Təxminən 15 il əvvəl Türkiyənin sevilən müğənnisi Sibel Can iki uşağının atası olan Hakan Uraldan ayrılaraq, varlı, eyni zamanda uğurlu bir biznesmen olan Sülhi Aksüd ilə ailə həyatı qurdu. Bu füsunkar qadın hər açıqlamasında xoşbəxt olduğunu, yeni ərinin onun bir sözünü iki etmədiyini, ona bahalı hədiyyələr aldığını dönə-dönə vurğulayırdı. Jurnalistlər, daha doğrusu, paparisilər bu xoşbəxt cütlüyü bir an belə yalnız buraxmırdılar. Paparasi – jurnalistin nə demək olduğunu açıqlamağım düşünürəm ki, yerinə düşər. Çünki bəziləri bunu manıslarla durub-oturan müxbir kimi başa düşür. Belə deyil.
Paparasilər gecə yatmayan, gündüzlər gözə görünməyən jurnalistlərə deyirlər. “Ovunu”, yəni hansısa ünlünü yaxından tanımaq üçün, sutkaları onun evinin yaxınlığında keçirməkdən bezməyənlərdir.
Paparisilər Sibel Can və onun ərinin hər hərəkətini izləməyə başladılar. Məlum oldu ki, onun əri külli miqdarda vergidən yayınır, ərəb ölkələrində şübhəli biznesi var, maliyyə fırıldaqçısıdır və s. Günahları sübut edildi və onu və bir neçə dövlət məmurunu tutub içəri atdılar. Sibel də sonunda ondan boşandı, dələduzla onunku tutmadı….
Türkiyə kamuoyu (ictimaiyyəti – X.Ə.) Sülhi Aksüdü Sibelə tanımırdı. Müğənninin sayəsində məşhurlaşan biznesmenin bu evlilikdən qazandığı bir övlad və həbsxanada keçən illər oldu…
Oxşar aqibəti Irandan olan soydaşımız Rza Zərrab yaşayır. Populyar müğənni, buna qədər də Azərbaycanla əsrarəngiz(!) əlaqələri olan Ebru Gündəşlə ailə həyatı quran Rza hazırda həbsxanadadır və taleyinin necə olacağı bəllidir. Çox güman ki, bir neçə ilini həbsxanada keçirəcək.
Sibel Canın “qurban”ından fərqli olaraq, Rza Zərrab çox böyük oynayırdı. Ebruya 12 milyona təyyarə, bahalı villalar, maşınlar və s. bağışlayırdı. Ebru Gündəşin populyar olması ucbatından əri də jurnalistlərin maraq dairəsinə düşməyə bilməzdi. Onu da addım addım izləməyə başladılar və türklər demiş, “zaafını buldular”. Tez-tez nazir övladları ilə biraraya gəlməsi, qarşılıqlı ziyarətlər Türkiyə hüquq mühafizə orqanlarını hərəkətə keçirdi. Ağlınız Azərbaycana getməsin, Türkiyədə qanunun aliliyi ali səviyyədə olmasa da, çox nadir şəxslər qanundan yayınma fürsəti tapır. Yeri gəlmişkən, məlum skandalı gah “Mossad”la, gah ABŞ ilə bağlamağa çalışırlar, onu Gəzi olaylarının davamı kimi qələmə vermək istəyirlər. Sual olunur, bəs nazir və övladlarını rüşvət almağa kim vadar edib? Bax, burada rabitə itir…
Türkiyədə Rza Zərrab kimi yüzlərlə multimilyoner iş adamı var. Bəs onların Ərdoğan hökuməti ilə sövdələrini ortaya qoyan gizli kompromatlar niyə ortada yoxdur?
Ərdoğan hökumətini nazirlərinin də təkcə Rza Zərrabdan rüşvət aldığını iddia etmək də, razılaşın ki, gülməlidir. Məlum oldu ki, bu su çoxdan qaba girib.
Hər dəfə Azərbaycanda seçkiləri müşahidə etməyə gələn ölkə millət vəkillərinin “əfəndim, bu seçim nəinki Türkiyəyə, hətta Avropaya örnək oldu” deməsini yəqin ki, xatırlayırsınız. Etiraf edim ki, yaxın çevrəm məni optimist kimi tanısa da, hər belə açıqlamadan sonra məndə ruh düşkünlüyü yaranırdı. Fikir vermisinizsə, bu açıqlmalar adətən küçədə verilirdi, qardaş ölkəndən gələnin əlində də mütləq bir… çanta olurdu.
Bu gün inamla deyə bilərəm, Ebru Gündəş yenidən məni ötən günlərə “qaytardı”. Əvvəllər mənə elə gəlirdi ki, qardaş ölkənin siyasiləri iki dövlət arasındakı münasibətlərə xələl gətirməmək üçün əllərini vicdanlarının üstündən götürərək, belə açıqlamalarda bulunurlar. Ortada kürü, bahalı hədiyyə, rüşvət-filan yoxdur…
Həmin millət vəkilləri, iki-üç gün əvvəl isə, rüşvət qalmaqalının qəhrəmanlarından biri olan nazir Egemen Bağışın özünümüdafiə(!) nitqini alqışladılar. Rza Zərrabın hədiyyə etdiyi kostyumda(!) Məclisə gələn naziri “Bakıya gəlməyən millət vəkilləri” salondan çıxardılar.
Əslində Türkiyədə Azərbaycanla müqayisədə demək olar ki, “heç nə”(!) baş verməyib. Kadrlarda görünən rüşvətin miqdarı Bakının adi bir rayonunun icra başçısı üçün “semiçka pulu”, bir neçə sot torpağın qiymətidir. Amma bunun qardaş ölkədəki effektinə fikir verir, bütün Türkiyə çalxalanır, on ildir iqtidarda olan bir partiyanın gələcək taleyini şübhə altına alır. Məhz bu səbəbdən AKP-li deputatlar qorxusuz rüşvət alınıb-verilən Azərbaycanı Türkiyəyə örnək göstərir, onu sevdiklərini izhar edirlər.
Mən şəxsən bu “örnəkçi”lərin yox, məhz Ebru Gündəşin Azərbaycan sevgisinə inanıram…