48 milyardla nəinki Qarabağı almaq olardı, hətta..
Ermənistan prezidenti Serj Sərkisyan ikinci dəfə namizədliyini irəli sürəndən sonra qanuna uyğun olaraq, varidatını da açıqladı. Əminəm ki, əli Xocalı körpəsinin qanına batmış cəlladın əmlak siyahısı çox ibrətamizdir və adi vətəndaşımızdan tutmuş, Əliyev rejiminin Zahid Oruc başda olmaqla ştatlı məddah ordusuna qədər hər kəs bundan özü üçün nəticə çıxarmalıdır.
Beləliklə, tanış olun və yaxşı-yaxşı fikirləşin: “Təqdim olunan bəyannamələrə görə, Sərkisyanın Xankəndidə evi və 96 kvadratmetr sahəsi olan tikilisi, 1992-ci ilin buraxılışı ”Mitsubişi Montero”(Kutaisi bazarında bu maşını 3 min dollara almaq olar – X.Ə.) markalı avtomobili var. Sərkisyan “ən qiymətli əmlak” qrafasında tanınmış rəssamların əsərləri, 18-20-ci əsrlərin kiçik heykəlləri olduğunu göstərib. Namizədin gəliri isə əməkhaqqından, “Araratbank”da yerləşdirdiyi istiqrazlardan aldığı faizdən ibarətdir. 2013-cü ilin yanvarın 16-na olan vəziyyətə görə, Sərkisyanın pul vəsaiti 108 milyon 400 min dram (cəmi 260 min dollar) təşkil edir”.
Təxmin etdiyiniz o müqayisəni aparmaq fikrindən çox-çox uzağam, sadəcə onu demək istəyirəm ki, bu var-dövlətlə Azərbaycanda geydirmə müğənnini də “yoldan çıxarmaq” qeyri-mümkündür.
Ayrıca bu müqayisə üçün məmur “gildiya”sının ən aşağı təbəqəsindən başlamaq lazımdır ki, burada da “mübahisə” yarana bilər. Çünki Bakının adi kənd bələdiyyəsinin sədri üçün belə bu, “semiçka pulu” sayılır.
Onun nə Dubayda, nə Karlovı-Varıda, nə Mayamidə, nə də Londonda villası var, amma qalibdir, başçılıq etdiyi ermənilər hər keçən gün işğal olunmuş Qarabağda möhkəmlənir.
Lazım gələrsə… Bu kəlməni salavata çevirən rejim 20 ildir ki, ölkəni çapıb-talayır. Ötən il Britaniya parlamentinə bağlı komissiya bəyan etdi ki, təkcə 1995-2005-ci illərdə Əliyevlər ölkədən nə az, nə çox, düz 48 milyard çıxarmağa nail olub. Ofşor banklarda saxlanılan bu məbləğ hakim zümrənin sahib olduğu sərvətlərin xaricindədir, yəni xaricdəki daşınmaz əmlak, qanuni banklarda olan məbləğin bu rəqəmə heç bir dəxli yoxdur.
Bir neçə ton kürü ilə AŞ PA deputatlarını ələ almağı bacarıb, saxta seçkilərə “okey” dedirdərək “yoluna davam edən” rejim, eyni addımı niyə Qarabağ üçün atmır?..
Ter-Petrosyan iqtidarında yüksək çinli məmur, hazırda QHT rəhbəri olan L.Darpinyan, illər öncə Rusiya mətbuatına verdiyi açıqlamada maraqlı bir fikir söyləmişdi. O deyirdi ki, “Azərbaycan neft müqavilələri bağlayan zaman biz Qarabağ kitabını bağlamağa hazırlaşırdıq, neftdən gələn milyardların kiçik bir hissəsinin bu istiqamətə yönəlməsi və ölkədə qurulacaq demokratik ab-hava ilə məsələ həll oluna bilərdi. Lakin bizim bəxtimizdən Azərbaycan iqtidarı buna getmədi”.
Yəni ortaya qoyulacaq demokratik quruluşda və neft milyardlarını vətəndaşının rifahına xərcləyən bir dövlətdə yaşamağı ermənilərin də istəyəcək olması erməni separatçılarını yuxularını qarışdırırmış…
Rejim burada erməni separatçılarının köməyinə gəldi. Belə ki, yaşayış minumumları Ermənistanla müqayisədə aşağı endirildi.
Bizim pulla ayda 400 manat alan Qarabağ ermənisi rejimin verəcəyi 250 manatla bu ölkədə yaşamağa razı olacaqmı? Nəzərə alsaq ki, onun ölkəsində adi uşaq qidası olan banan bizdən üç dəfə, digər ərzaq məhsulları isə təxminən iki dəfə ucuzdur, bundan söhbət gedə bilməz.
Müharibə də tamamilə istisnadır, çünki rejim əzdiyi xalqın əlinə silah verəcək qədər sadəlövh deyil.
Belə bir “çətin durumla” üzbəüz qalan rejim üçüncü yola, yəni “nə sülh, nə də müharibə!” variantına üstünlük verir, çünki əvvəlki iki variant birmənalı olaraq, Əliyevlər hakimiyyətinin sonu deməkdir. Bu sonu mümkün qədər əngəlləməyin yeganə yolu isə, repressiyadan keçir…
…Əliyevlərin apardığı siyasət nəticəsində son 20 ildə ölkə əhalisinin 30 faizi, təqiblərə və zor yaşam şərtlərinə davam gətirməyərək, ölkəni tərk etməyə məcbur olub. Təkcə Rusiya Federasiyası Miqrasiya Xidmətinin rəsmi saytı 2011-ci ildə bura pənah gətirən azərbaycanlıların sayının 500 mindən çox (!) olduğu haqda məlumat verdi. Müqayisə üçün qeyd edək ki, Stalin köçürmələri zamanı hər ailəyə 3 min manat birdəfəlik müavinət verirdilər ki, buna nəinki bir neçə ay yaşamaq, hətta sadə bir daxma da tikmək mümkün idi…