Yazıma 28 may günü Novxanıda gördüyüm bir mənzərə ilə başlamaq istəyirəm… Novxanı yoluna toplaşmış çoxlu sayda polislərdən biri elə ilk andaca diqqətimi cəlb etdi. Adı səhv etmirəmsə, Zeynəddin olan bu polis zabiti, əlində qələm və dəftər insanları anım yerinə gətirən avtobuslara baxaraq nəsə yazırdı. Hətta xüsusi köməkçiləri belə var idi, belə ki, iki və daha artıq avtobus birdən dayananda onların qabağını kəsib, Zeynəddinin “işi” bitənədək saxlayırdılar.
Maraq məni bürüdü və yaxınlaşaraq kapitanın qeydlərinə ötəri də olsa nəzər sala bildim. Orada qısaca olaraq avtobusun qeydiyyat nişanı, gətirdiyi insanların təxmini sayı, mənsub olduğu marşrut nömrəsi yazılmışdı. Hətta bu proses yüngül bir qəzaya da səbəb oldu, “Qazel” “Mersedes”lə toqquşdu və qəribə və ənənəvi bir mənzərənin şahidi oldum – polislər bir anlığa özlərini unudaraq hamısı ayrı-ayrılıqda hadisə yerinə(!) tələsdilər.. Yalnız mülki geyimdə olan rəisin amiranə səsi onları əvvəlki vəziyyətə(!) qaytara bildi…
Həmin gün Novxanı istiqamətində işləyən marşrutların hərəkət məhdudiyyətini də nəzərə alsaq, belə bir fikir söyləmək olar ki, bir kəsim vətəndaşlar zor şərtlər altında növbəti anım günü və Cümhuriyyət bayramını qeyd edə bildilər. Bəli, məhz bir kəsim vətəndaşlar.., çünki büdcə təşkilatlarında çalışan insanların buraya gəlməsi, ən yaxşı halda(!) onların tutduğu vəzifə ilə vidalaşmasına gətirib çıxara bilər.
Hər bir ölkə tarixində əlamətdar bir “28 May” var – ABŞ-da 4 iyul, Türkiyədə 29 oktyabr, Fransada 14 iyul… siyahını daha da artırmaq olar.. Hətta 18 apreli müstəqillik günü kimi qeyd edən avtoritar Zimbabvedə oxşar bayram necə lazımdırsa, o cür də qeyd edilir. Bütün dünyanın əlini üzdüyü, ölümünü gözlədiyi, 25 ildir ki, ölkəni diktatura qanunları ilə idarə edən 89 yaşlı Muqabe belə ölkəsinin “onsuz” bayramına hövsələ ilə yanaşır…
Bu cür bayramlar adətən ölkələrin ad günü kimi qəbul olunur, təsadüfi deyil ki, 28 Mayda başda ABŞ və Rusiya olmaqla, dünyanın əksər prezidentləri xalqımızı bu əlamətdar bayram münasibəti ilə təbrik etdilər.
Azərbaycan rəhbərliyinin 28 May israrı davam edir. Hətta Cümhuriyyətə qısqanclıq o dərəcədədir ki, Qərb demokratiyasını tənqid edərkən 1918-ci ildə qurulmuş və Şərqdəki ilk demokratik respublikanın bizə aid olduğunu deməyə dilləri gəlmir. Halbuki o zaman Avropanın bir çox dövlətlərində diktatura hökm sürürdü…
Səbəb çox sadədir. Indiki iqtidar Heydər Əliyevin iştirakı və rolu olmayan heç bir hadisəni qəbul etmək istəmir. Məhz bu səbəbdən ölkədə AXC, onun qurucuları ilə bağlı xatirələrin yaddaşlardan silinməsi üçün mümkün olan hər şeyə əl atırlar…
Metronun 28 May stansiyası ilə üzbəüz açılan “28 Mall” ticarət mərkəzi buna ən bariz nümunələrdən biridir. “Mall” sözünün tərcüməsi alış-veriş mərkəzi deməkdir. Bu müasir kompleksin “28 Mall” adlandırılması Cümhuriyyət və onun qurucularına qarşı həqarətdən başqa bir şey deyildir. Əvvəla “28″ Bakıda coğrafi anlayış deyil, birbaşa müqəddəs bayramın tarixidir və illər öncə əsas metro stansiyaların birinə verilmiş addır. Dünyada xatirə kompleksləri üçün bir ənənə mövcuddur ki, ona hər yerdə sayğı ilə yanaşırlar. Istənilən ölkədə adı metro stansiyasına verilən subyektin metro çıxışında da xatırladacaq bir nişanəsi olmalıdır. Əslində ”28 May” stansiyası ərazisində, yaxud ona yaxın bir yerdə M.Ə.Rəsulzadə və digər Cümhuriyyət qurucularının şərəfinə bir xatirə kompleksi ucaldılmalı idi. Bunun əvəzində “28 Mall”ı inşa etməklə rejim nə demək istəyir? Açıq və nümayişkaranə şəkildə şanlı tariximizi ələ salır və demək istəyirlər ki, Azərbaycan Xalq Cümhuriyyətinin və onu yaradan kişilərin dəyəri bizim yanımızda bir bazar qədər belə yoxdur. Məsələ bu qədər bəsitdir… Bazarın kimə məxsus olduğunu xatırlatmağa yəqin ki, ehtiyac yoxdur. Bazarın sahibinə isə, böyük Mustafa Kamal Atatürkün ulu öndərimiz M.Ə.Rəsulzadə haqqında dediklərini xatırlatmağı özümə borc bilirəm: “Mən dünyaya səndən üç sənə erkən göz açmışam. Ancaq bütün Türk aləmində Türkün istiqlal bayrağını sən qaldırmısan və bayraq enməsin deyə, mən sənin əlindən alıb Türkiyə üzərində dalğalandırmışam. Enməz demisən bu bayraq, enməyəcəkdir!”.
Bir daha xatırlatmağı özümə borc bilirəm, bu qürurverici sözlər Türkiyənin qurucusu Atatürkə məxsusdur…