Analoqu olmayan bir quruluşda yaşayırıq. Fikir vermisinizsə, özünə hörmət edən nə bir tarixçi, nə bir hüquqşünas, nə də ki, bir iqtisadçı konkret olaraq hansı quruluşda yaşadığımızı bizə söyləməyib. Səbəb çox sadədir – biz hazırda mövcud olan bütün ictimai-siyasi formasiyaları eyni zamanda yaşayırıq. Üsul-idarə feodalizmi, iri məmur və nazirlərin həyat tərzi kommunizmi, onların qohum-əqrəbasının yaşayışı inkişaf etmiş kapitalizmi, sadə xalqın yaşamaq uğrunda mübarizəsi isə ibtidai icma quruluşunun son dövrlərini, yəni sinfi ziddiyyətlərin yenicə baş qaldırdığı zamanı xatırladır.
Milli Elmlər Akademiyası Bakıxanov adına Tarix Insitutunun direktoru, deputat Yaqub Mahmudov bu yaxınlarda mətbuata maraqlı bir açıqlma verdi. Sitatı olduğu kimi verirəm: “Indi durub bizə dərs deyirlər və istədiklərini bizə diqtə etməyə çalışırlar. Avropadan bizə təklif edilən elə məsələlər var ki, biz bu məsələlərə haradasa 50 ildən sonra qayıda bilərik”.
Açması təxminən belədir – bu rejimin iri məmurunun hazırda mışıldayan altı aylıq nəvəsi böyüyəcək, Londonda təhsil alıb, Azərbaycana qayıdacaq, sonra nazir olacaq və nə sözünüz varsa, ona deyərsiniz. Vəssalam e…
Diqqətlə fikir versək, iqtidar nümayəndələri artıq indidən qollarını çırmalayıb, bu prosesin özülünü qazmaqla məşğuldurlar. 50 il sonranı indidən fikirləşən məmurlar hazırda “qudalaşma” mərhələsindədirlər. Avropada təxminən beş-altı yüz il əvvəl gedən proses eyni ssenari ilə bizdə təkrarlanır. Fəsadlar da, Ingiltərə və Fransada olduğu kimidir – monopoliya və çəpərləmələr…
Uzağa getməyək, elə bunədək xarici mətbuatın Əliyevlər rejimi haqqında yazdıqlarını xatırlayaq. Ən çox işlənən, bu yazılara, demək olar, trend olan ifadələrin hamısı orta əsrlərə aiddir. Bu məqalələrdəki “tayfa”, “sülalə”, “çəpərləmə”, terminləri dünyanın əksər ölkələri üçün əsrlərlə ölçüləcək dərəcədə köhnəlib. Nə isə, gələk mətləbə, yəni qudalara…
Internetdə sadəcə “qudalar” yazmaq kifayətdir ki, heyrətinizdən donub qalasınız. Bu xəbərlərin içərisində bir dənə də ziyarət, ianə, yetim-yesir, xeyriyyə, iman, qısası, hər hansı ilahi frazaların birinə də rast gələ bilməzsiniz. Əvəzində, ittiham, hədə-qorxu, sümük-bıçaq, həbs, zəbtetmə, şikayət, qarğış, qisas, şok kimi “trend” ifadələrin çoxluğundan tərpənmək mümkün deyil.
Iqtisadi və mənfəət cəhətdən orta əsrlər, aparılan mücadilə, qazanılan “qələbələr” baxımından isə, ABŞ-ın 1922-39-cu illəri (Böyük Depressiya dövrü – X.Ə.) gözlərimiz önündə canlanır.
Hadisələr adətən iki iri məmurun quda olmasından sonra baş verir. Toydan sonra iki quda oturub, gənc ailənin gələcəyini müzakirə edirlər. Əvvəlcə “rasxod”, yəni Ramazotti, canlı və orijinal “Feliçita”, ünlü türk müğənnisi və göbək rəqqasəsi üçün, eləcə də bu dəbdəbəli məclisə gedən pullar hesablanır. Və bu itkini necə doldurmağın planları cızılır, hədəflər və qurbanlar seçilir. Qudanın biri tikdirdiyi “novostroyka”dakı mənzilləri iki-üç müştəriyə satmaqla, o birisi isə, zəiflərin daşınmaz əmlakına əl qoymaqla bu toyun “fəsadlarını” aradan qaldırmağı düşünür. Müxtəlif variantlar ola bilər, mən iki xarakterik olanı seçdim.
Sonuncu variantda məhz Qarabağ qazisi, beş uşaq atası Zaur Həsənov intihar etdi. Səbəb mənim “qəhrəman”larımdan biri – Səttar Mehbalıyevin onun son ümid yerinə göz dikməsi oldu. Bu haqda, eləcə də faciəni bədənində bir qəlpə izi olmayan digər bir qazinin(!) üzərində fokuslaşdırmaq cəhdindən, hətta bu olaydan da müxalifətə qarşı çirkin istifadədən yazacağıq…
Qudalar həm də toxunulmazdır. Yeni təyin edilmiş müdafiə naziri Zakir Həsənovun təyinatı ilə ordu, demək olar, generallardan “təmizləndi”. Biz onsuz bilirdik, amma iqtidar özü də təsdiqlədi ki, orduda ciddi şəkildə pozuntular var. Nazir getdi, müavinlər getdi, idarə rəisləri getdi, o getdi, bu getdi, qalan… Baş Qərargah rəisi, Nəcməddin Sadıqov oldu. Yəqin ki, ehtiyac yoxdur, amma söyləyək – o, birinci xanımın bacısının… qudasıdır.
Beş qazi uşağını yetim qoymuş Səttar Mehbalıyevə də toxunmayacaqlar. Onun da iki mühüm qudalığı var. Ilham Əliyev bu balansı pozmaqla riskə getməyəcək kimi görünür.
Yazını bədbin notlarla bitirmək adətindən uzaq olduğum üçün, mövzuya aid rast gəldiyim ən normal(!) xəbər başlığını sizlərə sunuram, buyurun, – “Şeyxin qudası onun Iran səfərindən danışıdı”.
Və düşünün…