Putin “atanşik”, Obamalı Qərb isə “bivəfa” çıxdı. Biri üç milyon azərbaycanlını və o biri isə üçüncü dəfə “seçilmiş” prezidenti tanımaq istəmir…
Iqtidarın vəziyyəti doğrudan da gərgindir, ərəb inqilabları dövründəki təlaş bunun yanında toya getməlidir. Belə bir vəziyyətdə, rejimin başbilənləri çıxış yolunu (!), ərəb inqilabları zamanı olduğu kimi… korrupsiyaya qarşı “mübarizə”də gördü. Futbolda buna son ümid folu, yəni qapıçı ilə təkbətək qalan hücumçuya arxadan zərbə deyirlər. Ilham Əliyev guya Qərbə mesaj verirmiş kimi bu bəyanatı andiçmə mərasimindən (!) əvvəl verdi. Halbuki bunu elə bütün korrupsionerlərin toplaşdığı inauqurasiya mərasimində də vermək olardı…
Xatırlayırsınızsa, ilk dəfə ərəb baharı zamanı belə bir addım atılmışdı. Iqtidar bununla Qərbə mesaj göndərmişdi ki, mənə dəyməyin, vəziyyəti düzəldəcəm. Bir həftə ərzində orta məmur səviyyəsində rüşvət donduruldu, bir həkim, səhv etmirəmsə, bir də müəllm həbs edildi. Halbuki, ən azı bir hüquq mühafizə, lap bəd ayaqda bir gömrük işçisinin “yaxalanması” daha məntiqli görünə bilərdi. Bir həftə ərzində məmurların dilindən ancaq bunu eşitdik, “mən rüşvət almıram, təklif etməyin”. Həyat da dondu, mən bunu o vaxt yazdığım bir yazıda “məmurların vətəndaşı kabinetdən qovma həftəsi” adlandırmışdım. Ikinci həftədə iqtidar, orta məmur təbəqəsinin də xalqa qoşulacağından ehtiyat edərək rüşvətə davam dedi və Xırdalanın mərkəzi meydanından on gün əvvəl devrilmiş Hüsnü Mübarəkin heykəlini götürdü…
Ikinci belə bir çağırış Ismayıllı üsyanından sonra oldu. Ümid etmək olardı ki, ən azı bir icra başçısı, yaxud bir neçə milyon oğurlamağa müvəffəq olmuş birisini tapıb cəzalandıracaqlar. Əksinə, bundan sonra ölkədə korrupsiya və rüşvət daha da çiçəkləndi. Səbəbkar nazir qardaşı isə, bu yaxınlarda… MTN-ə şöbə müdiri təyin edildi..
Əgər bu beynəlxalq aləmə ünvanlanmış bir şou kimi nəzərdə tutulursa, daha pisdir. Çünki son bir neçə ildə Azərbaycan iqtidarının xaricdəki var-dövləti haqda bilmədiklərimizi beynəlxalq mətbuatdan öyrəndik. Dubay villalarından tutmuş, kənd təsərrüfatı naziri Ismət Abbasovun heç bir yerdə işləməyən oğlunun Londondakı 26 milyon dollarlıq malikanəsinədək, rejimin iri məmurlarının xaricdəki varidatı məhz onlar tərəfindən aşkar olundu.
Bu gün rejimin Kəmaləddin Heydərov, Ziya Məmmədov, Bəylər Əyyubov, Fazil Məmmədov kimi iri məmurlarının sərəncamında xaricdə 26 milyona mülk ala biləcək ən azı 26 məmur var…
Prezidentliyə namizədlərin debatlarında, Cəmil Həsənlinin prezident və onun ailəsinin əmlakı haqda təkzibedilməz arqumentlərinə çoxsaylı cavablardan bir ənənəvi və bir də “orijinal” cavabı nəzərinizə çatdırmaq istəyirəm. Onlardan biri, ən ənənəvisi (qırmızısı) Zahid Oruca, o birisi, yəni nisbətən “intelektual”ı isə, Eynulla Fətullayevə məxsusdur. Zahid Orucdan başlayaq: “Bu, Qərbin avantürasıdır, prezident və onun ailəsinin xaricdə əmlakı, biznesi yoxdur…”
Yəqin ki, iri məmurların, xüsusən də prezidentin xaricdəki əmlakları haqda gələcəkdə bu cür ehtiyatsız ifadələr işlətməyi Zahid Oruca qadağan edəcəklər. Ərz etdik ki, dünya etibarsız dünyadır, birdən soyuqqanlı Qərb bunu əsas götürdü və dedi ki, bunu filan vaxtı inkar etmisiniz, indi də biz inkar edirik…
Zahid Oruca nisbətən savadlı, fəqət şanssız Eynulla Fətullayevin Dubay villaları ilə bağlı açıqlaması isə, daha “fəlakətli” oldu. Fikrimcə, Eynulla arzularının gerçəkləşməsi üçün çox çalışmalıdır. Lənətə gəlmiş vaxt isə çox azdır…
Buyurun, Eynullanın qaş düzəltdiyi yerdə, vurub gözü də çıxartdığı cavabı ilə tanış olun: “Məgər milyarder gəlini olan Leyla Əliyeva öz qardaşına dəyəri 75 milyon dollar olan bir neçə villa ala bilməz?..” Razılaşın ki, bu məntiqlə Krılovun təmsilindəki quzunun sümüklərinə ən azı beş il iş vermək olardı…
…Bəli, Ilham Əliyev yenidən korrupsiyaya qarşı “mübarizə” elan etdi.
Əlində 2 min manatlıq qələm, əynində on min manatlıq kostyum, qolunda 500 min manatlıq saat olan nazir və iri məmurlar isə, sifətlərinə ciddi görkəm verərək, qeydlər aparırdılar. Hərdən isə, başlarını qaldırıb, məstanə bir tərzdə prezidentin dediklərini təsdiqləyirdilər: “Düz buyurursunuz, cənab prezident, qoy iclas qurtarsın, biz o korrupsionerlərin anasını ağladacağıq…”
Belə iclaslar zamanı bayırda bir dənə də olsun korrupsioner olmadığını nəzərə alsaq, söhbətin kimlərin anasından getdiyini anlamaq o qədər də çətin deyil…