Hakim ailənin offşorlarda fəaliyyət göstərən xidmətləri bir-bir üzə çıxdıqca, diqqəti çəkən məqamlardan biri də bu şirkətlərin yalnız əcnəbilərə həvalə edilməsidir. Panamanı xatırlayın, şirkətlərin başında duran şəxsin hətta hansı ölkə vətəndaşı olduğunu tam ayırd edə bilmədik. 80-ci illərin sevimli hind filmlərinin mənfi qəhrəmanlarına bənzəyən qara eynəkli bu şəxs, şirkətlərdən fərqli olaraq, qaranlıq qalmağı bacardı…
Heç kimə sirr deyil ki, Əliyevlərin dünyanın dörd bir tərəfində dəyəri milyardlarla ölçülən sərvəti var. Bu eyni zamanda minlərlə iş yeri deməkdir. Son illərdə, demək olar, yarısı açıqlanmış bu şirkətlərin personalı arasında azərbaycanlıların olmaması, razılaşın ki, çox maraqlı mətləblərdən xəbər verir. Bura iri məmurların xaricdəki şirkətlərində olan analoji vəziyyəti əlavə etsək, əsrarəngiz bir mənzərə alınır. Keçək mətləbə…
Rejimin, demək olar, bütün iri məmurları öz övladlarını çoxdan Avropanın müxtəlif ölkələrinə yerləşdirib. Yüzlərlə məmurun bu ölkələrdə milyonlarla ölçülən sərvəti, daşınmaz əmlakı var. Məlum oldu ki, Avropanın London, Karlovı-Varı şəhərlərində, eləcə də keçmiş Yuqoslaviya ölkələrində, “Şanxay” tipli yarımmuxtar məhəllə və ərazilər də mövcuddur. Açıq danışaq, iri məmurlar, demokratik bir Azərbaycanda yaşamağı ağıllarına belə gətirmirlər. Onların ən böyük arzusu, belə olan halda səssiz-səmirsiz, quyruq ələ vermədən ölkəni tərk etməkdir.
Lakin böyük əksəriyyət də var ki, ekstremal demokratik dəyişikliyə hazır deyillər. Bəzilərinin bu qədər imkanı yoxdur, bəziləri bu rejimin əbədiliyinə inanır, digərləri isə.., “mən buyruq quluyam, nə əmr edirlər, onu icra edirəm, yəqin nəzərə alarlar” deyə fikirləşirlər.
Səmimi deyirəm, son kateqoriya məmurlar mövzudan o qədər də hali deyillər. Səhər işə gəlirlər, heç bir şikayətçi qəbul etmirlər, katibə və köməkçilərə tapşırırlar ki, “xoş məramla” gələnləri burax, şikayətçini yola ver getsin. Axşamlar Bakı restoranlarını dolduran bu məmurların, sadə əhali haqda təsəvvürləri sıfıra bərabərdir. Rejim bu məmurları sözün əsl mənasında zombiləşdirib. Iki sadə misal çəkəcəm. Bir neçə il əvvəl hazırda hüquq-mühafizə orqanlarıda çalışan bir tələbə yoldaşımızla bir məclisdə oturmuşduq. Vaxtilə məsum, dinməz bir gənc olan dostumuz, onu məclisdən qovana(!) qədər, hamımızla müttəhim kimi davranmağa çalışırdı. Son sözü isə bu oldu ki, allaha dua edin ki, yolunuz filan kolona düşməsin. Lap bu yaxınlarda isə, “çörəyi” qaçqınlardan çıxan(!) bir həmyerlim ona “qaçqın” dediyimə görə az qaldı kəllə atsın… mənimlə hələ də danışmır. Çünki o bunu kasıbçılığa yozmuşdu, halbuki mən işğal altında olan Cəbrayılı nəzərdə tutmuşdum…
Rejimin minlərlə bu cür məmuru var. Bunların, demək olar, hamısı hər gün adiləşmiş cinayətlərin iştirakçısıdır. Vətəndaşı şərləyərək həbs etmək, rüşvət almaq, evini buldozerin ağzına verib uçurmaq, halal mənzilinə əl qoymaq, hətta adi bir arayışa görə ondan rüşvət almaq qanuna görə cinayət olsa da, bu onların iş prinsipidir. Ən dəhşətlisi odur ki, bu məmurların heç birisi nə vaxtsa bunlara görə cavab verməyi ağıllarına belə gətirmirlər.
Yaxud da götürək iqtidarın yeritdiyi siyasəti təbliğ edən deputat, ideoloq, yazar və ziyalıları. Onların əksəriyyətinin xaricdə nə mülkü var, nə bunu əldə etmək uçün maddi imkanı. Muzdla tutulmuş bu insanlar telekanallarda, iqtidar KIV-dəki çıxışlarında hər cür rəzalətə yol verirlər, namuslu insanlara böhtan atır, bədəlini heç cür ödəyə bilməyəcəkləri hərəkətlərə yol verirlər. Bunun məsuliyyəti haqda heç düşünmək belə istəmirlər…
Uzağa getməyək, elə Ukraynanı götürək. Jurnalist Qoqnadzenin qətli nəinki prezidenti, hətta o dövrdə onunla işləmiş komandanın, buraxın siyasi, heç şəxsi taleləri üçün də yaxşı heç nə vəd vermir.
Bəli, məlum oldu ki, offşor zonalarda və Avropanın göbəyində nə qoluzorlu polisə, nə ideoloq-deputata, nə yazara, nə də ki, JEK müdirinə ehtiyac var…
Hətta dünyanın 200-dən çox ölkədə filialı olan YAPS xidmətinin belə offşor zonalarda izi-tozu yoxdur ki, orada işləməyə heç olmasa, beş-on məmur iddia etsin. Niyə məhz YAPS-ı nəzərdə tuturam, səbəb sadədir, bu təşkilatda işləmək üçün heç bir xüsusi qabiliyyət və dil bilmək də tələb olunmur, nəsə verirlər, aparıb-gətirirsən…
Sonda offşorlara yola düşən Nuh gəmisinə bileti olmayan zavallılara səslənmək istədim, alınmadı… Yalançı olaram.