ABŞ prezidenti Barak Obamanın Ilham Əliyevə təbrikinin “gecikməsi” hakimiyyəti sözün əsl mənasında hövsələdən çıxarıb. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev isə, bir qədər uzağa gedərək, ABŞ-ı Avropanı da “yoldan çıxarmaqda” ittiham etdi. Guya Avropa Parlamenti də Barak Obamanın təsiri altına düşüb və saxta seçkiləri tanımaq istəmir. Əslində Ramiz Mehdiyev birbaşa Barak Obamanı hədəf seçməyib, onun fikrincə, bu “işin” arxasında Amerikanın bəzi dairələri durur. Yəni bizim dildə desək, hansısa klan Əliyevlər hakimiyyətinin getməsində maraqlıdır və Avropanı da təhdid edir. Akademikin açıqlamasından belə çıxır ki, okeanın o tayında da Paşayevlər, Mehdiyevlər klanları mövcuddur və onlardan biri Azərbaycan müxalifətini dəstəkləyir. Özü də müxalifəti dəstəkləyən klan birbaşa Obamaya təsir gücündədir. Yəni Barak Obama, eləcə də Avropa Parlamenti sərbəst qərar verə bilmir.
“Gülərgeyt” qalmaqalından “üzüağ”, “alnıaçıq” çıxan Ramiz Mehdiyev əks təqdirdə, yəni ABŞ və Avropa Parlamentinin seçkilərə münasibətinin dəyişməyəcəyi halda onları təcridlə hədələdi. Bunu hansı yolla və necə həyata keçirəcəklərini isə açıqlamadı.
Göründüyü kimi, iş o yerə çatıb ki, Qarabağ münaqişəsi ilə bağlı bizim xeyrimizə “daşdan keçən” qərar qəbul edən bir qurum, – Avropa Parlamenti təcrid edilməklə hədələnir. Avropa Parlamentinin Qarabağ münaqişəsində mövqeyi birmənalıdır və təcavüzkardan işğal edilən əraziləri boşaltmağı tələb edir, eyni zamanda Azərbaycana ərazi bütövlüyünün bərpa haqqı verir. Hazırda isə, Ramiz Mehdiyev bu qurumdan tələb edir ki, ya seçkilərin saxta keçirilməsi haqda bəyanatını dəyiş, ya da biz sizi tanımırıq. Dolayı yolla deyir ki, Qarabağ haqqında qəbul etdiyiniz o qərar da başınıza dəysin…
Razılaşın ki, bir millət olaraq, böyük bir bəlaya düşmüşük. Bütöv bir xalq sözün əsl mənasında, bir ovuc talançının əlində yesir qalıb. Bunlar hakimiyyət üçün hər şeyi qurban verməyə hazırdırlar.
Indiki hakimiyyətin ən böyük faciəsi ondan ibarətdir ki, dünya birliyi ilə hansı qarşıdurmaya getdiyinin fərqində deyil. Hamı ilə müxalifət kimi davranmağa öyrəşiblər, Azərbaycanda yerləşən xarici ölkə səfirliklərinə qeyri-hökumət təşkilatı kimi baxırlar.
ABŞ səfiri ilə yaranan skandalı xatırlayın.
Ramiz Mehdiyev çox güman ki, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morniqstar ilə son görüşündə tələb etmişdi ki, müsbət seçki bəyanatı versin. Təbii ki, səfir bununla razılaşa bilməzdi, çünki bu onun səlahiyyətlərinə aid olan bir şey deyil. Belə olan təqdirdə ABŞ səfirliyinə qarşı hücumlar başladı. Ramiz Mehdiyev iddia etdi ki, guya ABŞ səfiri ona müxalifətə 25% səs ayırmağı(!) xahiş edib və o da bunu rədd edib, deyib ki, seçkini saxtalaşdırmaq cinayətdir(!)…
Ramiz Mehdiyevin həmin olayla bağlı romantik açıqlamasından bir sitatın düşünürəm ki, yeridir, buyurun: “Belə çıxır ki, biz şəffaf, ədalətli seçkilər deyil, saxta seçkilər keçirməli idik. Özü də bu halda bizim tərəfdaşlarımızın arzusu ilə prezidentliyə müəyyən namizədlərə uydurma faizlər yazmalı idik. Məgər bu, Azərbaycan seçicilərinin ləyaqətinin, onların milli hisslərinin təhqir edilməsi deyilmi? Axı onlar hansı siyasi platformaya səs vermək lazım olduğunu heç kəsin müdaxiləsi olmadan özləri müəyyən edir”.
Bu, tarixə seçki haqqında ən romantik tərif kimi düşməklə bərabər, Barak Obamalı ABŞ və Angela Merkelli Avropanın ələ salınmasıdır. Bizim tanıdığımız Ramiz müəllim Azərbaycan xalqı qarşısında özünə bu qədər “əziyyət verməyi” heç vaxt lazım bilməyib. Onun Azərbaycan xalqı ilə “təması” Ramil Usubov vasitəsilə olur və ən əsası, romantikasız ötüşür.. Maraqlıdır, görəsən Barakın Ramiz müəllimdən xəbəri varmı?..
Yəqin ki, yox, çünki hazırda onun başı uzaq Qalaktikaların birindən Yer kürəsinə doğru gələn nəhəng meteoritə qarışıb. Bu doğrudan da bəşəriyyət üçün real təhlükədir. Onu lazımi məsafədə qarşılayıb, nüvə silahı ilə kiçik hissələrə ayırmaq məhz ABŞ-ın boynunun borcudur.
Iqtidara görə isə, Barak ÙObama işini-gücünü atıb, 3-cü dəfə prezident “seçilən” Ilham Əliyevi təbrik etməli, paralel olaraq da Avropanı yola gətirməlidir. Əks halda, Ramiz müəllim tərəfindən təcrid olunacaq…
Və dünyanı xilas edə bilməyəcək…