…Təxminən altı ay əvvəl “Tanrının Azərbaycandakı hədəfləri” adlı köşə yazımda bəndələrinin bu qədər əzilməsi ilə barışa bilməyən uca Tanrının “hərəkətə keçməsindən” bəhs etmişdim. Yazının sonuncu iki cümləsi belə idi: “Çox yaxında Fuad Muradovun neçə yaşında(?) və necə deputat seçilməsi, parlament haqda həqiqətləri ya onlar özləri ”açacaq”, ya da bunu M.Pənahov edəcək. Çünki hiss olunur ki, hər şeyə qadir Tanrının növbəti hədəfi Milli Məclisdir”.
Müəyyən xətalar olsa da, mənim bu “Zirəddinsayaq”(!) proqnozum özünü doğrultdu. M.Pənahov hələlik “danışmasa da”, səhnəyə Elşad Abdullayev çıxdı və bu ölkədə vətəndaşın səsvermə hüququnun alğı-satqı predmeti olduğu əyani şəkildə, yəni görüntülü təsdiqini tapdı.
Elşad Abdullayevi gözəgörünməz bir “əl” Milli Məclisdən kənara atdı, yəni burada onu siyahıdan silən ağsaqqalın heç bir “günahı” yox idi…
Daha aydın olsun deyə oxuculara 1986-cı ildə Meksikada (daha bir mistika… – X.Ə.) keçirilən dünya çempionatında əfsanəvi Maradonanın Ingiltərə yığmasının qapısına vurduğu qoldan sonrakı açıqlamasını xatırlatmaq istəyirəm. Maradona oyundan sonra yalnız, “bu, tanrının əli idi, mən heç nə xatırlamıram” deyə bildi… Keçək mətləbə, yəni “alma-armud” məsələsinə. Burada “Elşad Abdullayevin Milli Məclisdən niyə kənarda qaldı” sualına da cavab tapmaq olar. Əlbəttə, qismən…
“Alma desəm çıxarsan, armud desəm yox!”… Yəqin ki, xatırladınız, bəli, söhbət uşaqlıq illərimizin ən sevimli oyunlarından olan “gizlənqaç” oyunundan gedir. Bu oyunu oynadığım zamanları, demək olar, xatırlamıram, elə düşünürəm ki, siz də xatırlamazsınız, çünki bu oyun yalnız 4-6 yaşlı uşaqlar üçün cəlbedici olur və ardınca daha intelektual oyunlar gəlir. O oyundan yaddaşımızda qalan “armud-alma” oldu ki, çox nadir hallarda bunu müəyyən hadisələrdə, dialoqlarda işlədirik…
Lakin bu yaxınlarda mənə məlum oldu ki, ölkəmizdə gizlənqaç oynayan təkcə uşaqlar deyilmiş…
…Təxminən on il əvvəl, Milli Məclisin o vaxtkı spikeri, mərhum Murtuz Ələsgərov deputatlara acıqlanaraq, “yığışdırın bu ”alma-armud” söhbətini!” demişdi. Özü də bu fraqment ya bilərəkdən, ya da səhvən televiziyada da getdi. Amma söhbətin nədən getdiyi qaranlıq qaldı. Etiraf edim ki, mən də başqaları kimi, bu replikanın payız olduğu üçün hansısa meyvə-tərəvəz müzakirəsi zamanı mövzu ilə əlaqədar olduğunu zənn etmişdim. Bu yaxınlarda isə, “hadisə” zamanı orada deputat kimi oturmuş, hazırda sabiq olan bir tanışım Murtuz müəllimin o məhşur replikasına aydınlıq gətirdi. Məlum oldu ki, deputatlar zalda quraşdırılmış “lehinə” və “əleyhinə” düymələrini qarışdırırmışlar, bu səbəbdən də onlar üçün xüsusi olaraq həmin düymələrin yanına alma və armud işarələri yerləşdirilibmiş(!). Lakin bu onları xilas etmir, çünki bir çoxları səsvermə zamanı qərar layihəsindən xəbərsiz olduqları üçün, hansı düyməyə basmaqda problem yaşayırmışlar. Səhv etməmək üçün həmişə nisbətən məlumatlı həmkarlarına, eşidiləcək tərzdə, “alma, yoxsa armud” sualı ilə müraciət edirlərmiş. Müsahibim hətta deputatlardan birinin hansısa məsələnin müzakirəsi zamanı, qeyri-ixtiyari olaraq, “Murtuz müəllim, fikrimcə, bu məsələ armuda daha çox bənzəyir” deməsindən sonra… spikerin fasilə elan etdiyini də vurğuladı və əlavə etdi ki, pərt olmuş deputat artıq haqq dünyasındadır…
Nəzərə alsaq ki, son 18 ildə parlamentin tərkibi olduğu kimi qalır və hələ də “alma desəm çıxarsan, armud desəm…” oyunu gedir, adamın tükləri biz-biz durur.
Təsəvvür edə bilərsinizmi, Elşad Abdullayev bu parlamentdə 2005-2010-cu illərdə oturub, sonra mühacirət etsəydi nələr olardı…
Məncə, rejim bunun baş verməməsi üçün Tanrıya minnətdar olmalıdır və bundan düzgün nəticə çıxarmalıdır. Tanrı öz bəndəsi üçün qapılarını son anadək açıq saxlasa da, bəndələri o son anı hiss etməkdə “çətinlik” çəkirlər və nəticədə “ah çəkmək” üçün belə vaxt qalmır. Son iki ildə biz dəfələrlə bunun şahidi olduq…