Təsəvvür edin ki, futbol üzrə Azərbaycan millisi yalnız bir regiondan olan futbolçulardan formalaşdırılır. Olkədə rayon hesabı ilə götürsək, təxminən 70-ə qədər rayon var və qalan 69 rayondan çıxmış futbolçular Azərbaycan yığmasına buraxılmır. Fərqi yoxdur, istəyir bu futbolçu lap “Barselona”da oynasın, amma sabirabadlı, yaxud ağcabədili olduğuna görə ölkənin şərəfini qorumaq ona yasaq edilir…
Rejimin kiçik bir regionun potensialı ilə Azərbaycanı idarə etmək inadı da buna bənzəyir. Bu gün bütün dünya məlum regiondan olmayan azərbaycanlıların xidmətindən yararlanır, onlarıın hamısı öz sahəsində ölkəmizdə tayı-bərabəri olmayan insanlardır – akademikdən tutmuş, Latın Amerikasındakı (!) sirk ustasına qədər…
Tez-tez mətbuatda “Fövqəladə hallar nazirliyinin xilasediciləri” ifadəsinə rast gəlirik, amma onların sonuncu dəfə kimisə, nə vaxtsa xilas etməsinin xatırlaya bilmirik. Onlar “yetişənə” qədər, yanğın öz-özünə sönür, cənab Əzrayıl isə, heç tələsmədən (!) suda qərq olan və qəza nəticəsində avtobildə sıxılıb qalmış can verən soydaşlarımıza yaxınlaşır… Bu faciələr dünənin sürücüsünün asanlıqla bu nazirlikdə generala qədər yüksəlməsinə qətiyyən mane olmur. Bir az fərqli kriteriyalarla isə, 27 yaşlı xanım vergi sistemində artıq generaldır…
…Məncə, Metropolitenin rəisi Tağı Əhmədovun özündən razı olmasının bir səbəbi var – məlum regiondan onu əvəz edə biləcək kadr hələ yetişməyib. 30-40 ilin köhnə vaqon və elektrovozlarını hər gün sazlayıb, istismara buraxmaq və hələlik böyük qəzalardan yan keçmək sizə zarafat gəlməsin…
Dünyanın öz qanunauyğunluqları var, eyni regiondan iki Eynşteynin, yaxud iki Maradonanın çıxması qeyri-mümkün olduğu kimi, bir regionun “potensialı” ilə ölkəni yalnız müəyyən müddətə əsarətdə saxlamaq olar.
…Özümdən asılı olmayaraq, mən həmişə Aviasiya Akademiyası müdavimlərini görən kimi qeyri-ixtiyari olaraq onlara yaxınlaşıram. Yəqin ki, oxucularım bu təşvişimin səbəbini anladılar, bəli, mən həmişə onlardan oxuduqları ali məktəbdə rüşvətin olub-olmadığını, təhsilin səviyyəsinin necə olduğunu soruşurdum. Eyni cavab alırdım – rüşvət yoxdur!.
Bəli, rejim öz təhlükəsizliyinin qeydinə qalır, lazım olanda müvafiq addımları ata bilir. Fikir verin, tam təhlükəsizlik (!) üçün bu Akdemiyaya kimi rektor təyin etsələr yaxşıdır – Arif Mircəlal oğlu Paşayevi…
Tələbələrin zaçot-imtahan üçün üç-beş manatına ehtiyacı olmayacaq qədər gözü tox birisini, yəni prezidentin qaynatasını…
Xahiş edirəm bunu heç kim Paşayevlərin ədalət simvolu olduğuna bir işarə kimi, yozmasın. Bir neçə ay bundan əvvəl anamı Zərifə Əliyeva adına Göz Xəstəlikləri Insitutuna aparmışdım. Orada gördüklərim məni dəhşətə gətirdi. Adi bir qan analizi bütün ölkədə altı manata olduğu halda burada 20 manata idi. 70 yaşlı qocanın adi bir bir katarakt əməliyyatı üçün saysız-hesabsız analiz verməsi bir yana, saatlar boyu növbədə əzab çəkməsi isə mənə “getto” filmlərini xatırladırdı. Bu klinikanın baş həkimi də, deyilənlərə görə, Paşayevlərdən idi. Buradakı analoqu olmayan xəstə-həkim münasibətləri ayrıca söhbətin mövzusu olduğundan keçək əsas məsələyə, yəni “aviasiyaya”…
“Uçan”ların(!) əksəriyyəti iqtidar nümayəndələri olduğundan rejim bu ali məktəbdə əlahiddə olaraq, “bilik yeganə meyardır” prinsiplərini qoruyur, ona riayət edilməsini tələb edir. Bəli, aviasiya qəzası qorxulu qəzadır, beynəlxalq aləmdə iki və daha artıq qəzadan sonra sanksiyalar gəlir…
Ölkədə ən azı həftədə bir dəfə dəhşətli avtobus qəzası baş verir, səbəb sürücülərin naşılığı, planın yüksək olması, ən əsası isə, bu təsərrüfatın bütün sahələrinə bir ailənin, yəni nəqliyyat naziri Ziya Məmmədovun yaxınlarının nəzarət etməsidir. Xatırladaq ki, həmin ailədə nazirdən başqa ixtisasca nəqliyyatçı olan kimsə yoxdur. Ziya Məmmədovun “qanunları” işləyən aviasiyadakı fəlakətin miqyasını təsəvvür edəndə adam dəhşətə gəlir. Yəqin ki, neftdən gələn gəlirlərin önəmli hissəsi həlak olan xarici vətəndaşların ailələrinə kompensasiya şəklində verilərdi.
Bəli, Aviasiya Akademiyasında rüşvət yoxdur, amma məzunları vətəndaşla heç bir təmas etmirlər, biri uçuş kabinəsində olur, ikincilər isə, salonda yolçu kimi gedirlər. Vətəndaşın rejimin savadlı və rüşvət almayan yeganə kadrları ilə qiyabi və “ilahi təması” bir neçə saatlıq olur. Bu “sevinc” uzun sürmür, – şanlı gömrük işçiləri bunu dərhal “kompensasiya” edirlər…
Aviasiya Akademiyası xaric (!) digər ali məktəblərin fonunda Azərbaycan adlı təyyarənin aqibətini isə, siz təsəvvür edin, əziz oxucular…