Bəri başdan deyim ki, başlığa çıxardığım adlar müqayisə predmeti deyil və istifadə etdiyim adlar simvolikdir. Seyran Səxavət-Hüseynbala Mirələmov, Cavanşir Quliyev-Novruz Aslanov (bəstəkar-deputat – X.Ə.), Iqor Ponomoryov-Böyükağa Hacıyev, Cahangir Novruzov-Cəfər Namiq Kamal və onlarla, bəlkə də yüzlərlə belə “ikili” mövcuddur. Mənim nə birincilərdən müsbət, nə də ikincilərdən mənfi obraz, düşmən düzəltmək fikrim yoxdur. Bu sadəcə oxuculara təklif edilən bir menyudur və qərarı da onların özləri verməlidir…
Totalitar rejimlərin məşhurlara münasibəti, qayğısı heç vaxt təmənnasız olmayıb. Çox uzağa getməyək, hazırda klassik hesab etdiyimiz, şair və yazıçıların dahi rəhbərlər Lenin və Stalinə həsr etdiyi şeir, poema və bədii əsərlər saymaqla qurtarmaz. Idmançılar öz qələbələrini, müğənnilər oxuduqları mahnıları onlara həsr edir, qazandıqları uğurlara görə dahi rəhbərlərə minnətdarlıq edirdilər. Allah vergisi olan səs, anadangəlmə qüvvət, nadir qabiliyyət, bir sözlə, istedad ifadələri ikinci plana keçir, əsas səbəbkar kimi, rejimin göstərdiyi atalıq qayğısı ön plana çıxır. Məsələn, bu gün çempion olmuş istənilən idmançının müsahibəsini götürün, ən azı “bu mənim qələbəm, yox prezident Ilham Əliyevin qələbəsidir”, ifadəsinə rast gəlməmək mümkün deyil. Hətta idmançı həyəcandan və yaxud başqa bir səbəbdən deməsə də, sonradan bu cümlə oraya əlavə olunur. “Qayda” belədir, olsun, gəlin məsələyə digər tərəfdən baxaq.
Yəqin ki, hamımızın Azərbaycan idmanının qələbələri ilə məğlubiyyətlərinin balansından xəbəri var. Məğlubiyyətlər, uğurları fəlakətli dərəcədə kölgədə qoyur. Heç görmüsünüzmü, hansısa idmançı, “bu məğlubiyyətimdə mənə göstərilən biganələyin də rolu az deyil” ifadəsini işlətsin. Bu da öz növbəsində mümkün deyil.
Uduzsan belə, nə şəraitdən, nə də qayğıdan gileylənməyə haqqın yoxdur. Sənə göstərilən qayğını daim “hiss etməlisən”…
“Hiss etməyəndə” səni təcrid edəcəklər, olacaqsan ögey, qapılar üzünə bağlanacaq və… xalq sevgisi ilə kifayətlənməli olacaqsan.
Idmana nisbətən incəsənətdə bu daha dözülməzdir. Idmandan fərqli olaraq, incəsənət və ədəbiyyatda nəticə, yəni istedad o qədər də vacib deyil, mühüm olan rejimə məddahlıqdır.
Ilham Əliyev, 2011-ci ilin sentyabrında Səməd Səmədova… birbaşa xalq artisti adı verdi. Bu zaman Azərbaycanın əfsanəvi muğam ustası, Seyid Şuşinskinin yadigarı, 73 yaşlı Süleyman Abdullayevin heç bir fəxri adı yox idi. Yalnız bir ildən sonra, ona əməkdar artist(!) adı verildi və yəqin ki, Səməd Səmədov, Ədalət Şükürov və səsi ilə xalqa əzab verən digər manısların fəxri adı… bununla “kompensasiya” edildi, yuyuldu.
Belə getsə, təkrarolunmaz “Dədə Süleyman” xalq artisti adına, yenə də Ədalət Şükürovdan sonra layiq görüləcək…
Əslində nə Əliyev iqtidarının Süleyman Abdullayevlə, nə də xanəndənin rejimlə heç bir ədavəti yoxdur. Bu, totalitar rejimlər üçün xarakterik xüsusiyyətdir. Bunun adı qısqanclıqdır, yəni xalq sevgisinə yalnız mən və aşağı dozada mənim məsləhət bildiklərim layiq görülməlidir. Əks təqdirdə sizə “Səməd Səmədov” əzabı yaşadacam.
Tam səmimi söyləyirəm, Səməd Səmədovun xalq artisti almasından sonra mən, hörmətli şeyximiz Hacı Allahşükür Paşazadəni hündür sükanlı motosikletdə, özü də “bayker” libasında görsəm, qətiyyən təəccüblənmərəm – salam verib, yoluma davam edərəm…
Bu gün tez-tez muğamın “xilas”ından danışırlar. Mən bir şeyi anlaya bilmirəm “axı muğama nə olmuşdu”…
Əksinə, bu günlərdə… Dövlət Muğam Teatrını ləğv etdilər. Mənim fikrimcə, bunun iki səbəbi var: birincisi, məkanın kommersiya baxımından çox cazibədar olması, ikincisi isə, bu teatrın… Əbdürrəhman Vəzirov dönəmində açılmasıdır. Fikrimcə, son variant daha ağlabatandır…
Gələk muğam müsabiqələrinə. Münsiflər heyətinin üzvü olan sənətkarlarımız məndən inciməsin, insanlar gənc istedadlardan çox, oradakı “məddahlıq yarışı” və bəzən açıq müstəviyə keçən intriqadan danışırlar. Etiraf edim ki, muğam həvəskarı olsam da, bu müsabiqəni izləməyə utanıram. Ötənlərdə cəmi bir dəfə seyr etmişəm. Onda da, xalq artisti Əlibala Məmmədov başda olmaqla, ağsaqqal münsif heyəti bir yeniyetməni az qala linç edəcəkdilər. Uşağın yeganə “günahı”… səsinin digər bir əfsanəvi xanəndənin – Qədir Rüstəmovun səsinə bənzəməsi idi.
Bunun nəyinin pis olmasını, hələ də anlaya bilmirəm…
Qaçılması mümkün olan əzabların üzərinə gedə bilmirsinizsə, qaçmağa çalışın. Heç olmasa…