Şahid isə bir deyil, iki deyil, düz 9 milyondur
Hacı Məmmədovun mühakiməsində, cinayət iştirakçılarından birinin ifadəsindəki ən dəhşətli məqamlardan biri, heç şübhəsiz, qəbiristanlıq işçisinin öldürülməsinin etirafı idi. Belə məlum oldu ki, onun yalvarışları, azyaşlı uşaqlarının olması, əliqanlı dəstə üzvlərini yumşalda bilmişdi və onlar çəkinmədən şeflərinə, yəni Hacı Məmmədova bunu edə bilməyəcəklərini söyləyiblər. Lakin H.Məmmədov onları dinləyə-dinləyə, çox soyuqqanlılıqla, lap klassik qanqster filmlərində olduğu kimi məzarlıq işçisini özü güllələyib.
Məzarlıq işçisi arzuolunmaz şahid idi, günahı sadəcə növbəti qurbanın mollasız-filansız torpağa “tapşırılmasına” şahidlik etməsi idi.
Onun ölümünə görə kimsə pul almırdı, killerlər bunun fərqində də idilər ki, bu kasıb sadə insanın öldürülməsi allaha da ağır gedəcək. Lakin digər tərəfdən, podpolkovnik (!) Hacı Məmmədov onu öldürdü ki, gecələr sakit yata bilsin.
Bir təsadüf və “başlarından uca tullanmaları” nəticəsində yaxalanan podpolkovnik Hacı Məmmədov, məhkəmələrin birində özündə cəsarət taparaq, onun aysberqin yalnız görünən tərəfi olduğunu demişdi. Əlavə etmişdi ki, daha dəhşətli cinayətkarlar hələ faəliyyətdədir. Bu dəhşətli etiraf idi, illər keçdi və bu qorxunc tapmaca da “deşifrə” edildi…
Bu gün ABU-nun sabiq rektoru, hüquq elmləri doktoru, professor Elşad Abdullayevin Fransadan göndərdiyi videolara baxdıqca, podpolkovnik Hacı Məmmədovun illər öncə işarə etdiyi o dəhşətli fakt təsdiqini tapır. “Osminoq”lar bir-bir üzə çıxmağa başlayır…
Professor Elşad Abdullayevin ən böyük xidmətlərindən biri, günahsız şahidləri cinayətkarlardan qorumaq oldu. Yəni milyonlarla insanı avtomatik şahidə çevirdi və yüzlərlə, bəlkə də minlərlə insanın həyatını qurtardı.
Nəticə göz qabağındadır, artıq sadə şahidlərdən əl çəkən mafiya cinayətdə iştirak edənləri aradan götürür. Sevinc Babayevanın ölümü, professorun qardaşının oğurlanmasında adı hallananların “yoxa çıxmaları”, çoxsaylı insultlar, ifliclər dediklərimizə əyani sübutdur.
Başda Ramiz Mehdiyev olmaqla, adı keçən bütün vəzifəlilər öz postundadır. Bu nə deməkdir?
Bu ilk növbədə ETIRAFDIR, yəni “burdayam və əməllərimdən heç peşman deyiləm, tək də deyiləm, çoxsaylı osminoqlardan biriyəm. Digər osminoqları və onların əməllərini də məndən yaxşı bilən yoxdur, o səbəbdən məni kimsə mühakimə edə bilməz, biz gedəndə birlikdə gedəcəyik. Hələlik arxamızda dövlət durur. Dövlət deyəndə isə, ağlınıza başqa şey gəlməsin, dövlət elə biz özümüzük”.
Fikir verdinizsə, məlum dairənin adından nəzərinizə çatdırdığım hədə – monoloqda xalqın adını çəkmədim, “imkan vermədim ki”, virtual da olsa, kimsə onun ünvanına təhqiramiz nəsə söyləsin. Yeri gəlmişkən…
Bir həftə oncə AzTV ekranından YAP-ın vicdanı Mübariz Qurbanlının dilindən “G” hərfi ilə başlayan, “n” ilə qurtaran çox ədəbsiz söyüş eşitdik. Dəhşət burasındadır ki, həmin vaxt YAP-ın ən üzdə olan gənclərindən biri, “belə getsə” 2015-in deputatı, Tələbə Gənclər Ittifaqının sədri Şahin Ismayılov, qulağı ilə bu ədəbsiz söyüşü eşidir, dili ilə isə… Mübariz Qurbanlını tərifləyirdi.
Mən bu videoya təkrar-təkrar baxdım, söyüş anında bu növcəvanın sifətində heç bir qızartı-filan görmədim və inanın ki, dəhşətə gəldim. …Biz əbədi deyilik, nə vaxtsa həyatdan köçəcəyik, doğrudanmı övladlarımız bunlarla baş-başa qalacaq, onlardamı bu kiçik mübariz qurbanlılarla, hacı məmmədovlarla, ramiz mehdiyevlərlə, hadı rəcəblilərlə, ziyad səmədzadələrlə mübarizə aparmaq məcburiyyətində qalacaqlar. Bu məsum körpələrimizdəmi həbslərə, təqiblərə, təhqirlərə tuş gələcəklər, ekranlardan söyüş eşidəcəklər?
Bəli, bu qaçılmaz ola bilər, çünki rejimin dəyişməməsi durumunda onlar da istər-istəməz sadə, günahsız şahidlərə çevriləcəklər. Yeganə günahları isə, anadan olduqları Vətəndə yaşamaq və doğal haqlarını tələb etməkləri olacaq. Bizim kimi…
…Bugünkü sadə vətəndaşın, nazirin, deputatın, məmurun sabahın meyidinə, ən yaxşı halda dustağına çevrildiyi bir vadidə yaşayırıq. Məşhur türk serialından fərqli olaraq, burada xəyal məhsulu personajlar yoxdur. Hamısını hər gün görürük, çoxmərtəbəli villalarının, dəyəri milyonlarla ölçülən obyektlərinin yanından ötüb keçirik. Bir sözlə, şahidlik edirik. Bu passiv şahidliyin aktiv şahidliyə çevriləcəyi gün isə, diktaturanın sonu olacaq. Bu, tarixin qanunudur və əlahəzrət tarix bu qanuna “tabe olmayan” diktator tanımır. Sadəcə həmin günün dəqiq vaxtı bilinmir. Bu da tarixin qanunudur. Əks halda razılaşın ki, maraqsız olardı…