«In pace leones, in proelio cervi” – “dinc dövrün şirləri, müharibə zamanı ceyrana çevrilir» (Qədim latın aforizmi)
Ermənistanın ən iri xəbər portalı olan “Armenia Today” iki gün əvvəl “Heydər Əliyev Azərbaycanda müqəddəs varlıq elan edilə bilər” başlığı altında geniş araşdırma təqdim etdi. “Azadlıq” qəzetini çıxmaq şərti ilə ölkədəki istənilən KIV-də dərc oluna biləcək qədər, ironiya və siyasi sarkazmdan uzaq bir materialda, yolkənarı iri plakatlardan tutmuş, AMEA-nın Bakıxanov adına Tarix Insitutunda yaradılmış əliyevşünaslıq şöbəsinin fəaliyyətinə qədər məqamlar öz əksini tapa bilmişdi. Insitutun direktor müavini Cəbi Bəhramov isə, Heydər Əliyevin siyasi fəaliyyətindən başqa, iqtisadiyyat, mədəniyyət, tikinti və elmə aid fikirlərinin araşdırılacağını bildirir və əlavə edir: “Dünyanın heç bir siyasi lideri Heydər Əliyev qədər öz ölkəsinə xidmətlər göstərə bilməyib”… Məqsədim tarix elmləri doktoru Cəbi Bəhramovla polemikaya girmək, bu yazının niyə məhz erməni saytında Azərbaycan iqtidarı üçün həssas bir dövrdə getməsini qabartmaq, buna siyasi rəng qatmaq deyil. Nə qədər ki, alimlərimiz, ziyalılarımız dövlət büdcəsinindən aldıqları maaşı Ilham Əliyevin sədəqəsi kimi qəbul edəcəklər, bu cür iradlar mənasızdır. Fikirləşdim ki, keçmiş tələbə yoldaşlarım, müəllimlərim bu işə girişiblərsə, mən də onlara “köməyimi” əsirgəməməliyəm. Ola bilməz ki, nəsə onların yadından çıxmasın. Hətta fərqli bir şey də yaza bilərlər…
Bu gün Heydər Əliyevin siyasi fəaliyyətini araşdıran tarixçi alimlər nədənsə onun 1991-1993-cü ildəki fəaliyyətini araşdırmaqdan “çəkinirlər”. O dövrü əks etdirən televiziya kadrları, mətbuatda gedən yazılar, Heydər Əliyev və YAP-ın AXC hakimiyyətinə müxalif mövqeyi və taktikası, nəhayət, Naxçıvan rəhbərliyinin Ermənistan rəhbərləri ilə əsrarəngiz münasibətləri unudulub. Təxminən iki illik tarixdən qalan, Heydər Əliyevin Bakı aeroportunda qarşılanması kadrları və bir neçə insanın əlində tutduğu “Heydər baba, bizi bu zülmdən qurtar” cümləsi yazılmış plakatdır(!).
AXC hakimiyyətinə qarşı aqressiv müxalifətdə olan Heydər Əliyevin Əbülfəz Elçibəy və komandasına tənqidləri haqda isə, saray tarixçiləri susurlar, heç nə yazmırlar. Bunun başlıca səbəbi həmin iradların günümüzün reallıqları ilə müqayisədə çox gülünc görünməsidir. Daha aydın olsun deyə, nəqliyyat naziri Ziya Məmmədovun təxminən bir neçə ay bundan qabaq “Yeni Azərbaycan” qəzetinə verdiyi müsahibədən bir cümləni nəzərinizə çatdırıram: “O vaxt (AXC-nin hakimiyyət illərini nəzərdə tutur – X.Ə.) rüşvətxor məmurlar Bakının mərkəzində özlərinə villa tikirdilər”.
Yəni tarixçi dediyin kəs bu cür mövzulardan qaçır, gələcəkdə özünə və törəmələrinə problem yaratmaq istəmir. Adam bunu yazmaq üçün mütləq Ziya Məmmədovun da işə Günəşlidən gəlməsini iddia etməlidir ki, bunun da xəcalətini gələcəkdə heç nəvə-nəticəsi də çəkib qurtara bilməz.
Digər tərəfdən, xanımını tarix elmləri doktoru, ardından isə professor etməyə nail olan adlı-sanlı, pullu rektor-deputat, müqəddəs mövzuya şübhə ilə yanaşıb, Qarabağ tarixini seçdirirsə, maaşa baxan elmi işçi kimə nə sübut edəcək?
…Söhbət Qarabağdan, Heydər Əliyevdən, tarixdən düşmüşkən. Yəqin ki, yaşı imkan verən bütün vətəndaşlarımız bu şüarı yaxşı xatırlayar: “PENCƏYIMI ÇIYNIMƏ ATIB, XANKƏNDINƏ GEDƏRƏM!”. Hazırda “unudulmuş” və qadağan edilmiş(!) şüarı, Heydər Əliyev elə bir məqamda səsləndirmişdi ki, rəhmətlik Elçibəy onun hakimiyyətə gəlişinə mane olmaq üçün ən azı Yerevanı ələ keçirməli idi…
O vaxt dünya birliyi Elçibəyi müharibəni dayandırmağa, erməniləri isə işğal etdikləri torpaqlardan çəkilməyə çağırırdı. Azərbaycan hətta o zaman ermənilərə mədəni muxtariyyət verməkdə belə tərəddüd edirdi. Insanlar etiraz(!) edirdilər.
Heydər Əliyev bundan məharətlə istifadə etdi və dedi ki, “Qarabağı almağa gəlirəm, yolumdan çəkilin”. Çəkildilər.
…Bir neçə aydan sonra isə, o, işğal olunmuş 6 rayondan didərgin düşənlərin pişvazına çıxdı və əlində kiçik bağlama olan cəbrayıllı qocadan “niyə Vətəni qoyub qaçdın?” deyə soruşdu.
Müdrik qoca da söz altında qalmadı: “Sizi gözləyirdik, ermənilər gəldi, cənab prezident!”, – dedi.
Tarix budur e, Cəbi müəllim!