…Təxminən iki il bundan öncə məhşur “O vaxt rəhmətlik Elçibəyə dedim ki…” ifadəsinə bir yazı (!) həsr etmişdim. Müsahibə və yazılarında bu ifadəni xüsusi olaraq vurğulayan tanınmış simalar, siyasi düşərgəni dəyişərkən ictimai qınaqdan bu yolla yayınmağa çalışırdılar. Bəziləri daha inandırıcı olsun deyə, bu məhşur kəlama, “Pənah da orada idi” möhürünü də vururdular. Guya Elçibəy vaxtında bu zatlara “qulaq assa” imiş, hər şey yaxşı olacaqmış…
Hazırda Elçibəyi görə biləcək insanların demək olar ki, hamısı “yerbəyer” olduğundan , bu ifadə də yavaş – yavaş aktuallığını itirməyə başladı. Nəhayət, bu sahədə (!) hökm sürən boşluğu, demokratik qüvvələrin bazasında yaranmış “Milli Şura” doldurub , desəm, yəqin ki, yanılmaram. Etiraf edim ki, Elçibəylə bağlı o klassik bəhanə daha “inandırıcı” idi. O vaxt Elçibəylə görüşmək , bu gün adi “JEK” müdirinin qəbuluna düşməkdən daha asan olduğundan , yalnız söhbətin mövzusu mübahisə predmetinə çevrilə bilərdi . Nə isə, buraxaq vicdanlarına…
… Bir – iki ay öncə Rüstəm İbrahimbəyovun Abbas Abbasovla, ikincinin də Putinlə olanlar münasibətlərinin az qala Azərbaycan üçün fəlakət hesab edənlər var idi. Deyirdilər ki, Kremlin Milli Şura layihəsi Azərbaycanın müstəqilliyi üçün təhlükədir. Hazırkı iqtidarın Moskva ilə soyuq münasibətlərini nəzərə alan həmin insanlar, qəzetlər , siyasətçilər “hakimiyyətə gələcək qüvvələrin (Milli Şura nəzərdə tutulurdu – X.Ə) arxasında Kreml duracaqsa, elə hazırkı iqtidarla davam etmək yaxşıdır “ deyirdilər.
Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri ərəfəsində düşünmək olardı ki, bəzi qüvvələrin Milli Şura ilə bağlı böhtan xarakterli çıxışlarına da son qoyulacaq. Elə olmadı…
Daha sonra Putin gəldi, özü də Azərbaycan qanunlarına zidd olaraq, iki hərbi gəmini də gətirib, dirədi buxtamıza. Bundan sonra düşündük ki, dostlar “rus projesinin necə olduğunu gördülər”, bundan belə yazmazlar. Əlahəzrət məntiq də bunu deyirdi. Yəni bundan sonra Milli Şuranı rus proyekti adlandırmağa “Səs” qəzetinin vicdanı(!) yol vermirsə, bunun müxalifətə yaxın mətbu orqanlarının edəcəyi mümkünsüz görünürdü. Məlum oldu ki, yanılmışıq…
Bu yazımı kiminsə həmkarlarıma qarşı bir cavab kimi qiymətləndirilməsini istəmirəm. Sadəcə onların Putinin gəlişinə qədər və ondan sonrakı dövrdə Milli Şura haqqında yazılarından bir neçə sitat gətirməklə, məsələnin mahiyyətini ortaya qoymaq istəyirəm. Numinə üçün hazırda Milli Şura əleyhinə dayanmadan yazan “Yeni Musavat” qəzetinin köşə yazarı Elşad Məmmədlini seçdim. Halbuki elə həmin qəzetin baş redaktoru daxil olmaqla, ən azı beş – altı yazar və siyasətçi də seçə bilərdim. Əvvəlcə yazarın son “Putinlə yaranan Milli Şuranın axırı belə olar “ yazısından sitat gətirək:
“İndi də utanmadan (halbuki biz bu sualı vermədik, onların əvəzinə utandıq – X.Ə) deyirlər ki, hanı bəs deyirdiniz MŞ Rusiyanın projesi idi, niyə bəs Putin İlham Əliyevlə yaxınlaşdı? Niyə anlaşdılar?
Daha sonra isə, bu yazar sualına özü cavab verir: ” Adam, Putin bu projeni qurdu, Milli Şuradan “xoxan”(Bərəkallah – X.Ə) düzəltdi, rəsmi Bakını qorxutdu, sonra da istədiyini aldı da…” (Bu yuxarıdan ötürülmüş arqument əsassızdır və bu haqda yazacağıq – X.Ə)
“Adam” demək istəyir ki, Milli Şuranın ciddi bir qurum olmadığını biz əvvəldən bilirdik , Putin gəldi və bizim nə qədər uzaqgörən olduğumuz bəlli oldu.
İndi isə, Putinin “üfüqdə görünmədiyi” vaxtda onun Milli Şura haqqında yazılarından bir – iki sitat gətirək:
“İlk gündən MŞ sədri Rüstəm İbrahimbəyovun “Milyarderlər İttifaqı” ilə əlaqələri, razılaşmaları haqda danışılırdı..
Ancaq qətiyyən inandırıcı deyil ki, Abbas Abbasov variantı Azərbaycanı xoşbəxtliyə aparacaq yoldur. Səbəblər çoxdur; əvvəla, Abbasov açıq şəkildə Rusiyanın namizədidir, adamıdır….
Bu cür mövqedən sonra(A.Abbasovun Putinə təbrikindən söhbət gedir – X.Ə) kim təminat verə bilər ki, A.Abbasov Rusiyanın təsiri ilə Qarabağ məsələsinin Azərbaycanın xeyrinə olmayan variantda həllinə razılıq verməyəcək? Bizə bu cür boyunduruqda olmaq lazımdırmı?”(13 iyun 2013 – cü il )
“Bəli, Rusiya bizim qonşuluğumuzda yerləşən nəhəng dövlətdir, onunla əməkdaşlıq etmək lazımdır. Ancaq onun forpostuna çevrilmək çox qorxunc görünən bir məsələdir… Əgər Azərbaycanda hakimiyyətə gələcək qüvvə harasa bağlı olacaqsa, onun gəlməməsi daha məqsədəuyğundur”…(3 iyun, 2013)
Dəyişənin yazar, yoxsa Milli Şura olması qərarını siz verin, dəyərli oxucular!…