Son günlər Binəqədi istiqamətinə işləyən taksi sürücülərinin, demək olar, hamısı Eşqim adlı bir yol polisinin faciəli şəkildə həlak olması ilə sözün əsl mənasında barışa bilmirlər. Rəhmətlik haqqında yalnız xoş sözlər söyləyən sürücülər onun alicənab, kasıbın dostu olmasını dönə-dönə vurğulayırdılar. Onların söhbətlərindən məlum oldu ki, bu insan heç kimi incitməyən, həmişə aza qane olan, bir insan imiş. Bir sözlə, hər kəs bu insandan razı qaldığını bildirir və tanrıdan ona rəhmət diləyirdi.
Marağımı gizlətməyib, bir taksi sürücüsündən soruşdum “rəhmətlik heçmi rüşvət almırdı”. Sürücü susdu və əlavə etdi ki, kaş bütün rüşvət alanlar onun kimi olaydı…
Mərhum yol polisi Eşqim haqqında bütün sürücülərin gəldiyi qənaəti bu cür ümumiləşdirmək olar: “O, rejimin imkan verdiyi kimi yox, öz insafı ilə hərəkət edirmiş”…
Bu günlərdə iki yol polisinin döyülməsi haqda xəbərlə də yəqin ki, tanışsınız. Onları xəstəxanalıq edən birisindən isə izahat alıb buraxdılar. Eşqimin ölümünə səbəb olan sərxoş “Toyota Prado” sahibini də, bildiyimə görə, həbs etməyiblər, deyirlər ki, hansısa nazirliyin vacib işçisi imiş. Hə isə, biz də “Allah rəhmət eləsin” deyək və keçək mətləbə…
Ilham Əliyev hakimiyyətinin uzunömürlü olmasının səbəblərindən biri də iri və kiçik məmurlara tanınan xüsusi imtiyazlardır. Yəni məmur hər zaman haqlıdır və günah həmişə sadə vətəndaşdadır. Mərhum Eşqim kimi məmurları barmaqla saymaq olsa da, razılaşın ki, minlərlə məmur öz xoşbəxtliyinin sadə vətəndaşın bədbəxtliyi üzərində qurub. Ölkə məhz bu münasibətlər ucbatından yavaş-yavaş vətəndaş-dövlət qarşıdurmasına gedir. Sadəcə bu proses ləng və hələ intensiv şəkil almadığından təəssüflər olsun ki, biz buna çox vaxt adi cinayət hadisəsi kimi baxırıq, ən əsası isə hiss etmirik… Tez-tez məmur özbaşınalığına etiraz əlaməti olaraq intihar edən, özünü elə həmin idarənin qabağında yandırmağa cəhd edən, bəzən də yandıran vətəndaşlar haqqında oxuyuruq və yazırıq.
Yəqin ki, Imişli rayonunda qazpulu yığan məmurun və vətəndaşın faciəli ölümü haqda oxudunuz. Vətəndaş tüfənglə əvvəlcə onu, sonra isə özünü öldürdü. Mən öldürən vətəndaşa haqq vermək, ölən məmuru da günahlandırmaq fikrində deyiləm. Ancaq bu da heç kimə sirr deyil ki, qaz pulu yığan məmurun maaşı ailəsini dolandıracaq həddə deyil. Və belə olan təqdirdə o, əlavə gəlir üçün düşünməyə başlayır və yəqin ki, razılaşarsınız ki, yada ilk növbədə sadə vətəndaş düşür. Məmur ondan pul qoparmaq üçün vasitələr axtarmağa başlayır. Mən də bunu yaşamışam, evimə qaz sayğacı qoyduran zaman məndən təxminən 150 manata qədər pul “qopardılar”. Qaz idarəsi işçilərinin arqumenti bu oldu ki, müəllim, siz haqlısınız, sayğac pulsuz qoyulmalıdır, amma bu pulu bizdən tələb edirlər, siz verməsəniz, onu biz cibimizdən ödəməliyik. Və ardınca da evdə uşaqları olduğunu mənə xatırlatdılar…
…Yaşadığım Binəqədidə işıqlar, nə qədər qəribə olsa da, qışda yox, yayda tez-tez sönür. Bütün yay boyu işıqların səhər saat 11-dən sonra sönməsinə, demək olar, adət etmişik. Nəinki Binəqədi, Bakının bütün kənd qəsəbələrinin çoxunda vəziyyət eynidir. Bilirsinizmi niyə? Deyim…
Bu həmin qəsəbələrdə olan saysız-hesabsız mağazalardan pul qoparmaq məqsədi ilə edilir. Yayda başda dondurma olmaqla, bütün ərzaq məhsulları soyuducuya möhtac olur. Işığın bir neçə saat kəsilməsi mağaza sahibi üçün sözün əsl mənasında faciədir və işığın yanması üçün hər cür “fədakarlığa” hazırdır. Nəzərə alsaq ki, bundan evində soyuducusu olan(!) vətəndaşlar da nəsibini alır, beş-on manata görə törədilən özbaşınalığın miqyasını özünüz düşünün…
Buna stimul verən isə, aydın məsələdir ki, rejimdir. Iqtidar bilərəkdən məmurlarla vətəndaşı qarşı-qarşıya qoyur və beləliklə, ikinciləri adi məişət qayğıları ilə boğur, onların daim mərhəmət axtarışında olmasını təmin edir.
Mərhum qazpulu yığan vətəndaşın, yol polisi isə sərxoş sürücünün qurbanı oldu. Ehtiyac içində olan vətəndaş və özünə arxayın sərxoş sürücü. Hamısı da rejimin qurbanı…
Imişlidə yəqin ki, bir müddət məmurlar öz davranışlarında korrektələr edəcəklər. Iki ailənin faciəsi unudulanadək bu davam edəcək, daha sonra isə, heç nə olmayıbmış kimi hər şey əvvəlkitək olacaq…
Binəqədidə isə, hələ ki, “salamatçılıq”dır…