Qarabağ Azadlıq Təşkilatının qurucusu, lideri, eyni zamanda sədri Akif Nağı bəlkə də ölkədə yeganə adamdır ki, polisin onu həbs edəcəyi gün ən azı bir neçə həftə öncə məlum olur. Hətta bu həbsin təxminən hansı məkanda(!) baş tutacağı belə mətbuatda göstərilir. Məramından asılı olmayaraq, Bakıya gələn və erməni milliyyətindən olan siyasətçi və yaxud idmançının “şərəfinə” həsr olunmuş bir neçə dəqiqəlik “fləş-mob”un ardınca bir neçə polis Akif müəllimi nəzakətlə maşına dəvət edir. Oxşar “mərasim” daha bir erməninin səfərinə, yaxud da hər hansı bir ölkənin Qarabağla bağlı yanlış addım atmasına qədər təxirə salınır.
Hətta mənə elə gəlir ki, Akif Nağı hadisə yerinə(!) elə aparılacağı polis maşınında gəlir, çünki “fləş-mob” cəmi bir neçə dəqiqə çəkir və razılaşın ki, Bakının mərkəzi hissəsində olan tıxacı nəzərə alsaq, bu operativlik bir az “şübhə” doğurur.
Bakıdan “sağ-salamat” qayıdan erməni isə, vətənində qəhrəman elan olunur. Raffi Avanisyanı xatırlayın, az qala prezident olmuşdu…
Akif müəllimin həbsinin ömrü çox qısa olur, erməni siyasətçi çıxışını bitirdikdən, dığa da güləşdikdən sonra sərbəst buraxılır.
Bu, 20 ilə yaxındır ki, Əliyevlərin Qarabağ siyasətinin mövsümi xarakter daşıyan bir psevdo-aqressivlik nümunəsidir. Qarabağla bağlı əlamətdar təqvim günlərində bölgədən seçilmiş deputatlar, “Qaçqınkom” rəsmiləri, işğal olunmuş ərazilərdə anadan olmuş ziyalılar (Elçibəyin təbirincə desək, yarımziyalılar – X.Ə.) torpaqlarımızı 20 ildir işğalda saxlayan ermənilərə lənət oxuyur və çıxışlarını bu müddət ərzində bir santimetr torpağı belə geri ala bilməmiş Əliyevlər rejiminə yaltaqlıqla bitirirlər.
Bu yaxınlarda Qarabağın azərbaycanlı icmasının rəhbəri, eyni zamanda Şuşanın icra başçısı Bayram Səfərovun Kəlbəcərin işğalı ilə bağlı keçirilən mərasimdə jurnalistlərlə dialoqundan yəqin ki, xəbəriniz var.
Tağı Əhmədov ovqatında keçən bu dialoq bir daha sübut etdi ki, statistik qarabağlıya heç bir vəzifə, yaxud da deputat mandatı elə belə verilmir. Bunun üçün Qarabağın işğalı ilə daxilən barışmalı, ölkəni bürüyən əsgər ölümlərinə, eləcə də korrupsiya və rüşvətə biganə qalmalı, qaçqınların haqlarını mənimsəməli, onların fəlakətləri hesabına varlanmalı, mənsəb sahibi olmalısan. Qısası, nəyəsə nail olmaq istəyirsənsə, bunun üçün Akif Nağı olmaq yetərli deyil, Bayram Səfərova bənzəməlisən. Onlarda olan keyfiyyətlərin yoxdursa, “ölümə çarə yoxdur” deyib, “ziyalı” yolunu tutmalısan…
Bayram Səfərovdan fərqli olaraq, Akif Nağı eləcə də bu bölgədən olan deputat və “üzdə olan” ziyalılar gözəl anlayırlar ki, Əliyevlər rejimi nəinki Qarabağı almaq, heç müharibəyə də başlamaq iqtidarında belə deyil. Onların yalnız bir məqsədi var, ölkənin problemlərindən istifadə edərək, onun bütün sərvətlərini çapıb-talayan rejimdən güzəştlər qoparmaq…
Səhv etmirəmsə, illər öncə bir qrup vətənpərvər gənc “Qarabağ fədailəri” adlı təşkilat yaradaraq, silaha sarılıb torpaq uğrunda ölümə gedəcəkləri haqda and içmişdilər. Rejim bu gənclərə sözün əsl mənasında divan tutdu, onlar həyatlarının ən gözəl illərini qaranlıq zindanlarda keçirdilər.
Götürək elə Qarabağ qazilərini… Vətən uğrunda sağlamlıqdan məhrum olmuş bu insanlar bu gün taleyin ümidinə qalıblar. Son dəfə onların müavinətlərinin 70 qəpik(!) artırılması isə, sadəcə olaraq onları ələ salmaqdan başqa bir şey deyildir. Analoji sahədə düşmən dövlətlə müqayisə zamanı isə, utancverici bir mənzərə ürəkləri ağrıdır.
Ötən il Bakıda keçirilən “Eurovision”a gəlmiş avropalı turistlərin məxsusi olaraq qaçqınlara vermək üçün gətirdikləri köhnə maşınları qapazlamaq üçün hansı oyunlardan çıxmadılar ki…
Bu gün qaçqınlarla ötkəm tonda danışan “Qaçqınkom” sədri Əli Həsənov hesab edirsə ki, son 15 ildə özünün və yaxınlarının qazandığı ağlasığmaz sərvətin mənbəyini qaçqınlar bilmir, sadəcə özünü aldadır…
Mən sizinlə Akif Nağı və Səfər Bayramov müqayisəsini təsadüfən vermədim. Bayram Səfərov haradasa Əli Həsənovu xatırlatsa da, daha aqressiv və daha avantüristdir. Rejimin digər kolonnası isə, qarabağlı deputatlar və “üzdə olan yüksək hazırlıqlı” adamlardır. O qədər şən və qayğısızdırlar ki, onlar üçün işğal olunmuş torpaqlar, əsgər ölümləri, qaçqın problemi yoxdur. Bu haqda sual ver, sənə Qorbaçovdan başlayıb gitaraçı Rəmişlə davam edən bir rəvayət danışacaqlar.
Analoji vəziyyətdə Bayram Səfərov isə, qarabağlılar demişkən, “gözü yesə”, sizi basıb döyməyə qalxacaq.
Razılaşın ki, bu “balans”da Bayram Səfərov daha səmimi təsir bağışlayır.