Son illər elə bir günümüz olmur ki, dəhşətli avtomobil qəzaları haqda eşitməyək. Avtobusun qatarla toqquşmasından tutmuş, gəlin aparan maşınların xurd-xəşil olmasına qədər ilginc qəzalara şahid. Yəqin ki, təyyarə ilə avtomobilin toqquşması mümkün olsaydı biz buna da şahid olacaqdıq. Sərnişin avtobusunun qəzaya uğraması isə o qədər adi hala çevrilib ki, etiraf edək ki, bu xəbəri eşidəndə artıq təəccüblənmirik.
Bu qəzaların spesifik(!) cəhəti ondan ibarətdir ki, burada iqtidar-müxalifət söhbəti yoxdur. Futbol termini ilə desək, iqtidar uzaq başı bu qəzada meydan sahibi rolunda çıxış edə bilər, yəni qəzadan salamat çıxarsa, onu ört-basdır edə bilər. Götürək elə adı qəzalı olan(!) “Transgeyt” şirkətinə aid olan avtobus qəzalarını. “Geyt” sonluğu ilə bitən beynəlxalq qalmaqalların, bu sözün əsl mənasını çoxdan kölgədə qoyduğunu nəzərə alsaq, şirkət rəhbərliyi ad seçərkən bir az ehtiyatlı olmalı idi. Lakin belə olmadı, çünki bu şirkət elə nəqliyyat nazirinin ailə üzvlərinə məxsusdur. Təsadüfi deyil ki, çoxsaylı avtobus qəzalarından zərərçəkən elə sadə sərnişinlər oldu. Avtobus qəzalarının və bərbad şəhər nəqliyyatının əsas səbəbi bu xəttlərin oliqarx-məmurlara aid olması və sürücülərin burada ağır şərtlər əsasında işləməsidir. Bu ayrı bir söhbətin mövzusudur və bu haqda mütləq yazacağıq.
Yazının başlığında qeyd etdiyim kimi, mənim səbirsizliklə gözlədiyim bir qəza var. Bəri başdan qeyd edim ki, bu heç də məmurları daşıyan avtobus və yaxud buna bənzər bir şey deyil. Kimliyindən asılı olmayaraq, hər kəsin yaşama haqqı olduğunu və günahı varsa, qanunla cəzalandırılmasının tərəfdarıyam. Qəza arzum haqda, necə deyərlər, az sonra…
Rejim bizə “müxalifət yazarları” damğası vurmaqla, ölkədəki “bespredel” haqda yazılanların qərəzli mövqe kimi dəyərləndiriləcəyinə ümid edir. Hazırda bütün yazılarının tənqid obyekti biz – müxalifət yazarları olan iqtidaryönlü jurnalistlər də, rejimin məhsuludur. Sivil, demokratik ölkələrdə jurnalistlər heç bir kateqoriyalara bölünmürlər.
Yəni avtobus qəzaları, əsgər ölümləri, bərbad təhsil ölkənin ümumi problemləridir və başda Ilham Əliyev olmaqla, beş-on oliqarx xaric, heç bir Azərbaycan vətəndaşı bundan sığortalanmayıb. Bu gün mənim də, Azər Həsrətin də, “Səs” və “Yeni Azərbaycan” qəzeti yazarlarının da övladı avtobus qəzasına düşə bilər, yeməkdən zəhərlənə bilər, yanlış müalicə olunaraq ömürlük şikəst ola bilərlər. Onu da deyim ki, belə hallar tez-tez olur.
Məsələn, bu yaxınlarda deputat Aydın Mirzəzadənin xidməti avtomobili bir piyadanı vurub öldürdü. Başqa cür də ola bilərdi, sürücülük vəsiqəsi olmayan bir xam avtobusu düz deputatın maşının üzərinə sürə bilərdi.
Istər yol qəzaları, istər yararsız tibbi xidmət, istərsə də hərbi hissələrdəki vəziyyət bir neçə məmurun sürətlə varlanmasına xidmət edir. Əziyyət çəkən, ölən, şikəst olan isə Azərbaycan xalqının övladlarıdır.
Ötən yazılarımın birində qeyd etmişdim ki, iqtidar mətbuatı bir sətir də olsun əsgər ölümlərindən, yollardakı dəhşətli qəzalardan yazmır. Halbuki onların yaxınları arasında qəzada həlak olanlar da var, hərbi hissədə döyülərək öldürülənlər də…
Əliyevlər hakimiyyəti Azərbaycanda doğum evindən qəbiristanlığa qədər davam edən bir rüşvət sistemi formalaşdırıb. Yəni vətəndaşın ölümündən yaxınları itirsə də, rejim isə əksinə, bundan qazanır. Bərbad tibbi xidmət də, ölümdən də pul qazanan rejimin tibbi xidmətə laqeydliyi məhz buradan qaynaqlanır. Daha dolğun təəssürat yaransın deyə, xəstələrin qonşu Irandan geri qayıdarkən aldığı dərmanlara qoyulan limiti nəzərinizə çatdıraq. Heç kimə sirr deyil ki, orada satılan dərmanlar keyfiyyət baxımından Azərbaycandakı analoqlarından qat-qat üstündür.
…Nəhayət söz verdiyim qəza haqqında. Yuxarıda ərz etdik ki, Azərbaycanda baş verən yol qəzalarının “iştirakçısı” qismində yol polisi maşınından tutmuş betonqarışdıran maşınlara qədər bütün texnikalar müşahidə olunsa da, bir xüsusi texnika istisna təşkil edir…
Əyalətdə yerləşən şirə və mineral su zavodlarının məhsullarını Bakıya daşıyan yük maşınlarının bir dəfə də olsun qəzaya uğramaması, razılaşın ki, bir qədər şübhəli məsələyə oxşayır.
Hər ay min tonlarla belə məhsul Bakıya daşına və gündə beş-on avtomobil qəzası baş verə, bir şirə və mieral su maşının da “burnu qanamaya”.
Nəticəni özünüz çıxarın…