Əslində Azərbaycanın bir adı da ayrılıqdır. Bizim var olan hər şeyimiz Ikiyə və bəzən də üçə bölünüb, – əzəli torpaqlarımızdan tutmuş, kişisi Rusiyada çörək qazanan ailəyə qədər…
Bu ölkədə dostları da ayırıblar, iqtidarda olan məmur müxalifətdə olan keçmiş tələbə dostunun xeyir-şərinə gəlməyə qorxur. Mən şəxsən belə mərasimlərə əsas kütlə dağılışandan sonra qatılmağa adət etmişəm.
Mütəmadi olaraq, mənə baş daşı sexindən zəng edirlər, ona görə yox ki, hər həftə rəhmətə gedənim olur, xeyr, məsələ tamam başqadır. Iqtidarda olan keçmiş tələbə dostlarım mənimlə, yaxud da mən onlarla görüşmək istəyəndə bu sexdə işləyən ümumi tanışımızla əlaqə saxlayırıq. Nə qədər kobud çıxsa da deyəcəm, bu, evli adamın aşnası ilə münasibətlərinə bənzəyir.
Bizdən fərqli olaraq, prezident Ilham Əliyevə hər şey olar, Sərkisyanla da görüşür, Moskvada təhsil aldığı tələbə dostları ilə də. Halbuki, Rusiya siyasətinin ön cərgəsində yer alan (darıxmayın, “Müsavat”ın Milli Şuradan ayrılmasından da yazacam – X.Ə.) bu şəxslərin heç birinin dilindən “Qarabağ Azərbaycanın tərkib hissəsidir” eşitmədik. Ildə bir dəfə gəlib yeyib-içib, yükünü tutub gedirlər. Bir az irəliləyək, gələk ABŞ-ın keçmiş dövlət katibiı Dik Çeyni cənablarına. Məlum oldu ki, bu adamın o biri işi də Azərbaycan kürüsü çeynəmək (uysun deyə yazdıq) imiş. Indi gəlin görək, onun Qarabağ haqqında yadda qalan bir frazası varmı. Əlbəttə, yox. O qədər kürü ermənilərin simvolu Şarl Aznaura verilsəydi, daşnakları özü daşqalaq edərdi. Qızı türk əsilli ərəb (!) ilə bir az mazaqlaşan kimi, soydaşlarına “tüpürüm sizin soyqırımınıza” dedi…
Kürüdən söhbət düşmüşkən, onun da bir adı ayrılıqdır, dolmadan, bozbaşdan fərqli olaraq, xaricə köçüb.
Bu ölkədə bir AXCP-Müsavat birliyi də var idi, indi o da yoxdu, ayrıldılar. Müsavat partiyası bəyanat verərək, AXCP-nin də tərkibində olduğu Milli Şuradan çıxdı.
Çoxları bunu ağır itki kimi qələmə versə də mən o fikirdə deyiləm. Bu, əlbəttə, baş verməməli idi. Lakin hadisələr buna doğru gedirdi. Bu partiyanı Milli Şuraya bağlayan tellər bahalaşmaya etiraz mitinqində tamamilə qopmuşdu…
Bu ayrılığın həyata keçməsində həlledici rolu “Yeni Musavat” qəzeti oynadı. Milli Şura yaranan gündən bu quruma və onun sədri Rüstəm Ibrahimbəyova qarşı kampaniya səngimək bilmədi. Müsavatın ayrılıqda ölkənin bütün siyasi qüvvələrindən güclü hesab edən qəzet, Milli Şuranı “rus proyekti” elan etdi. Putin Ibrahimbəyovun vətəndaşlıq məsələsini müsbət həll etməyəndən sonra, valı dəyişdilər və iddia etdilər ki, guya Milli Şuranı “rus proyekti” olmaqdan son anda Isa Qəmbər xilas etdi. Futbol dili ilə desək, “90-cı dəqiqədə oyuna girdi və qol atdı”…
Səhifələrində Ilham Əliyev, Ramiz Mehdiyev, Ramil Usubov , Əli Həsənov kimi rejimin açar ismləri, eləcə Tağı Əhmədov kimi nisbətən aşağı ranqlı məmurları tənqid əvəzinə təbliğ edən bir qəzet və onun baş redaktorunun müxalifətə qarşı hücumları hələ də davam edir.
Və iqtidarı təkbaşına “devirmək” üçün(!) Milli Şuradan ayrılan Müsavat başqanı deyir ki, “Yeni Musavat” və onun baş redaktoruna atılan daş mənə atılır”.
Müsavat başqanının keçən il Lənkərana səfəri zamanı iqtidarın ona yönəlik təxribatı yəqin ki, yadınızdadır. Isa Qəmbər “bu hücumun arxasında birbaşa Ramiz Mehdiyev durur” dedi. Hətta Əli Həsənovun kurasiyasında olan bəzi saytlarda olan cəsarəti “Yeni Musavat” özündə “tapmadı” , belə ki, bəyanatdan Ramiz Mehdiyevin adı çıxarılmışdı.
Qəzetin dünənki manşeti isə vitse-spiker Ziyafət Əsgərova istinadən “Milli Şura əvvəlcədən saxta bir qurum idi” başlığı ilə verilmiş yazı idi. Ziyafət Əsgərovun təkcə son ildə Isa Qəmbər və Müsavat partiyası haqqında söylədiyi kəskin ifadələrdən ibarət bir “çələng” toplayıb yazıya yerləşdirməyi etik cəhətdən lazım bilmədim.
Bu ayrılığın fəsadları indidən hiss edilir. Tək mandatla parlmentdə oturub, “mən müxalifətəm” deyən, “atına xurma yedirən” “kitayski” partiya bossları(!) 2015-də parlamentə düşmək üçün inanılmazı bacarmalıdır. Qismət olarsa, əlbəttə.
Fikir verirsinizsə, YAP rəsmiləri bu “şad” xəbərə heç sevinmədilər.
Elşad Abdullayevin “prayz-list”inə görə, bu “ayrılıq” YAP-a ucuz oturmayacaq.
Bizə gəldikdə… Azərbaycanı iki yerə bölən ayrılığın yanında bu nədir ki…