Yaşamaq və azadlığa yalnız onun uğrunda döyüşməyə hazır olanlar layiqdirlər.
I.V.Höte
Bu şəkildə ənənəvi olaraq, orta əsrlər Avropasında kralın yerli nümayəndələri gedirdilər – zülmdən bezmiş, qorxu hissini itirmiş insanlar, əvvəlcə onun qəsrini oda verirdilər, sonra da tarlalarını yerlə-yeksan edirdilər. Kralın göndərdiyi qoşun isə, nəyin bahasına olur-olsun qiyamı yatırır, yenisini təyin edir, köhnəsini isə, qaçıb gizlənə bilmişdisə, özləri ilə geri gətirirdilər.
Bakı Dövlət Universitetinin tarix fakültəsində oxuduğum müddətdə mənə ən çətin gələn, anlamaqda zorluq çəkdiyim məhz orta əsrlər tarixi idi. Insanların kütləvi şəkildə öz doğma yurd-yuvasından didərgin salınması, onlara məxsus torpaqların zorla ələ keçirilməsi, qoyunların belə insanlardan üstün sayıldığı cəmiyyəti öyrənmək, etiraf edim ki, bir əzab idi. Hələ orta əsr krallarının yerlərdəki nümayəndələri üçün verdiyi imtiyazlarla tanış olduqda dəhşətə gəlməmək mümkün deyildi. Təsəvvür edin, yeni evlənən kəndli öz arvadını ilk gün kralın oradakı səlahiyyətli nümayəndəsinə güzəştə getməli idi. Bu biabırçı mərasim “bakirəlik hüququ” adlanırdı və hər kəs bu qanuna əməl etməli idi…
Hazırda mənim bu dövrlə aramda heç bir “problem” yaşanmır, belə ki, Əliyevlər rejimi Azərbaycanı XVI əsr Avropasına aparmağa müvəffəq olublar. Lordla məmurun, hersoqla icra başçısının, çəpərləmə ilə hasarlamanın yerini dəyişərək, hadisələrin canlı iştirakçısı da olmaq mümkündür…
Oxşarlıq çoxdur, beş əsr öncə Ingiltərədə də, zadəganlar kəndliləri qovaraq torpaqları çəpərləməyə başladılar. Azərbaycanda isə süni əngəllər nəticəsində torpağını becərə bilməyən kəndli, çarəsiz qalaraq, onu məmura sataraq, ya muzdlu işçiyə çevrildilər, ya da doğma torpaqları tərk etdilər.
Tarixin ironiyası ilə hər ikisi oktyabrda qəbul edilən 1549 (Ingiltərə) və… 2008 (Azərbaycan) torpaq qanunları da sanki bir-birinin təkrarıdır…
Azərbaycandakı istənilən rayonun icra başçısı təfəkkür baxımından XVI əsr Ingiltərə lordundan heç nə ilə fərqlənmir. Bunu sübut etmək üçün sadəcə internetdə “icra başçısı” sözünü yazıb, axtarış vermək kifayətdir. Ilk rast gəldiyiniz materiallar təxminən bu cür olacaq: “Icra başçısı mərkəzi bazarda yerli sahibkarlarla əlbəyaxa oldu”, “Yeni icra başçısı sahibkarlardan haqq tələb edir”, “icra başçısının qohumları rayonda at oynadır” və s. Adamda təəssürat yaranır ki, bunları icra başçısı yox, rayona qoçu göndəriblər.
Durğunluq dövründə raykom katibləri qarşılarına rayonun ən varlı adamı olmaq vəzifəsini qoyurdularsa, hazırda vəziyyət başqa cürdür. Hazırkı icra başçıları isə, “rayon bütövlükdə mənim olmalıdır”, deyirlər…
…Biz XVI əsr Ingiltərəsindən danışan zaman xalq üsyanları haqda danışmağı unutduq, nəzərinizə çatdırım ki, o zaman Ingiltərənin şimalında, Norfolk mahalında Robert Ketin başçılığı altında güclü üsyan başladı və narazı kəndlilər və kiçik torpaq sahibləri buraya toplaşdı.
… Quba hadisələri zamanı da oxşar vəziyyət yaşandı. Regionun şefi Ziya Məmmədov, “solmuş” icra başçısı Rauf Həbibovun yerinə rayon camaatından üzr istədi, Qubadan seçilmiş deputat Vahid Əhmədov isə, rayona səfərini belə xatırladı: “Martın 1-də mən, nəqliyyat naziri Ziya Məmmədov və Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev(!) faktiki ölümlə üzləşdik”.
Oxşar hadisələr bu il Ismayıllıda baş verdi. Ölkə rəhbərliyi əvvəlcə bütün güc strukturlarını rayona səfərbər etdi, narazı kütlə dağıdıldı…
Lakin icra başçısının orada qalması da təhlükəli idi, bunun fərqində olan Ilham Əliyev, inkişafa aid (!) növbəti konfransda məsələni özünəməxsus şəkildə həll etmək qərarına gəldi. Öz aləmində xalqa səslənən prezidentin çıxışından iki sitat gətirmək istəyirəm:
“Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.
Ikinci daha maraqlıdır:
“Bəzi hallarda özləri üçün böyük məclislər düzəldirlər. Təmtəraqlı toylar düzəldirlər, yubileylər düzəldirlər. Yaraşırmı bu dövlət məmuruna?”.
Sitatların “bir də bilsəm ki” və “bəzi hallarda” ilə başlamasına diqqəti çəkərək, yozumunu oxucunun ixtiyarına buraxıram.
Mənim versiyama görə, prezident bunları demək istəyib: “Hörmətli məmurlar, uşaqlara deyin maşını yavaş sürsünlər, pulunuza xaricdə mülk alın, elə edin ki, yanğın mən tərəfə keçməsin…”.