalışırlar. Beyinlərə bu obraz vasitəsilə yeritməyə çalışırlar ki, bu dünya fanidir, var-dövlət bu gün var, sabah yoxdur, əsas olan, optimist olmaqdır. Anlayacağınız qaz tükündən hazırlanmış rahat yastıq…
Lakin iqtidar bir şeyi unudur. Unudur ki, milləti “Şaban terapiyası” ilə “sağalda bilməyən” o vaxtkı Türkiyə iqtidarı bunun bədəlini çox ağır ödədi. Aldadılmış millət haray çəkərək, ayağa qalxdı, ordu isə fürsətdən yararlanıb yönətimə şərik oldu. Vəziyyət o qədər gərginləşdi ki, ordu belə iddialarından əl çəkərək islahatçı Turqut Özalın hakimiyyətə gəlməsinə etiraz etmədi.
Şabanla millətin başını qatmağın acı nümunəsi göz qabağında olsa da, görünür, iqtidarın başqa seçimi qalmayıb.
Nə deyək, təki axırı millətimiz üçün xeyirli olsun…