Zaman-zaman siyasi rejimlərin, cəmiyyətin analizindən bəhs edən əsərlərdə, yazılarda tibbi terminlərə də rast gəlmək olur. Bu təsadüfi deyil, axı cəmiyyət özü də bir orqanizmdir və onun da özünə məxsus xəstəlikləri var. Bundan başqa, tibbdə siyasi quruluşdan doğan xəstəliklər və tibbi anomaliyalar deyilən bir termin də mövcuddur ki, bu, tamamilə fərqli və siyasi sistemin xüsusiyyətlərindən irəli gəlir. Bu da həqiqətdir ki, normal, demokratik və ən əsası, ədalətli cəmiyyətlərdə təbabətin durumu da qənaətbəxş olur. Rejim eybəcərləşdikcə, təbabəti də, xəstəlikləri də qorxunc olmağa başlayır. Keçək mətləbə…
Hazırda Azərbaycandakı ictimai-siyasi durum dəyərləndirilərkən tez-tez işlənən tibbi terminlərin biri də insultdur. Insult nədir?
Insult – qan dövranının pozulmasıdır. Bu xəstəliyin iki əsas mərhələsi var – işemik və hemorrafik (səhv etmirəmsə, buna bəzən serebral deyirlər – X.Ə.).
Insult xəstəliklər arasında ən sürətlisidir, ən ağır formasında ölüm 24 saata qədər gələ bilər.
Siyasi insultun ömrü isə bir qədər uzundur. Azərbaycanda rejimin insultla müqayisəsi 2011-ci ildən, bəli, düz tapdınız, ərəb baharları başlayan vaxtdan başlanılıb. Yadınızdadırsa, o zaman qorxuya düşən Əliyev rejimi, “korrupsiyaya və rüşvətə qarşı müharibə”yə start verdi. “Kampaniya” təxminən bir həftə davam etdi və təcili dayandırıldı. Bu, hakimiyyəti qoruyub saxlamaq üçün yeganə çıxış yolu idi. Məlum oldu rejim buna hazır deyil. Səbəb isə sadə idi, iri məmurların özlərindən başlamaq(!) ağıllarına belə gəlmirdi. On minlərlə məmur, adət etmədiyi şərtlərlə yaşamaq istəmirdi, əsəbi şəkildə xalqı itaətsizliyə dəvət edirdilər, sanki onları insult vurmuşdu. Heç bir həftə keçməmiş rüşvətə davam komandası verildi və hər şey öz “məcrasına düşdü”.
Rejimin iri ranqlı məmurları yenidAən çoxminlik məmur ordusu ilə ittifaq bağladı və “ya xalqa verən allah, ya da bizə” prinsipi ilə yaşamağa başladı. Beləliklə, yazımızın xarakterinə uyğun olaraq, belə bir mülahizə irəli sürə bilərik ki, rejim müvəqqəti də olsa, insultun “gəlişini” əngəlləyə bildi…
Lakin insultu başqa xəstəliklərdən fərqləndirən bir cəhət var – nə qədər müalicə edirsən et, əl çəkmir ki, əl çəkmir. Yəni atalarımız demişkən, “su gələn arxa bir də gələr” misalında olduğu kimi gəlir. Artıq gəlib də!..
Özü də hədəf dəyişdirib rejimin yuxarı eşelonuna girişib….
Sön vaxtlar rejimin ən yüksək ranqlı məmurlarının açıqlamalarındakı reallığa uyğun gəlməyən anormallığı yəqin siz də hiss etmisiniz – dəxli olmayan söhbətlər, qəhqəhəyə səbəb olan ifadələr baş alıb gedir. Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun son açıqlamalarını diqqətinizə çatdırıram:
“Hulusi Kılıç (Türkiyənin Bakıdaki keçmiş səfiri – X.Ə.) mənə dedi ki, sizin cəmiyyətdə tələblər o qədər yüksəlib, sürəti azaltmaq lazımdır… Bakının yollarına baxaq, nə qədər böyük işlər görülür?!”.
Bu şəxs müsahibənin sonuna qədər, aid olduğu sahədən çox, nəqliyyat nazirinin sözçüsü kimi çıxış edir.
Son bir neçə ayda rəsmi şəxslərin bu tip açıqlamaları kifayət qədərdir. Səbəb nədir görəsən? Çətin sualdır, deyilmi?..
Seçdiyimiz tibbi-siyasi paralellərdə bunun izahı açıq-aşkar verilib – buna insultun ilkin əlamətləri deyirlər. Yəni, öncə reallıq hissi itməyə başlayır…
Başqa bir parlaq misal isə, rejimin hakimlər qurumundan gəldi. 40 illik fəaliyyəti dövründə ilk dəfə həqiqəti söyləyən(!) həmkarları Hacı Ağababa Babayev haqqında “ölçü” götürməyə qalxıblar. Nə edib Hacı? Hakimlərin “müqəddəs sirrini” açıb, özü də daxil olmaqla həmkarlarının da sifarişlə işləmək zorunda qaldıqlarını etiraf edib. Hacının söylədiyi o dəhşətlər qalıb qıraqda, başlayıblar dünənə qədər ağsaqqal dedikləri adamı dar ağacına çəkməyə.
Yeri gəlmişkən, həmkarlarından fərqli olaraq, Ağababa Babayev artıq insult keçirib. Özü də bunu həqiqəti söyləyəndən sonra keçirməklə, Hacı həmdə insultu araşdıran alimləri çətin vəziyyətə salıb…
Tibb aləmində insult həm də siyasi xəstəlik növü sayılır. Dünyadakı hər 5 dövlət başçısından birinin insult keçirdiyini nəzərə alsaq, diktatorlarda bu göstəricinin daha dəhşətli olmasını özünüz təsəvvür edin. Insultun rüşvətə “allergiyasını” nəzərə alsaq, onu diktaturalara qarşı ilahi qüvvələrin göndərdiyi xəstəlik də saymaq olar.
Biz bunu artıq rejim rəsmilərinin qeyri-adi davranışlarında, yapdığı anormal açıqlamalarda görürük. Hələ çox görəcəyik…