Müxalifətin prezidentliyə namizədi Cəmil Həsənli haqda növbəti açıqlama Atatürk mərkəzinin rəhbəri(!), dilçi alim, Milli Məclisin deputatı Nizami Cəfərovdan gəldi. Eyni fikirləri bir az əvvəl daha sərt və aşağılayıcı formada Rüstəm Ibrahimbəyova ünvanlayan “professor” bu dəfə bir az yumşalaraq, rejimin imkan verdiyi sərhədlər daxilində alim həmrəyliyini az da olsa “qorumağa” çalışır. Cəmil Həsənlidən “xahiş edir” ki, namizədliyini geri götürsün.
Istər Nizami Cəfərov, istərsə də rejimin bəslədiyi digər ziyalıları Cəmil Həsənlidən fərqləndirən bir cəhət var. Rejim ziyalılarının hamısı elmə siyasətdən gələnlərdir. Yəni rejimin verdiyi imkanlardan istifadə edib, ildırım sürəti ilə elmlər namizədi, elmlər doktoru, professor olanlardır. Avtoritar quruluşun dəyişməməsi üçün hər cür fədakarlığa hazır olmalarının səbəbi də birdir – rejim gedəndə o titulları da özləri ilə “aparacaqlar”. Odur ki, dayanmadan “yazırlar”.
…Oxşar məktubların say dinamikası seçki marafonu yaxınlaşdıqca getdikcə artmağa başlayır. Ssenari eyni olduğundan, müraciətlərin hamısı çox vaxt gülüş doğurur. Məsələn, bu yaxınlarda millət vəkili Rəbiyyət Aslanova Rüstəm Ibrahimbəyli haqqında açıqlama verərkən onun ahıl olmasını xüsusi olaraq vurğulamışdı. Demişdi ki, bu yaşda prezident olmaq olmaz…
Rüstəm bəyi, yaşına görə ittiham edən bu xanım, unutdu ki, ömrünün 7-ci onilliyinə yaxınlaşdığı bir vaxtda qısa müddətə ərə getdi və kimsə onu qınamadı.
Rejimin Cəmil Həsənli kampaniyasına yaxın zamanda qoşulacaq “ziyalıları” göz önünə gətirəndə adamı dəhşət bürüyür. Iyirmi ildə rejimə yaltaqlanmaqla qazanılan fəxri ad, var-dövlət sahibləri olan “ziyalı”lar səbirsizliklə öz növbələrini gözləyirlər.
O qədər eyforiyaya qapılırlar ki, mərhum Heydər Əliyevin belə Cəmil Həsənlinin professoru olduğu tarix fakültəsini qiyabi şöbəsinin məzunu olduğunu “unudurlar”. Yeri gəlmişkən, vaxtilə bizimlə bir cəbhədə olan “dostlar”ın da nəzərinə “çatdıraq” ki, milli-azadlıq hərəkatının simvolu, mərhum prezident Əbülfəz Elçibəy də uzun illər bu fakültənin müəllimi olub.
Yuxarıda bəhs etdiyimiz Nizami Cəfərov bir vaxtlar alovlu türkçü, vətənpərvər imicinə üstünlük verirdi. Televiziyaya çıxıb elə hey “Azərbaycan dilində olan -dır, -dir, -dur şəkilçiləri atılmalıdır” (atılmalıdır… – X.Ə.) deyirdi. Zaman mandatın və vəzifənin üfüqdə görünmədiyi zaman idi…
Öncə BDU-nun filologiya fakültəsinə dekan təyin etdilər və ardınca mandatla tanış etdilər, daha sonra da ədəbiyyatçı olmasına rəğmən Atatürk mərkəzinə rəhbər qoydular. Bir sözlə, “ram etdilər”. Yeri gəlmişkən, deyim ki, bir-iki ay həmin mərkəzdə bir tədbirə qatılmışdım. Diqqətimi çəkən yeganə şey, əsas salonda ən böyük portretin Heydər Əliyevə (!) aid olması oldu. Ona göstərilən qayğıya görə rejimə bu qədər məstanə qarşılıq verən ziyalı tapmaq, razılaşın ki, çox çətindir… Hərdən “casərətli” addımlar da atır, məsələn, xalq artisti Ilhamə Quliyeva parlamenti təhqir edəndə ilk reaksiya məhz ondan gəldi. Milli Məclisin mədəniyyət məsələləri üzrə sədri (az qala unutmuşduq – X.Ə.) kimi sinəsini irəli verdi, dedi ki, müğənni qanuna uyğun olaraq cəzalandırılacaq. Bunu “eşidən” prezident Ilham Əliyev 120 deputatı təhqir edən müğənniyə “Şöhrət” ordeni verdi. “Başını itirən” Nizami Cəfərov isə, ertəsi gün lent.az saytında Rüstəm Ibrahimbəyova açıq məktub yazaraq onu hədələyirdi…
…Mərhum prezident, milli demokratik hərəkatın lideri Əbülfəz Elçibəyin 22 il əvvəl bu cür ziyalılarımızı xarakterizə edən və “Azadlıq” qəzetində dərc olunan bir məqaləsindən ibrətamiz bir parça ilə yazımı bitirirmək istəyirəm, buyurun: “Bu əsir-yesir dövlət aparatı ilə xalqın arasında bir təbəqə var – ziyalı təbəqəsi. Ziyalı elmdə, incəsənətdə, mədəniyyətdə müəyyən yaradıcılığa malik və ardıcıllar yetişdirən, millətin ən ağır günlərində öndə gedən insanlara deyilir, bizim ziyalıların çoxu bu təyinatı ödəmədiyinə görə, onlara yarımziyalı demək daha doğru olar…ÿ
Əziz oxucu, “Od gəlini”ni dönə-dönə oxu, bu günümüzü yaxşı duyarsan. Azadlıq dastanları eyni olur, surətlər, zaman başqa, imperiyalar başqa-başqa. Altunbay (hökmdar – X.Ə.) görün öz xalqına necə qan uddurur, ancaq imperiya darğasını görəndə necə zavallıya çevrilir, hər şeyi qurban verməyə hazır olur. Yarımziyalılar Turğutun günündə deyillərmi? Üstlərinə qışqırılan kimi… xalqı qurban verməyə hazır olurlar” (“Azadlıq” qəzeti, 24 may 1991-ci il)…
Allah sənə rəhmət eləsin, Ebülfəz bəy!