Qəribə bir mənzərəni müşahidə etməkdəyik, Avropadan ölkəmizə idmançı, siyasətçi, artist, modelyer axını davam edir. Gəlirlər, lüks hotellərdə yerləşib, iqtidar rəsmiləri ilə bir neçə günlük ünsiyyətdə olub gedirlər. Yubileyi anladıq, amma bu qonaq qarşılama elə bir artan dinamika ilə davam edir ki, sanki bu ölkədə nə idmançı var, nə siyasətçi, nə manıs, nə rəssam, nə də ki.., eşqbaz maço… Iqtidar da özünü elə göstərir ki, guya bunlar təhsil, futbol, orkestr üçün qəribsəyiblər, ölkədə bəşəri dəyərlərdən söhbət etməyə adam tapmırlar. Yəni anladığınız sülalə və ətrafı Robinzon Kruzodurlar, biz isə, onlardan bir neçə əsr geridə qalmış 9 milyon qırmızı dərili Cümələrik. Qeyri-adi, çılğın addımlarını da bəzən nəinki dolayı, elə birbaşa gəldikləri bu sərsəm qənaətlə izah etməkdən belə çəkinmirlər. Futboldan başlayaq…
Dünyada ilk dəfə bir futbol klubunun ölkə adını reklam etdiyinin şahidi olduq. Buna qədər isə komandalar meydana maykalarında müxtəlif şirkətlərin, avtomobil markalarının, dərmanların, bankların loqotipləri həkk olunmuş reklamla çıxırdılar.
Lakin bu yaxınlarda ənənə pozuldu və Ispaniyanın ən kriminal (!) klubu – “Atletiko” futbolçuları oyunlara maykalarında ingiliscə “Odlar Yurdu Azərbaycan” yazılmış reklam loqosu ilə çıxmağa başladılar. Klubun son sahibi Xesus Xill ömrünün son illərinədək onu həbsxanadan idarə edirdi. O, Marbella şəhərinin meri olan vaxt şəhəri qarış-qarış satdığına görə həbs edilmişdi. Hazırda klub rəhbərliyində olan bir gürcünü də Interpol axtarır. Nə isə… keçək əsas məsələyə.
Yəni Azərbaycan dünyada bir növ şirkət(!) kimi reklam olunmağa başladı. Bunun nəyi ilə qürur duymağı hələlik kənara qoyaraq ildə 20 milyon dolları göz qırpmadan buna xərcləyənlərin məntiqinə heyrət etməmək mümkün deyil. Bəli, onlar, yəni bizim Robinzon Kruzolar belə hesab edirlər ki, bu reklamı görənlər Ispaniyanın kəhrəba sahillərindəki istirahətlərini yarımçıq qoyaraq, guya Xəzərin mazutlu sahillərinə doğru axışmağa başlayacaqlar. Əslində, buna onların heç özləri də inanmırlar, çünki rejimin iri məmurları adətən istirahətlərini elə Ispaniyanın özündə keçirirlər. Yeni təhsil naziri, Içərişəhər Dövlət Tarixi Memarlıq Qoruğunun keçmiş rəisi Mikayıl Cabbarov, “Atletiko” futbolçuları sinəsində Azərbaycanı reklam edən vaxt 5 nəfər ailə üzvü ilə THY-yə aid təyyarənin “biznes-klass”ında Barselonaya istirahətə tələsirdi…
…Yəqin ki, orta nəsil futbolsevərlər Ispaniya çempionatında vaxtilə çıxış etmiş Vəli Qasımovu yaxşı xatırlayırlar. Onunla yanaşı Polşa, Isveçrə, Türkiyə çempionatlarında da legionerlərimiz var idi. O zaman Türkiyə azarkeşləri heç olmasa bir nəfər belə həmyerlilərinin olmasını yalnız arzu edə bilərdilər. O vaxtdan təxminən 15 il keçir və biz “Atletiko” komandasının heyətində türk futbolçu Arda Turanın gəlişinə sevinirik. Faciədir, deyilmi?
…Iki gün bundan əvvəl AFFA prezidenti Rövnəq Abdullayevin məhəllə futbolunun inkişafı(!) ilə bağlı tədbirlər haqda müsahibəsini seyr etdim. Bəlkə də bu ifadəm bir çoxlarına qəribə gələcək, amma deməliyəm – Rövnəq müəllim bərbad ölkə futbolu ilə müqayisədə çox səviyyəli təsir bağışlayırdı. Sanki illərlə məhv edilmiş futbolumuzun xilaskarı danışırdı, deyirdi ki, futbola məhəllədən başlamalıyıq. Müdrik(!) bir çıxış idi, cümlələri və futbol terminlərini sərrast ifadə edirdi. Əlqərəz, futbolumuz nəinki bu futboldan bixəbər məmurlarımızın səviyyəsinə çatdırılmış, hətta sığorta üçün(!) bir-iki mərtəbə də aşağı endirilib ki, əziyyət çəkməsinlər.
Qayıdaq, Mikayıl Cabbarova. Həmkarlarımın “onun haqqında nəsə yazmaq çox tezdir” qənaətinə mən də qoşuluram. Lakin mayın 1-də Binəqədinin bir çox məktəblərində dərs əvəzinə şagirdlərin Zərifə Əliyeva adına parka gətirilməsi, üstəlik, onlardan bir manatlıq şar pulu(!) yığılması xəbəri məni fikrimdən daşındırdı. Mayın 10-dək Bakının başqa rayonlarında da oxşar tədbirlər keçiriləcək və təbii ki, şarlar da olacaq(ilk dəfədir ki, şar pulu haqda eşidirəm – X.Ə).
Son iyirmi ildə rejimin təhsilin məhv edilməsi üçün nə lazımdırsa etdiyini nəzərə alsaq, fikrimcə, yeni nazirin ali təhsilli olmasına da ehtiyac yox idi. Rövnəq müəllim kimi qonaq qarşılamağı bacarırsansa, yetər. Qonaq pulu(!) da pis ideya deyil, 50 qəpikdən yığılsa, Harvard və Oksfordu tam kadr qəbul etmək olar, üstəlik, qalan pulla ailəlikcə Ispaniyaya gedib, “Atletiko”-“Barselona” oyununa baxmaq da olar…