Bir neçə gün əvvəl Daxili Işlər Nazirliyinin Insan Alverinə Qarşı Mübarizə Idarəsi Naftalan şəhərində kod adı “Matan” olan əməliyyat keçirdiyindən yəqin ki, xəbəriniz var. Xeyli sayda yüngül əxlaqlı qadın və çörəyi bu sahədən (!) çıxan kişi xeylağı saxlanıldı.
Cəmi bir neçə gün əvvəl Milli Məclisdə fahişəliyin leqallaşdırılması haqda gedən söz-söhbətlərdən sonra belə bir “uğurlu” əməliyyatın keçirilməsi, üstəlik, ona “qarğa məndə qoz var” ovqatlı “Matan” kod adı verilməsi, paralel olaraq da Naftalan Rayon Polis Idarəsi rəisinin işdən azad edilməsi, bir çox mətləblərə aydınlıq gətirir.
Əməliyyatın adından, yəni “Matan”dan başlamaq istəyirəm, bəri başdan deyim ki, bu ilk növbədə əməliyyata rəhbərlik edənlərin mentalitet haqda təsəvvürlərini və professionallığını bir qədər şübhə altına alır. Matan deyəndə ilk növbədə hər bir azərbaycanlının ağlına körpə qız uşağı gəlir. Valideynlər və yaxınlarının böyük bir qismi müxtəlif adda olmalarına baxmayaraq, qız uşaqlarını Matan deyə çağırırlar. Televiziyada həmin əməliyyatın və canlı əşyayi-dəlillərin(!) nümayişi zamanı tez-tez Matan adının hallanması razılaşın ki, heç də ürəkaçan deyildi. Uşaqlar belə şeylərə çox həssas olurlar, böyüklərin də nələr çəkdiyini yəqin ki, təsəvvür etmək çətin deyil. Tutaq ki, Matan kod adı qəti qərara alınmışdı, heç olmasa onun qabağına bir Mamlı ifadəsi atmaq lazım idi ki, barı körpələri bu “işin içindən” çıxarmaqda çətinlik çəkməyəydik. Nə isə, olan oldu…
Professionallığa gəldikdə isə, hüquq mühafizə işçiləri, fikrimcə, məqsədlərini qabaqcadan bu qədər bəlli etməməli idilər. Əməliyyatın adını Naftalan rayonu üçün daha münasib variantlarla ifadə edib iz azdırmaq da olardı, məsələn, “Palçıqda fırtına”, “Vulkan” və s.
Bəri başdan oxucuların yazımın əvvəlində bu problemə yanaşma tərzimə olan iradlarını qəbul edirəm və haradasa onlarla razılaşıram. Lakin bu da həqiqətdir ki, ölkəmizdə bu sahədə vəziyyət o dərəcədə ağırdır ki, hər hansı bir reyd, üstəlik, bunun ucqar bir əyalətdə keçirilməsi və məsələnin həllinə belə yanaşma, sadəcə ikrah doğurur.
Razılaşın ki, bu gün Azərbaycanda insan alveri və fahişəliyin miqyasını 20 il əvvəlki dövrlə müqayisədə etsək, ortaya qorxunc mənzərə çıxdığının şahidi olarıq…
Rəhmətlik Şahmar Ələkbərovun “Qəzəlxan” filmindəki bir səhnəni yəqin ki, xatırlayırsınız. Filmin qəhrəmanı Əliağa Vahid onunla birlikdə əyalətə gəlmiş gənc aktrisanı kolxoz sədri ilə şübhəli əlaqəsinə görə ittiham etməyə qalxır. Aktrisa cavabında Bakıdakı körpəsinin ac olduğunu şairin nəzərinə çatdırır və ona mane olmamağı tələb edir. Çox ibrətamiz(!) bir səhnə idi…
Əlbəttə ki, əxlaqsızlıqla məşğul olmağın heç bir alibisi yoxdur. Hansı zərurətdən edilməsinə baxmayaraq, bunun bir adı var…
Lakin zərif cins bunu yaşamaq, bir parça çörək naminə edirsə, üzr istəyirəm, artıq bunun adı başqadır. Fikir verirsinizsə, bir deputat, iqtidar rəsmisi bu barədə danışmağa başlayanda ikiqat hücumları dəf etməli olur. Məsələn, bu yaxınlarda deputat Siyavuş Novruzov az qala fahişəliklə bağlı söylədiyi fikirlərin qurbanı olacaqdı. Bəziləri fahişəliyi leqallaşdırmağın mentalitetimizə zərbə vuracağını deyərək yaxalarını cırdılar, bəziləri isə hələ o səviyyəyə çatmadığımızı deməklə kifayətləndilər. Amma heç bir iqtidar rəsmisinin ağzından bunu “doğuran səbəblərlə mübarizə aparmalıyıq” kəlməsi çıxmadı. Deputat son korrekteləri ilə açıq-aşkar fahişəliyi himayə edən şəbəkə və onların hamilərinin qəzəbindən qurtula bildi. Bu insan dəllalları isə, güc və qüdrətini iqtidar və onun siyasətindən alır. Ölkədəki işsizlik, bahalıq, ağır iqtisadi şərtlərə bir də minlərlə şorgöz məmur ordusunu əlavə etsək, yetərincə aydın mənzərə ilə qarşılaşmaq mümkündür.
Telekanalları açın və görəcəksiniz ki, adi səsi olmayan, lakin çox yaraşıqlı bir gənc qız yeni aldığı 100 min manatlıq maşından və 25 minə çəkdirdiyi klipdən danışır. Bu hal hər gün təkrarlanırsa, artıq buna rəsmi təbliğat da demək olar…
Yenə qayıdaq “Matan” əməliyyatına. Əyalət miqyaslı bir “mama Roza” üçün Bakıdan Naftalana getməyin əhəmiyyətini kiçiltmək niyyətində deyilik. Lakin paytaxtda, özü də hüquq mühafizə orqanlarının beş addımlığında yerləşən oxşar müəssisələrin var gücü ilə işləməsi, razılaşın ki, ayrı-seçkilikdən başqa bir şey deyil.
Bakıda “Cana” əməliyyatı.., razılaşın ki, daha professional səslənərdi.