…”Rəvayətə görə, qədim Çu dövlətində bir qoca meymunları əsarətdə saxlayardı. Əhali onu “dci qonq”, yəni meymunların hökmdarı adlandırırdı.ÿ
Qoca hər səhər meymunların içərisindən təyin etdiyi rəhbərləri başına yığır, onlara dağ və meşələrdəki meyvə və qida bitkiləri toplamağı, məhsulun əsas hissəsini isə ona gətirməyi əmr edirdi. Itaət etməyənləri isə hökmdarın təyin etdiyi meymunlar ciddi cəzalandırırdı.ÿ
Bütün meymunlar zülmə dözür və buna qarşı çıxmağa cürət etmirdi.
Bir dəfə balaca bir meymun digərlərindən soruşdu: “Meyvə ağaclarını və giləmeyvə kollarını bu qocamı əkib?”. Cavab verdilər: “Yox, onlar özləri bitib”. Balaca meymun yenidən sual verdi: “Məgər biz bu meyvələri qocanın icazəsi olmadan yığa bilmərik?”. Cavab verdilər: “Yığa bilərik”. Balaca meymun yenə dilini dinc qoymadı: “Axı nəyə görə biz hamımız qocanın bu sarsaq əmrlərini yerinə yetirməliyik?”.
Elə həmin günün gecəsi qoca hökmdarı yuxuya verən bütün meymunlar onun ərzaq anbarındakı qidaları götürərək meşəyə çəkilirlər və bir daha qocanın yanına qayıtmırlar. Qoca isə bir neçə gündən sonra acından ölür”.
Bu, XIV əsr çin yazıçısı Lu Cinin məşhur pritçasıdır, zənnimcə, despotik quruluşların mahiyyətini bundan gözəl və sadə izah etmək mümkün deyil. Aydın məsələdir ki, burada diktator zülmündən əziyyət çəkən insanlar nəzərdə tutulub, yazıçı meymunların dili ilə kütləni ədaləti bərpa etməyə çağırırdı…
…XVI əsrdə yaşamış italyan filosofu və dövlət xadimi Makiavelli məşhur “Hökmdar” əsərində yazırdı: “Cəmiyyəti despotik üsullarla idarə edənlər özünü heç vaxt təhlükəsiz hiss edə bilməz, repressiv addımların çoxalması onların zəifləməsi ilə müşayiət olunur”.
Yəni “totalitar rejimlər üçün ”Axilles dabanı” alın yazısıdır. Bu dabana həlledici və gözlənilməz zərbə həmişə xalqdan gəlir. On illərlə repressiyaya dözərək rejimin tam arxayın olduğu bir vaxtda o, bunu reallaşdırır”.ÿ
Bu fikirlər isə, totalitar rejimlər üzrə “mütəxəssis”, XIX əsr ingilis nəzəriyyəçisi Con Ostinə məxsusdur.
Müxtəlif dövrlərdə yaşamış bu görkəmli mütəfəkkirlərə haqq qazandırmamaq mümkün deyil, bu gün totalitar rejimlər bir-birinin ardınca onların yazdığı “ssenari” əsasında tarixin arxivinə göndərilir. Əvvəl Şərqi Avropada, bu yaxınlarda isə ərəb ölkələrində diktaturaları xalqın devirməsi buna parlaq sübutdur. Diktatorlar bir günün içərisində arzuolunmaz şəxsə çevrildilər və qısa müddət ərzində ya məhv oldular, ya da qaçıb canlarını güclə qurtardılar. Bəzən bir diktatorun devrilmə prosesi, onun iqamətgahından aeroporta qaçmasına sərf olunan zamana bərabər oldu…
…Bəşəriyyətin gec-tez yola salacağı totalitar rejimlərin arasında Azərbaycanın indiki hakimiyyəti də var. Tarixdə heç bir totalitar rejimin öz xoşuna, yəni seçki yolu ilə getmə praktikasının olmamasını yuxarıda qeyd etsək də, Azərbaycan istisna ola bilər. Istər prezident seçkiləri ərəfəsində ölkədəki siyasi ab-hava, istərsə də namizədlərin teledebatları əyani şəkildə sübut etdi. Rejim və onu müdafiə edənlər xalqın namizədi Cəmil Həsənliyə nəinki mane ola bilmədilər, əksinə, özlərini bir əyani vəsait kimi apardılar…
Milli Şuranın vahid namizədi Cəmil Həsənli rejimin onun üçün hazırladığı ssenariyə elə “dəyişikliklər” etdi ki, qalan namizədlər özləri də bilmədən ona opponentliyi unudaraq, rejimi ifşa etməkdə Cəmil müəllimə “kömək” etdilər. Son debatda Qüdrət Həsənquliyevin Azərbaycanı Misirə, Zahid Orucun isə Liviyaya bənzədərək, xalqı hədələməyə qalxması təsadüfi deyil.
Cəmil Həsənli Əliyev hakimiyyətini, Hafiz Hacıyev və Araz Əlizadə vasitəsi ilə mənəvi əxlaqını, Qüdrət Həsənquliyev, Zahid Orucun “köməyi” ilə isə, siyasi əxlaqını ortaya qoymağa məcbur etdi. Rejimin əsl mahiyyətini xalqa göstərdi və… obrazlı şəkildə desək, “şüurlarda inqilab” etdi.
Bütün inzibati resurları, büdcə təşkilatlarını, tələbələri Qüdrət Həsənquliyev və Hafiz Hacıyevin mitinqlərinə yönəldən hakimiyyət meydana min nəfərdən artıq adam yığa bilmədi. Nə məqsədlə gətirildiyini bilən insanlar geri döndülər. Bəli, biz dəyişiklik astanasındayıq və bunu istəyən təkcə müxalifət deyil…
Fikir verdinizsə, debatlarda rejimin nümayəndələri də xalqa platonik, virtual sevgidən başqa(!) heç nə təklif etmədilər. Bu, maddi vəziyyəti olduqca ağır olan 70 yaşlı bir qocanın, 20 yaşlı xanımla hər an pozula biləcək evliliyinə bənzəyir. Totalitarizm nəzəriyyəsinin banisi, yəhudi əsilli tarixçi – politoloqu, Hanna Arendtə görə, “istənilən diktatura, insanların lazım olmadığı bir sistemin qurulmasını başa çatdırmağa müvəffəq olduğu andan etibarən məğlubiyyətə məhkumdur”.