Professor Elşad Abdullayevin gündərdiyi birinci, yəni “Gülərgeyt” videosuna rejim rəsmilərinin və YAP-çı deputatların qadağaya qədərki(!) açıqlamaları bu ifadə ilə başlayırdı – “hamı gördü ki…”.
Xatırlayırsınızsa, ilk belə açıqlama PA sözçüsü Əli Həsənovdan gəldi. Ardından YAP rəsmiləri, mühəndis-politoloqlar da bu fikri inkişaf etdirərək bu biabırçılığı az qala rejimin qələbəsi kimi qələmə verməyə çalışdılar. Hətta bu cür vəziyyətlərdə “ağrımayan başına dəsmal bağlamayan” Mirşahin Ağayev belə, ANS-də “Yasamallı qız” adlı süjetində mandat alverində bir milyondan bir qəpik də aşağı enməyən Gülər Əhmədovadan “panfilovçu qadın” obrazı yaratdı. Ertəsi gün isə, artıq “poxmel” dən ayılaraq müxalifətə saldırmaqla, özünü “reabilitasiya” etməyə çalışırdı.
Professorun göndərdiyi 3-cü videodan sonra sanki qurbağa gölünə daş atdılar. “Hamı gördü ki” ifadəsi bu dəfə keçmədi, çünki bunun ardınca “biz oğurladığımız adamın qiymətini bilirik” ifadəsini işlətmək lazım gəlirdi. “Standart” belə tələb edirdi. Odur ki, hamıya susmaq əmri verildi və beləliklə, Mirşahinə də “Bakılı balası” süjetini çəkmək qismət olmadı…
…Ötən yazımda Ilham Əliyev başda olmaqla, videoda adı keçən rəsmilərin susmasının mənə məşhur bir filmi xatırlatdığını demişdim.
…Yadınızdadırsa, bir neçə il öncə “Wikileaks” saytında amerikan diplomatları məxfi yazışmalarında Əliyevləri məşhur Amerika filmi “Xaç atası”ndakı Karleone ailəsinə bənzətdilər. Diplomatlar inanılmaz bir soyuqqanlıqla qeyd edirdilər ki, Ilham Əliyev (geniş mənada isə rejim – X.Ə.) zahirən filmdəki rasional Maykl, daxilən isə çılğın və amansız Sanni təsiri bağışlayır.
Biz professorun göndərdiyi videolara verilən reaksiyalarda buna bir daha əmin olduq. “Gülərgeyt”i xatırlayın, emosional bəyanatlardan sonra dərhal parlamentdə sərbəst toplaşmaya kəsilən cərimələr 500 dəfə qaldırıldı, hazırda isə “məcburi üzvlüyə cəlbetmə və üzvlükdə məcburi saxlamağa görə yüksək cərimə cəzalarının və hətta iki ilə qədər həbs cəzasının nəzərdə tutulması”nın “Siyasi partiyalar haqqında” qanuna əlavəsi gündəmdədir. Çox güman ki, vaxt tapsalar (!) bu əlavəni qəbul edəcəklər. Diplomatlar “çılğın Sanni” dedikdə, məhz rejimin bu tip addımlarını nəzərdə tuturdular…
E.Abdullayevin sonuncu videosundan sonra isə biz “rasional Maykl”la qarşı-qarşıyayıq. Hər şey ssenari üzrə gedir. Daha aydın olsun deyə, filmdən məşhur epizodu yada salmaq istəyirəm. Sanni və Mayklın atası, deməli, daxilən çılğın, eyni zamanda zahirən çox sakit olan Vito Karleonenin ABŞ-ın məşhur mafioz ailələri ilə bir araya gəlməsi səhnəsi yəqin ki, yadınızdadır. Orada kiçik maraqlar yox, bütövlükdə ABŞ-ın gələcəyi(!) müzakirə olunurdu. Masa arxasında əsl kimlikləri ilə oturan bu mafioz-qanqsterlərin əksəriyyəti əslində cəmiyyətin siyasi xadim, hörmətli vəkil, senator və ən nəhayət, uğurlu iş adamı kimi tanıdıqları şəxslər (!) idi. Onlar ölkənin ən toxunulmaz adamlarıydı.
Onlar burada siyasi və iqtisadi nüfuz dairələrinin “ədalətlə” öz aralarında bölüşdürməklə yanaşı, qruplar arasında yaranmış konfliktləri də yoluna qoymağa çalışırlar. Vito Karleone də daxil olmaqla, masadakı bütün cinayətkar klan başçıları bir-biri ilə amansız rəqabət aparırdılar. Eyni zamanda onlar bir-birindən asılı vəziyyətdə idilər. Səbəb sadə idi, onların hamısı cinayətkar idi, məhz bu səbəbdən biri o birinə güzəştə getməyi bacarırdı. Bu qanqsterlər uzun-uzadı danışmırdılar, qısa kəlmələr və jestlərdən kimin nə demək istədiyi anlaşılırdı. Bir araya gəlmədikləri dövrdə törədilən saysız-hesabsız qətllərdən yalnız ikisinin(!) müzakirəsi isə onların bir-birinin aldıqları nəfəsi də hiss etdiklərinə bariz nümunə idi.
Əgər onlardan biri “ağzını açsaydı”, yəqin ki, əvvəl öz ölümünə, sonra da mafiyanın məhvinə fərman vermiş olardı. Bu mümkün deyildi….
Professorun 3-cü videosuna rejimin münasibəti ölkənin hansı qanunlarla idarə olunduğunu ortaya qoydu. Bunu gözəl anlayan rejimi biz hazırda başqa ampluada görürük…
ardı var